"Rəsulzadə ilk olaraq dövlətçi idi" - Seminar

7-04-2017, 16:16
Oxunub: 11806
"Biz məhz Milli Fikir Mərkəzi olaraq onların varisləriyik"


Bu gün Milli Fikir Mərkəzinin ofisində "MFM"lə öyrən layihəsi çərçivəsində ilk seminar baş tutub. "Rəsulzadə və Etatizm" mövzusunda keçirilən seminarın məruzəçisi Şəhriyar Məcidzadə olub.

Etatist.com xəbər verir ki, seminara giriş sözü ilə Etatizm Akademiyasının direktoru Elvin Əliyev açıb. O, bildirib ki, bundan sonra hər həftə "MFM"lə öyrən layihəsi çərçivəsində müxtəlif mövzularda müzakirə və seminarlar keçiriləcək:

"Seminarlarda, müzakirələrdə iştirak etmək üçün paylaşılan qeydiyyat linki vasitəsi ilə qeydiyyatdan keçmək lazımdır. Bundan sonra sizə seçildiyinizlə bağlı mesaj göndəriləcək".

Daha sonra söz MFM sədri Şəhriyar Məcidzadəyə verilib. O, ilk öncə etatizm haqqında qısa məlumat verib:

"Öncəliklə etatizmin nə demək olduğuna aydınlıq gətirməyi lazımlı bilirəm. Etatizm - dövlətçilik deməkdir. Ancaq biz etatizmi klassik tərifindən fərqli olaraq mütləq dövlət anlayışını, yeni anlayışla qanunların mütləq olması tərifi ilə əvəzləmişik. İndiyə qədər dövlət hər zaman vasitə olub. Bugünkü etatizm anlayışı isə dövlətin həm də təmələ çevrilməsidir.

Rəsulzadə məqalələrində deyir: Əgər gələcək nəsil mövcud nəsildən üstün olmayacaqsa, o toplumun istiqlalı təhlükə altındadır. Biz də ideoloji əsaslarımızı qurarkən, bunu göz önündə tutmuşuq. Azərbaycan hər zaman istismara məruz qalan ölkə olub. Biz bolşeviklərlə bolşevik, iranpərəstlərlə iranpərəs, ərəblə ərəb kimi olmuşuq, amma özümüz kimi olmamışıq.

Fərdin istiqlalı olmur. Fərdin azadlığını isə yalnız dövlət təmin edə bilər.

Biz ölkəmizin adını Azərbaycan qoyan aydınların varisləri kimi bu toplumun qarşısına çıxmışıq. Biz məhz Milli Fikir Mərkəzi olaraq onların varisləriyik. Ona görə varisləriyik ki, onların da heç kimi olmayıb.

"Rəsulzadə ilk olaraq dövlətçi idi" - Seminar

Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti 36 tirajla çıxırdı. Bu ölkədə cəmi 36 nəfər xalqının taleyi ilə maraqlanırdı. 


Liberallar deyir ki, Rəsulzadə liberal idi, ümmətçilər deyir ki, Rəsulzadə dindar idi, millətçilər isə deyir ki, o, millətçi idi. Rəsulzadə bir millətin digər millətlər üzərində hakimiyyətini istəyirdi? O zaman İstiqlal Bəyannaməsində bu göstərilməli idi. Doğrudur, Rəsulzadənin məqalələrində türklük amili özünü ehtiva edirdi. Ancaq Avropanın irqçilik elementlərini təqlid şəklində mənimsəyib, sonra "bunu Rəsulzadə deyib" demək, ən azından onun xatirəsinə hörmətsizlikdir.

Rəsulzadənin birinci ideyası dövlət qurmaq olub. Həmin dövrdəki mütəfəkkirlərin hamısının ilk ideyaları dövlətçilik olub. Rəsulzadə deyirdi ki, "biz xanlıqlar zamanında öz hakimiyyətimizi itirmişik və bu vəziyyətdən bizi yalnız milli birlik və vəhdət xilas edə bilər".

Rəsulzadə ilk olaraq dövlətçi idi və ömrünün axırına kimi bu ideyaya sadiq qalıb".

* * *

"Biz haqlı idik. Azərbaycan xalqı mahiyyətində heç bir zaman irqçi, sinifçi olmayıb, düşmənçilik ənənəsi ilə yaşamayıb. Amma bu müsbət keyfiyyətlərimizi təqdim edə bilmədiyimizə görə həmişə məğlub olmuşuq".

* * *

"Rəsulzadə ilk olaraq dövlətçi idi" - Seminar

"Rəsulzadə cumhuriyyətçi idi. Etatizm cumhuriyyətçilikdən tərəfdir.


Biz niyə dövlətçiyik, etatistik? Çünki hər ideya yalnız dövlətdə var ola bilər. Yalnız dövlət mülkiyyət toxunulmazlığı, fərdi azadlıq verə bilər.
Daha sonra Müsavatın yaranmasına toxunan mərkəz sədri bildirib ki, "Üç gənc oturur və bir təşkilat yaradır. Müsavat Partiyasının təməli bununla başlayır. Bu üç gənc istəyirdi ki, xalq inkişaf etsin. Bu gənclərin təşkilatçısı Rəsulzadə idi. Düzdür, bu təşkilat ilk olaraq din üzərində qurulmuşdu. Sonradan görürlər ki, bu doğru deyil, dərhal təşkilatı yeniləyirlər. Yəni nə zərərlidirsə, onu götürmək lazımdır, inad etmək lazım deyil.

Nitsşenin təbirincə desək, səni zəif edən hər şeydən imtina etməlisən. Ona görə biz tezisimizi nəsillərarası savaşdan başlayırıq. Biz yeni dövrün başlanğıcını qoymuşuq, təqlid etmədən..."

* * *

"Rəsulzadə ilk olaraq dövlətçi idi" - Seminar

"Mən Rəsulzadəni məktəb təhsil aldığım vaxtlarımdan oxuyurdum. Oxuyurdum və hətta tənqid edirdim. Çünki biz tarixi şəxsiyyətlərimizin səhvlərini görüb, onları bir daha etməmək üçün nəticə çıxarmalıyıq. Amma həmdə onlara sahiblənməliyik.


Biz yaşayan, real ideyalarla fəaliyyət göstərən bir nəsil olmalıyıq. Amma bunun üçün bizim ilk olaraq öyrənməyə ehtiyacımız var. Birlik zərurətdir. Yalnız başına həyata keçirilə bilinməyən həqiqət birliyi zərurət edir.

Rəsulzadə zamanında deyirdi: "Bizi həm sağ ittiham edir, həm sol". Bizi də bugün eyni qaydada həm sağ da, sol da ittiham edir. Çünki, Rəsulzadənin birləşdirici ideyalarının davamçıları etatizm ideologiyası ilə Milli Fikir Mərkəzidir. 

Düşünün ki, bu ölkədə gördüyümüz ənənələrdən daha fərqli bir insan ortaya çıxır. Bax o zaman bizim toplum olaraq, ölkə olaraq qalib gəlməməyimiz üçün bir səbəb qalmayacaq. Mütərəqqi bir xalq, mütərəqqi bir dövlət olacağıq".

* * *

"Rəsulzadə bacardığı qədər bir irs yaratdı. Ölkə qurdu, onu verdi bizə. Biz də bilmədik nə edək. Torpağı ona verdik, ondan aldıq buna verdik, özümüz özümüzü güllələdik.

İndi bir nəsil var. Biz deyirik ki, bu nəslin hər sahəyə öz baxışı olmalıdır. Biz birliyin zərurəti ilə yola çıxıb, istəklərimizi həyata keçirməyə başlayacağıq. Bu gün Rəsulzadəni liberal adlandırmaq, irqçi düzəltmək, sosialist adlandırmaq, bolşevik etmək olmayacaq. Rəsulzadə bütün həyatı boyunca Azərbaycan dövlətinə xidmət etdi. Biz də müstəqil Azərbaycanın formalaşmasında xidmət göstərən 63 ziyalının varisləriyik. Biz birləşməliyik, birləşməyin dəyərini bilməliyik. Çünki biz hamımız bir olanda Azərbaycan olacağıq!"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti