ADB Azərbaycanla bağlı 2017-ci il üçün proqnozlarını açıqlayıb

6-04-2017, 14:04
Oxunub: 524
ADB 2017-ci il üçün Azərbaycanda ÜDM-də 1,1% azalma, 2018-ci ildə isə 1,2% artım ehtimal edir


Azərbaycan yüksələn neft qiymətlərinin verdiyi dəstəklə fiskal xərclərini artıra biləcək, yerli valyutanın birdəfəlik devalvasiyaları isə xalis ixracın artmasına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) 2017-ci il proqnoz hesabatında bildirilib.

ADB 2017-ci il üçün Azərbaycanda ÜDM-də 1,1% azalma, 2018-ci ildə isə 1,2% artım ehtimal edir. Həmçinin, bu il inflyasiyanın 9%, gələn il isə 8% olacağı proqnozlaşdırılır. Neft qiymətlərinin artması ilə Azərbaycanın cari balansının profisitə keçəcəyi ehtimal edilir. 2017-ci ildə cari balansın profisitinin ÜDM-ə nisbətinin 5,9%, 2018-ci ildə isə 11,4% olacağı gözlənilir.

ADB Azərbaycanda neft hasilatının 2017-ci ildə azalacağı amilini nəzərə alaraq ÜDM-də 1,1% azalma, 2018-ci ildən "Şahdəniz" yatağının II mərhələsində qaz hasilatının başlaması ilə ÜDM-in 1,2% yüksələcəyini proqnozlaşdırır.

Azərbaycanda sənaye sektorunun 2017-ci ildə 0,5% geriləyəcəyi gözlənilir. Buna səbəb kimi sənaye sektorunun 65%-ni təşkil edən neft sənayesinin getdikcə geriləməsi amili göstərilir. "Şahdəniz-2" layihəsinin işə düşməsi 2018-ci ildə sənaye sektorunun 1% artmasına gətirib çıxaracaq.

İnşaat sektorunun 2017-ci ildə 10% geriləməsi, 2018-ci ildə dövlət sosial evlərinin tikintisi proqramının başlaması ilə 1% artması proqnozlaşdırılır. Kənd təsərrüfatının 2017-ci ildə 3%, 2018-ci ildə 4% artması ehtimal edilir. Xidmətlər sektorunun bu il dəyişməyəcəyi, 2018-ci ildə 1% inkişaf edəcəyi gözlənilir.

Fiskal siyasət büdcə kəsirinin azalmasına gətirib çıxaracaq. Bu il büdcə kəsirinin ÜDM-ə nisbətinin 1%, 2018-ci ildə isə 0,9% təşkil edəcəyi gözlənilir. Büdcə xərclərinin isə ÜDM-ə nisbətinin 2017-ci ildə 26,2%, 2018-ci ildə 26,4% olması proqnozlaşdırılır.

İxracın həcmi 2017-ci ildə 22,6%, 2018-ci ildə 15% artacağı ehtimal edilir. İdxalın bu il 6,2% azalması, gələn il isə 12,5% artması gözlənilir.
ADB adambaşına düşən ÜDM-in 2017-ci ildə 2,2% azalacağını, 2018-ci ildə 0,1% artacağını ehtimal edir.

Azərbaycanın xarici ticarət balansının 2017-ci ildə 8,078 mlrd. dollar, 2018-ci ildə 9,483 mlrd. dollarlıq profisitlə yekunlaşacağı proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti