"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

6-04-2017, 16:15
Oxunub: 1050
"Biz 200 abunəmiz olanda necə idiksə, indi də eləyik"


Etatist.com olaraq hər zaman yaradıcı gənclərə dəstək olmağa çalışmışıq. Elə saytımızın yaradılma məqsədi də budur. Bundan sonra da Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsi ilə yaradıcı gənclərə dəstəyimiz davam edəcək.

LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Sosial mediyanın inkişafı ilə bərabər, sosial mediyaya aid olan əlavə sahələr də yaranmağa başlayıb. Youtuber-lik bu sahələrdən biridir. Youtuber-liyin inkişafına bir çox youtube kanalları dəstək olsa da, onlardan biri tələbələrimiz arasında kifayət qədər tanınan "HipofizTV"dir. Sizləri "HipofizTV"ni yaradan istedadlı gəncləri ilə tanış etmək istədik.  

Layihəmiz çərçivəsində növbəti müsahiblərimiz gənc youtuber-lər Abdulla Hacızadə, Murad Ruslanzadə və Elməddin Mehrəliyevdir.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Necə oldu ki, video çəkməyə başladınız? Bir-birinizi necə tapdınız? Bunlar barədə bir az məlumat verərdiniz.

- Elməddin Mehrəliyev: Deməli, ilkin olaraq fikrimiz bu deyildi ki, belə bir şey yaradaq. Biz əslində, türk youtuber-lərə baxıb fikirləşmişdik ki, Azərbaycanda da youtuber-lik inkişaf eləsin. Niyə də bunu biz etməyək? Biz başladıq və qərara aldıq ki, tələbə evləri ilə bağlı bir iş görək, yəni tələbələrlə bağlı. Çünki özümüz də tələbə idik. Dedim ki, bunu kim edə bilər? Yəni, bizim ətrafda belə bir kimsə varmı? Bəzi uşaqları tanıyırdıq. Uşaqlarda bu potensialın olduğunu bilərək onlara müraciət etdim. Bir yerə yığışdıq, oturduq. Fikirlər müxtəlif oldu. Təxminən bir ay nə edəcəyimizi müzakirə elədik. Artıq o “tələbə evi” layihəsindən bir müddət yayındıq. Başqa-başqa mövzular fikirləşdik. Məsələn, mən məlumatlar araşdırırdım və bu haqda video çəkmək qərarına gəldim. Abdulla söylədi ki, mən müsahibələr alaram, yəni potensialım var. Murad dedi ki, mən toplamalar hazırlayaram. Düşündük ki, bunun üçün bizə nə lazımdır? Mikrofonomuz yox, kameramız yox. Daha sonra bir çox tanışımızın köməyi ilə lazım olan ləvazimatları tapdıq. Youtube-da videolar yerləşdirməyə başladıq. Bunlar da insanların marağına səbəb oldu. Bizə də motivasiya oldu, daha da yeni videolar çəkməyə başladıq. Hal-hazırda “Hipofiz tv”-nin 8500-dən çox abunəsi var, 600.000-dən çox izləməsi var.

- Bəs siz bu fəaliyyəti göstərərkən universitetinizdən hər hansısa bir reaksiya aldınızmı?

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Elməddin Mehrəliyev: Müsbət reaksiyalar aldıq. Məsələn, bir çoxundan Abdulla müsahibə alırdı. Biz universitetdə daim bir yerdə olurduq. Hamı bilirdi ki, “Hipofiz”dənik. Bizi tanıyırlar. Bizim kameramanımız, montajçımız da var. Onlar da tanınırlar. Sadəcə olaraq, əsas öndə olanlar bizik.

-Bəs elə olubmu ki, çəkdiyiniz videolardan, zarafatlarınızdan, insanlarla keçirdiyiniz sorğulardan sizə tənqidlər gəlib?

- Abdulla Hacızadə: Tənqid olub. Əslində, tənqidlərin də olmağı normaldır. Yəni, hər bir youtuber tənqidlərə hazır olmalıdır. Çünki yaşadığımız cəmiyyətin necə olduğunu bilirik. Bir növ tənqid etməyi xoşlayırlar. Əsas odur ki, təhqir olmasın. Hər bir tənqidə qarşı reaksiyalarımız müsbət olur. Biz elə fikirləşrik ki, bizi tənqid edənlər 10 nəfərdirsə, onun 9-u bizi sevib tənqid edir ki, yəni, bu işin üzərində daha da yaxşı, daha da keyfiyyətli işləmək olar. Ona görə də bizə edilən tənqidlərə heç bir sərt reaksiya verməmişik. Yenə nə qədər tənqid gəlsə, heç birinə sərt reaksiya olmayacaq. Ola bilər ki, bir videomuz daimi izləyicimiz tərəfindən tənqidə tuş gəlsin. O zaman da biz çalışacağıq ki, o videonun 2-ci versiyasını çəkib təqdim edək. Bu da bir növ izləyicilərimizin fikrini nəzərə almaq deməkdir. O ki qaldı bayaqkı universitet məsələsinə, bir şeyi də vurğulayım ki, kanalımızın böyüməsində rolu olan ən böyük dəstəkçilərimizdən biri də bizim universtetimiz oldu. Bizim universtetdə 10.000-dən çox tələbə oxuyur. Biz youtuber-liyə başlayanda da fikirləşmişdik ki, bizim arxamızda İqtisad Universiteti var və bizə dəstək olan insanlar olacaq. Bizə dəstək çıxan tanıdığımız və tanımadığımız insanlara minnətdarıq. Həmçinin, universitetdə təzələrdən olsaq da, bizdən böyük kurslar bizə dayaq oldular. Hətta universitet rəhbərliyindən də təşəkkür almışıq.

- Bəs universtet rəhbərliyindən tənqidlər almısınızmı? Onlar sizin etdiyiniz şeylərə qarşı çıxıblarmı?

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Abdulla Hacızadə: Xeyr, əksinə, bizə daha da dəstək olublar. Əslində, yeni-yeni başlayanda tələbələr tərəfindən müsbət reaksiyalar gəlirdi. Amma biz bu ildən etibarən daha çox canlanmışıq. Yanvar ayında 2017-ci ilə 2017 abunə ilə girsək də, 3 ay ərzində bu rəqəm 8500-ə qalxıb. Bu da bizə verilən qiymətin nəticəsidir.

- Ümumiyyətlə sizin çəkdiyiniz videolardan hansı cəmiyyətə daha çox maraq doğurub ki, məsələn, o video ictimaiyyətdə həqiqətən də, müzakirə olundu? Bu bir ildə ictimaiyyətdə toxunduğunuz hansı mövzunun daha çox reaksiya aldığını düşünürsünüz?

- Murad Ruslanzadə: Belə ki, facebook səhifəmizə də, bizim özümüzə də çox yazırlar. Bir çox izləyici bizə yazır, bəzisi yolda görəndə salamlaşır. Onlarla bacardığım qədər ünsiyyət qurmağa çalışıram. Çünki mənə maraqlıdır ki, hansı videonu daha çox xoşlayıblar. Ən birinci yaş həddinə diqqət yetirirəm. Daha sonra isə hansı videonun təsir etdiyinə nəzər yetirirəm. Müxtəlif tipli videolar olduğuna görə soruşuram. Universitet daxilində daha çox sorğuları xoşlayırlar. Hətta bizim facebook səhifəmizə öz təkliflərini də yazan olur. Sadəcə biz bir az yeni tipli videolar, yəni əyləncəli videolar çəkdikdən sonra gördülər ki, sorğudan başqa videolarımız da var. Qeyd edim ki, belə videolar youtube-da demək olar ki, yox idi.

- Məsələn, hansı video ictimaiyyət üçün maraqlı olub?

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Murad Ruslanzadə: Bir sorğumuz var: “Tələbələrin nəyə ehtiyacı var?”. Tələbələr üçün çox maraqlı idi. Həmin videonun izlənməsi digər videolara görə az olsa belə, əksəriyyətini tələbələr təşkil edir. Və hamıya da həmin suallar maraqlıdır. Müxtəlif cavab verənlər olur. Məsəl üçün təhsil deyənlər olur, istirahət deyənlər olur, müxtəlif fikirlər olur. İnsanlar asudə vaxtlarını bu cür keçirmək istəyir. Bir də ki, ən çox biz tələbə evlərinə basqın etmişik. Demək, fikrimiz belə idi ki, tələbələr evdə tək necə yaşayırlar? Onların şəraiti necədir? Biz həmin tələbələrin biri ilə əlaqə saxlayırdıq. Məsələn, bir evdə beş nəfər kirayə qalır, rayondan gəlib. Biri ilə əlaqə saxlayırıq, digərləri bundan xəbərsizdir. Beş nəfərdir, birinin xəbəri var, dördünün xəbəri yoxdur. Giririk evə, nə var onu çəkirik. Və evin vəziyyəti ilə əlaqədar gənclərlə danışırıq. Bu tip videoların çəkilməsi də gənclər üçün maraqlıdır. Gənclərin demək olar ki, əksəriyyətini tələbələr təşkil edir. Təklif edirlər ki, böyük bir marketdə bir gün keçirdin. Sözsüz, orada əyləncə olacaq. Gənclər adrenalin istəyirlər, sadəcə üzə çıxara bilmirlər.

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Fikir vermisinizsə, son zamanlarda Azərbaycanda çəkilən bir çox filmlər yumorun, əyləncənin üzərindədir.  Bilirəm, sizin özünüz də əyləncə tematikasında videolar çəkirsiniz. Sadəcə mənim toxunmaq istədiyim mövzu odur ki, biz bütün dərdlərimizi yumora, əyləncəyə çevirib öz-özümüzə gülmüşük. Sualım belədir: Bəlkə bizim millətə öz acılarına, problemlərinə gülmək əvəzinə, həyatın tragediyasını lağa salmadan yaşamaq lazımdır?

- Abdulla Hacızadə: Youtuber olaraq bizim üçün önəmli olan mövzuların seçimi və videolara gələn baxış sayıdır. Biz inkişafımızı bunda görürük. Sən nə qədər video yerləşdirsən, yenə də yerində addımlayırsansa, bu sənin üçün minusdur və mənfi cəhətdir. Çox böyük təcrübəmiz olmasa da, bir illik təcürbəyə istinadən deyə bilərəm ki, bizim kanal əyləncəli kanal olsa da, məlumatlandırıcı videolar da, qorxu videoları da olur. "Kameralara düşən beş naməlum məxluq" başlıqlı videolar da olur. Bizim əyləncəli videolara 30 min adam izləyirsə, o tip videoları 3-4 min adam izləyir. Hətta şərhlərdə belə yazırlar ki, "Bu videolar paylaşılsa da, biz bunları sizi sevdiyimizə görə izləyirik. Amma bizim sizdən gözlədiyimiz bu deyil. Bizim sizdən gözlədiyimiz əyləncə tipli videolardır." Biz bir neçə sorğu həyata keçirtdik və bunlardan biri tələbələrlə bağlıdır. Biz müşahidə etdik ki, ciddi qoyulan suallar olsa da, tələbələrimiz, insanlarımız yenə də, əyləncə axtardılar. Dediyim sorğu narkomaniya ilə bağlı idi. Biz çalışdıq elə edək ki, cəmiyyətimiz bu məsələyə ciddi yanaşsın və öz mövqeyini qoysun. Biz istədik ki, bu sorğularla narkotik aludəçilərini bu zərərli maddələrdən uzaqlaşdıraq. İstəyirdik ki, onlar görsünlər ki, cəmiyyətdə narkotikaya pis münasibət var və əlindən gələni edir ki, siz bundan uzaqlaşasız. Aludəçilərin yaxınları narkotikdən əl çək desələr də, ola bilər ki, onlar məsləhətlərə fikir verməsinlər. Çünki məsləhət verənlər yaxınlardır. Amma onlar görəndə ki, narkotikaya pis reaksiya verən insanlar onları tanımayan, sıravi adamlardır, onda ola bilər ki, bu zərərdən əl çəksinlər. Biz belə bir layihə də həyata keçirmişik. Orda bir çox adamların cavabları oldu, yaşlı nəsildən gənc nəsilə kimi. Bu sorğudan biz gördük ki, bizim cəmiyyətimiz yardıma ehtiyacı olan insanlara kömək edə bilirlər. Biz digər sorğulara yeddi-səkkiz saat sərf edirdiksə, bu sorğuya sadəcə bir-iki saat xərclədik. İnsanlara yaxınlaşanda onlar cavab verməkdən qorxmurdular və biz onlara cavablarının bir insanın həyatını xilas edə biləcəyini deyəndə onlar daha da həvəslənirdilər.

- Bir məsələyə də toxunum, sizin dediyinizə görə, izləyicilərinizin əksəriyyəti gənc nəsildir, bəs heç yaşlı nəsildən reaksiyalar alırdınızmı? Pis və ya yaxşı fərq etməz.

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Elməddin Mehrəliyev: Əslində, əvvəl düşünürdük ki, bizim izləyicilərimiz sadəcə gənc nəsildən ibarətdir. Amma sonra mən rayona gedəndə bir-iki hadisə ilə üzləşdim və bu fikrimi dəyişdi. Mən özüm Quba rayonunda doğulmuşam. Rayona gedəndə dayım mənə dedi ki, çox maraqlı videolar çəkirsiniz, izləyirəm, təqdir edirəm. Rayon mühitini bilirsiniz, elə bir yerdir ki, həmişə internet problemi olur. Birinin evində internet olur, birinin evində olmur. Evində olanlar, maraqlananlar tanıyır ki, "filankəsin" oğludur və yaxud kimdir. Mən gördüm ki, yox, rayondakılar da gözəl reaksiya verirlər və hətta gənclərin nə etdikləri ilə bağlı maraqlanırlar. Biz elə şeyləri çəkirik ki, bir növ gənclərin həyatını əks etdiririk. Həqiqətən, gördüm çox maraqlanırlar. Yəni hələ ki, mən yaşlı nəsildən neqativ bir fikir eşitməmişəm. Murad, Abdulla da onu təsdiqləyə bilər ki, onlar bizi dəstəkləyir. Bir çox sorğularda da olub ki, yaşlı nəsilə yaxınlaşmışıq və onlar gənc mövzularından danışmağa müəyyən dərəcə də çəkinsələr də, bizə mənəvi dəstək olurlar. Neçə dəfə olub ki, onlardan biri məni sorğu keçirəndə tutub gözəl işlə məşğul olduğumuzu və ictimai xeyirli işlərlə məşğul olduğumuzu bildirirlər. Düzdür, mən onlara bunları kamera arxasında danışmağı təklif etsəm də, imtina edirlər.

- Murad Ruslanzadə: Biz youtube kanalını açanda fikrimiz elə idi ki, müxtəlif növ videolar çəkək və hər yaş nəslindən insanlar iştirak etsinlər. Youtube-dakı "playlislət"-ləri yığdıq və əyləncəli, məlumatlandırıcı videoları bir-birindən ayırdıq. Biz çalışırıq ki, fərqli yaş kütlələrini qazanaq. Biz bu işə başlayanda buna hobbi kimi baxırdıq. Amma artıq bu hobbi olmaqdan çıxıb. Çünki biz bütün günü görüşəndə, "whatsApp"-da bundan danışırıq. Gələn rəyləri müzakirə edirik və s.
Köhnə nəsildə bizə mənfi fikir bildirən də var, müsbət fikir bildirən də var. Normal qarşılayıram mənfi fikir bildirəni. Sadəcə bizi arqumetli tənqid etsin. Bizə bir nəfər rəy yazıb ki, "Siz belə işlərlə məşğulsunuz, Qarabağımız isə işğaldadır".  Mən belə insana nə deyim. Məsələ burasındadır ki, bunu mənə yazan insan özü evində oturub Wi-Fi-dan istifadə edir. Özü getsin, Qarabağa vuruşsun, mənə niyə yazır? Biz indi tələbəyik, vaxtı gələndə biz də əsgərliyə gedəcəyik, vətənimizə xidmət edəcəyik. Bu cür rəylər də olur, deyirlər ki, "mənim gənclərim niyə belədir". Bu cür şeylər bizi o qədər də narahat etmir, çünki öyrəşmişik və bilirik ki, cəmiyyətimizdə necə insanlar var. Onlar çox vaxt məqsədsiz insanlardır, onları belə qarşılayırıq. Bacardığımız qədər öz işimizdə keyfiyyəti artırmağa çalışırıq.

- Hər bir işin bir məqsədi, ideyası olmalıdır. Sizin cəmiyyətə çatdırmaq istədiyiniz mesaj nədir? Cəmiyyətə hansı yeniliyi, yeni bir ideyanı aşılamaq istəyirsiniz?

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Murad Ruslanzadə: Bayaq dediyim kimi, bu bir hobbi idi, biz bunu işə çevirmişik. Rəsmi olmasa da, bu bir işdir. Bizim indi ən böyük məqsədimiz youtuber-liyi Azərbaycanda inkişaf etdirməkdir. Youtuber-liyin Azərbaycanda inkişaf etməsi gənc nəsilə nəsə çatdırmaq deməkdir. Biz çalışırıq ki, baxan insanlarda bir fikir formalaşdıraq. Əyləncəli videoda əyləncəni aşılayırıq, məlumatlandırıcı videoda məlumat çatdırırıq.

- Abdulla Hacızadə: Əslində, youtuberliyi inkişaf etdirmək cümləsini artıq şablonlaşdırıblar. Hal-hazırda kim ki youtube kanalı açıb, bir neçə video yerləşdirir, inkişaf etdirməkdən danışır. Mən düşünürəm ki, hər video yerləşdirən youtuber-liyi inkişaf etdirmir. Sən bir video çəkə bilərsən, sonra ona baxan insanlar iş keyfiyyətsiz olduğu üçün “bizdə bu yoxdur” deyir. Əslinə qalsa, biz də belə insanların badına gedirik. Biz hər bir youtuber-ə dəstək olmağa çalışırıq. Hamı elə fikirləşir ki, bizim abunələrimiz varsa, biz özümüzdən razıyıq. Nə Murad, nə Elməddin, nə mən özümüzdən razı deyilik. Amma çox vaxt bizə müraciət edən gənclərə səhvlərini deyəndə bizdən inciyirlər. Amma başa düşmürlər ki, o, mənə müraciət edirsə, mən onun işinin daha yaxşı olmasını istəyirəm, ona görə iradlarımı bildirirəm. Bizim işdə montaj böyük rol oynayır. Və mən hər hansısa bir gənc youtuber-ə deyəndə ki sənin montajın səhvdir, bir az təkminləşdir, elə bilir ki, mən onu aşağlayıram və istəyirəm ki, o zəif olsun. Əksinə, biz yeni kanallar açıldıqca sevinirik.
Bizim abunəmiz az idi, ona görə də biz başqa youtuber-lərə təklif edirdik ki, gəlin yeni bir iş görək. Biz 200 abunəmiz olanda necə idiksə, indi də eləyik.

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Elməddin Mehrəliyev: Biz sorğular keçiririk və bizə görə bu çox vacibdir. Çünki insanlar oxuyaraq bir şeyləri öyrənsələr də, çox vaxt onların oxuduqları şey yaşadıqları cəmiyyətə aid olmur. Sorğular isə insanlara cəmiyyətindəki fərqli-fərqli fikirləri çatdırır. Çox vaxtı elə fikirlər olur ki, onun özündə olmur, belə olan halda o düşünməyə başlayır. Bu fərqliliklərin arasında analizlər edir və nəticələrə çıxardır, özünü formalaşdırır. Əsas çatdırmaq istədiyimiz şey budur.

- Youtuberliklə təzə məşğul olmağa başlayan insanlara nə məsləhət görərdiniz?

- Elməddin Mehrəliyev: Abdullanın da dediyi kimi, bizə həddən çox mesaj gəlir. Çalışırıq ki, hər birini cavablandıraq. Bizə yazanlar çox vaxt kamera, montajla bağlı soruşurlar. Çalışırıq ki, dəstək olaq. Biz başlayanda yotuber-lər demək olar ki, yox idi. Artıq çoxalıblar və əksəriyyət hələ uşaqdır. Ona görə onlar qeyri-professional şəkildə telefonla çəkirlər və montajını edə bilmirlər. Mahnının səsini yüksəkdən qoyurlar adam danışanın səsini eşidə bilmir. Məsləhətlər verirəm ki, daha ciddi yanaşsınlar işlərinə, amma paylaşıb dəstək ola bilmirəm. Çünki özüm bəyənmədiyim bir videonu necə paylaşıb deyə bilərəm ki, başqası da bəyənsin.

"Özü getsin Qarabağa vuruşsun, mənə niyə yazır?" - Müsahibə

- Murad Ruslanzadə: Bu elə yoldur ki, bir dənə cığır var və hamı o cığırnan gedir. Biz əlimizdəki minimum imkandan maksimum yararlanmışıq. Bir də heç bir zaman həvəsdən düşməmişik. Düşdüyümüz zamanlarda da bir-birimizə motivasiya verməyə çalışmışıq. Hamı deyir ki, bizə çox baxış gəlsin. Amma baxış tədrici olaraq qalxır, 200 olacaq, 500 olacaq, 1000 olacaq. Səbirli olsunlar, tələsməsinlər. Verəcəyim məsləhət budur.

- Abdulla Hacızadə: Mən öz videomuzda da demişdim, yeni başlayanlar eyforiyaya qapılmasınlar. Biz özümüz video çəkib paylaşanda düşünürdük ki, bizə çox baxış sayı gələcək. Az gələndə heyifsilənirdik, amma həvəsdən düşmürdük. Sən 15 min gözləyirsən və sənə 5 min baxış gələndə ruhdan düşürsən. Biz video paylaşanda onun 5 min baxış saylı olduğunu bilsək də, özümüzü 3 minə kökləyirik.

Cavid Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti