"Azərbaycanda təmənnasız iş görənlərin ayağını kəsirlər" - MÜSAHİBƏ

4-04-2017, 09:00
Oxunub: 774
"Azərbaycan kinosunu bütün dünyada tanıtmaq istəyirəm"


Etatist.com olaraq hər zaman yaradıcı gənclərə dəstək olmağa çalışmışıq. Elə saytımızın yaradılma məqsədi də budur. Bundan sonra da Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsi ilə yaradıcı gənclərə dəstəyimiz davam edəcək.

Layihə çərçivəsində növbəti müsahibimiz gənc rejissor, yazar Kamran Novruzzadədir.

LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

"Gənc - Gələcək" layihəsi çərçivəsində rejissor, yazar Kamran Novruzzadə Etatist.com-a verdiyi müsahibəni təqdim edirik:

- Rejissor olmaq bir növ yazar olmaqdır. Bu iki peşə üçün insana təsəvvür gücü lazımdır. Belə bir sual verim. Sizcə yazar olmayan adam rejissor ola bilər?

- Ola bilər və həmişə də olub. Əfsus ki, yazar olmayan rejissor en qədərdir. Amerikanın Hollywood və qeyri-Hollywood, Avropa və Asiya filmlərinə baxın. Əksəriyyəti sadəcə rejissordur. Halbuki rejissorun yazarlıq qabiliyyəti yoxdursa, süjet xətti sıxıcı ola bilər. Kino sənayesində ssenari çox vaxt script editor, yəni ssenari düzəldən tərəfindən son hala gətirilib, rejissora təqdim olunur. Bu belə olmamalıdır. Rejissor özü ssenaridə dəyişiklik etməli və aktyorlara təqdim etməlidir. Hətta, yaxşı rejissor ssenaridəki düzəlişlərin özünə məxsus olduğunu titrlərdə qeyd etməməlidir. Çünki ssenarinin bünövrəsi onun yazarıdır.

"Azərbaycanda təmənnasız iş görənlərin ayağını kəsirlər" - MÜSAHİBƏ

- Bildiyimə görə iki kitabınız nəşr olunub. "Səkkiz" həm triller, həm də dram janrındadır. Siz roman üçün obrazlarınızı seçəndə öz həyatınızda tanıdığınız obrazlara müraciət edirdinizmi? Məsələn, romanda qaçırılan Pərvanə obrazı sizin real həyatınızda mövcud olub?

- Mən “Səkkiz” romanını yazmağa başlayanda öz həyatımdan ilhamlanmağı düşünmüşdüm. Amma sonradan ətrafımda o qədər təəccüblü həyat hadisələriylə rastlaşdım ki, öz həyatım onların yanında bir heçə çevrildi. Pərvanə obrazını yaradanda çətinliklərlə üzləşən gənc nəsli düşündüm. Pərvanə hamısının ehtiva olunmuş halıdır. Hər birini bir obrazda birləşdirdim və beləliklə “Pərvanə” ortaya çıxdı. Səkkizin uşaqlıqda ailəsində gördüyü hadisələr, Pərvanənin doğmalarının başına gələnlər isə Azərbaycanda ailə problemlərinin nümunələridir. Mən bu romanı 4 ilə tamamladım və bu illər ərzində qarşılaşdığım, eşitdiyim reallıqları kitabda cəmləməyə çox vaxtım oldu. “Səkkiz” Azərbaycanda yeganə kitabdır ki, roman distopik gələcəkdən başlayıb, utopik gələcəklə bitir.

- Bizim layihəmizin bir şuarı var: "Yaradıcı gənclər olmadan, gələcək olmur!" Özünüzü yaradıcı hesab edirsiniz? Hesab edirsinizsə, Azərbaycanın gələcəyini necə görürsüz?

- Çox doğru şuardır. Əlbəttə ki gənclər yaradıcı olmalıdır. Bilirsiniz, hər bir gənc yaradıcıdır. Sadəcə nə üzrə olduqlarını kəşf etməlidirlər. Məsələn, mən özümdən misal gətirim. Mən məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənlərindən əlaçı olmuşam. Ancaq o vaxtlar yazıçılıq bacarığımı hələ kəşf etməmişdim. Mən uşaq ikən qardaşımla evdə belə bir oyun oynayırdıq; ağlımıza bir ideya gətirirdik, personajlar yaradırdıq və sanki kamera varmış kimi kino çəkməyə başlayırdıq. Biz həm müsbət, həm mənfi obrazlar oynayırdıq. İkimizin də uşaqlıqdan kinoya həvəsimiz olub. Məktəbə gedəndən sonra axsadıq. Amma illər sonra mən kitab, məqalə, hekayə yazmağa başladım. Qardaşım isə aktyor olmağa qərar verdi. Biz universiteti bitirdikdən sonra öz aramızda həvəskar qısa filmlər çəkirdik. Uzun sözün qısası, biz yaradıcılığa addım atmışıq. Düşünürəm ki, mənim ssenarilərimin filmi çəkilsə və gənclər onlara baxsa, Azərbaycan kinosundan ümidlərini üzməzlər. Çünki ssenarilərim digər filmlərdən fərqlidir. İnanıram ki, Azərbaycan gəncliyi bundan sonra həvəslənib, kinoya maraq göstərər və kino yaradıcılığına qoşulmaq istəyər.

"Azərbaycanda təmənnasız iş görənlərin ayağını kəsirlər" - MÜSAHİBƏ

- Nəşr etdiyiniz ikinci kitabınız haqqında məlumat verə bilərsiniz bizə?

- “Freddy’siz Yuxularım” kitabının ərsəyə gəlməsi çox maraqlıdır. Mənə 17 yaşımda ideopatik alın (gecə) epilepsiyası və depressiya diaqnozu qoyuldu. Bildiyiniz kimi depressiyada olanlar normal insanlardan 10 qat çox yuxu görür və yuxuları adətən dəhşətli olur. 23 yaşıma qədər hər gün gördüyüm qəribə, dəhşətli yuxuların qədrini bilmirdim. Lakin keçən il ağlıma bir fikir gəldi: “Nəyə görə mən bu yuxuları yazmıram?”. Beləliklə gördüyüm ən mistik yuxuları yazmağa başladım. Beləcə 22 bir-birindən möhtəşəm qısa hekayə yığıldı. Sonra örtük şəklini hazırlayıb, çapa verdim. Amma sadəcə 100 nüsxə çıxartdırdım. Çünki mən bu kitabı satış üçün nəşr etdirmədim. Mənim fikrim gələcəkdə kitabdakı qısa hekayələrin bəzilərini ssenariləşdirib, kino çəkdirməkdir. Kitabda bütün hekayələr mistika və qorxu janrındadır. Oxumaq istəyən olsa, mənimlə əlaqə saxlasın, evdə hələ çox qalıb, məmnuyyətlə kitabı hədiyyə edərəm.

- Bildiyimə görə, ssenari də yazırsınız və hətta çap etdirdiyiniz "Freddy'siz Yuxularım" kitabının iki hekayəsinə də ssenari yazmısınız. Yazdığınız ssenarilərdə hansı janrlardan istifadə edirsiniz?

- Bəli. 2015-ci ildə universitet tələbələrindən ibarət həvəskar kino yapım şirkəti yaradılmışdı və mən də oraya ssenarist kimi qoşulmuşdum. 5-6 qısametrajlı film ssenarisi yazmışdım. Ancaq mənim ssenarilərimi çəkməyə imkan tapa bilmədilər. Zatən sonradan production dağıldı, ssenarilər beləcə qaldı. Bunların hamısı öyrədici xarakterli ssenarilərdir. Biri isə qara komediya janrındadır. Onu neçə dəfə qardaşımla mən həvəskar olaraq çəkmək istəsək də, hələ də qismət olmayıb. Amma qardaşımla “Uçurum”, “Dilemma”, “Yalquzaq”, “Kamil və Ramil” adlı 5-10 dəqiqəlik qısa filmlər çəkmişik. Bu qısa filmlər də öyrədici xarakter daşıyır. Lakin mənim 1 tamamlanmış və 1 tamamlanmamış 2 tammetrajlı film ssenarilərim də var. İkisi də “Freddy’siz Yuxularım” kitabındandır. “Rəqəmsal Cinayət” kriminal detektiv janrında ssenaridir. Bunu tamamlamadım. Çünki sifarişçi başqa janrı seçdi və bu ssenarimi yarım saxladım. “Quyruğunu Yeyən İlan” psixoloji triller janrındadır. Bunun ssenarisini tamamladım. Hətta Azərbaycanın ən məşhur rejissorlarından biriylə görüşüb, razılığa da gəldik. Bu dəfə isə prodüser işi yarımçıq saxladı. Mən hələ də filmi çəkmək üçün prodüser axtarıram.

- Rejissorluğa marağınız necə başlayıb?

- Mən uşaqlıqdan bəri kinomanam. Düzdür, o vaxtlar rejissorluğa marağım yox idi. Yazıçı olmaq istədim, oldum. Ssenari yazmaq istədim, yazdım. Qısa film çəkmək istədim, çəkdim. Uğurlu olmasa da, təcrübə qazandım. Məni həvəsləndirən həm Azərbaycanın, həm də dünyanın xariqüladələr yaradan rejisorları olub.

 

- Azərbaycanda gənclərə qarşı daim bir önyarğı olub. Bizə yuxarıdan aşağı, təcrübəsiz və ucuz işçi qüvvəsi kimi baxıblar. Bəs siz fəaliyyətinizdə, gördüyünüz işlərdə hansı problemlərlə çətinliklərlə üzləşmisiniz?

- Mən ikinci kitabımı çap etdirməyə gedəndə, kitabın örtük şəklini redaktorun kompyuterinə köçürməkdən ötrü məni neçə saat sırada gözlətdilər. Çünki onlar mənim cavan olduğumu görüb, məni ciddiyə almırdılar. Sizin dediyiniz kimi, mənə yuxarıdan aşağı baxırdılar. Gözləyərkən içəri Orxan Fikrətoğlu daxil oldu. O da kitab çapı üçün gəlmişdi. Əlimdə birinci kitabım “Səkkiz” romanı var idi. Orxan bəy onu görüb, mənimlə söhbət etməyə başladı. Kitabı oxumaq istədiyini dedi və mən də ona hədiyyə etdim. Mən onda öz gələcəyimi gördüm. Əgər biz gənclər olaraq çətinlik çəkiriksə, onda yaşımız artanda gənclərə dəstək olmalıyıq, onları həvəsləndirməliyik. Bu bizim borcumuzdur. Mən kino çəkmək istəyirəm, zəif imkanla belə əlimdən gələni edirəm. Əgər əlimdə güclü imkan, şərait olsa idi, çox şey etməyə hazır idim. Mən heç vaxt incəsənətə gəlir mənbəyi kimi baxmamışam. Ancaq özünüz də bilirsiniz ki, Azərbaycanda təmənnasız iş görənlərin ayağını kəsirlər. Çətinliklər hələ çox olacaq, bilirəm. Amma mən cəhd etməyi dayandırmayacam.

"Azərbaycanda təmənnasız iş görənlərin ayağını kəsirlər" - MÜSAHİBƏ

- Mənim izlədiyim qədərilə Azərbaycanda fərdiyyətçilik düşüncəsi və psixologiyası yayılmağa başlayıb. Sizcə ictimai adam fərdiyyətçi ola bilər? Yoxsa o kollektiv üçün nələrisə fəda verməlidir?

- Müasir dünyada hər şey ailə tərbiyəsi və təhsildən başlayır. Ailə tərbiyəsinin normaya düşməsi üçün bizə hələ çox illər lazımdır. Amma təhsili elə bu gün də normallaşdıra bilərik. Əgər biri savadlı, digəri isə savadsızdırsa, bu o demək deyil ki, o axmaqdır. İnsanda əsas dünyagörüşüdür. Azərbaycanda kollektiv tam əksini düşünür. Ha dünyagörüşü bol insan ol, savadın azdırsa, səni gözdən salacaqlar. Bunun səbəbi Sovetin təsiridir. 25 illik Azərbaycan mentaliteti hələ də rus düşüncəsindən çıxa bilmir. İctimai adam əlbəttə ki, fərdiyyətçi ola bilər. Ancaq ölkəmizdə nə qədər çalışsalar da, fərq yarada bilmirlər. Artıq böyük nüanslarda kollektivi düşünürlər. Yəni, nə qədər fərdiyyətçi olsa da, bəylə gəlin vağzalı sədaları altında şadlıq sarayına daxil olur və onların xoşbəxtliyi pulla satılır.

- Ədəbiyyat insana düşüncə genişliyi verir. Amma bu geniş düşüncəni sistemləşdirmək üçün də, hər insana bir həyat xətti lazımdır. Sizin həyatda qoymaq istədiyiniz iz və əsas məqsədləriniz nədən ibarətdir?

- Valideynlərim mənə deyirdilər ki, sən uşaq olanda, hər şey üçün bizdən icazə istəyirdin. Onlar mənə heç vaxt tərbiyə verməyiblər, sadəcə mən fərqli biri olmuşam. Evdə birinin qulağına ağcaqanad yaxınlaşan kimi onu öldürürdülər. Mən bu mənzərəni görə bilmirdim, yəni ürəyim dözmürdü. Can almaq mənə görə vəhşilik idi. İllər keçdi və müharibələr gördüm. Ölən günahsız insanları. Bu mənzərə ağcaqanadı xatırladırdı mənə. Hər kəs açıqlayırdı ki: “Biz ağcaqanadı öldürməsək, o bizim qanımızı içəcək.” Qarabağ müharibəsindəki kimi; biz erməniləri öldürməsəydik, onlar bizi öldürəcəkdilər. Amma mən ona da dözməzdim. 5-ci sinifdə oxuyanda, İngilis dili dərsində “human”, “humanity” sözlərini öyrətmişdilər. İnsanlıq, bəşəriyyət. Mən çox müddət bəşəriyyətin varlığını sorğulayırdım. Sonda bir məna tapmadım. Amma qərar verdim ki, “MƏN BOŞ HƏYAT YAŞAMAYACAM!” Dünyada qoyulacaq ən möhtəşəm iz incəsənət əsərləridir; rəsm, heykəl, şer, roman, musiqi, pyes, kino. Heykəldən başqa hamısını yoxlamışam. Lakin kino mənim əsas məqsədimə çevrilib. Bir söz var: “İnsan onda olmayanı daha çox istəyir.” Azərbaycan kinosunu bütün dünyada tanıtmaq istəyirəm. Və ölənə qədər bunun üçün çalışacam.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti