Nərmin Cəfərzadə: "Foto çəkmək düyməni basmaqdan ibarət deyil" (Müsahibə)

3-04-2017, 11:27
Oxunub: 1605
"Qəhrəmanımızın hədəfinin olmaması kimi çatışmazlıqlar var"


Etatist.com olaraq hər zaman yaradıcı gənclərə dəstək olmağa çalışmışıq. Elə saytımızın yaradılma məqsədi də budur. Bundan sonra da Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsi ilə yaradıcı gənclərə dəstəyimiz davam edəcək. 

Layihə çərçivəsində növbəti müsahibimiz gənc fotoqraf, ssenarist Nərmin Cəfərzadədir.

LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

"Gənc - Gələcək" layihəsi çərçivəsində fotoqraf, ssenarist Nərmin Cəfərzadənin Etatist.com-a verdiyi müsahibəni təqdim edirik:
- Ssenaristlik və fotoqraflıq bir-birilərinə yaxın sahələr olsa da, fərqlidirlər. Bunlardan hansı sizə daha çox yaxındır?
- Düşünürəm ki, hər iki sahə mənə yaxındır. Çünki bir-birilərinə bağlılığı çoxdur. Mən fotolarda daha çox çalışıram ki, ssenaridə yaratdığım obrazları fotolarda izləyicilərə təqdim edim. Sanki kağıza köçürürmüş kimi... Hər iki sahə mənim üçün doğmadır. Hər ikisini də daha yaxından öyrənməyə çalışıram.

- Azərbaycanda son zamanlar çəkilən filmlərin ssneariləri sizi qane edir?
- Ümumiyyətlə Azərbaycanda kino sahəsi inkişaf edir. Son dövrləri nəzərə alsaq deyə bilərəm ki, kinolarda ssenari cəhətdən çatışmazlıqlar var. Sujet xəttlərinin natamam olması, əsaslandırılmaların zəif olması, protoqonist, antoqonist çatışması, qəhrəmanımızın hədəfinin olmaması kimi çatışmazlıqlar var. 

Nərmin Cəfərzadə: "Foto çəkmək düyməni basmaqdan ibarət deyil" (Müsahibə)

- Yazdığınız hansısa ssenari ekranlaşdırılıb?

- Hal-hazırda tammetrajlı film üzərində çalışmaqdayıq, bu yaxınlarda işıq üzü görəcək...

- Hər foto özündə ssenari gizlədir. Bunun üçün çəkilən model də önəmlidir. Bəs elə olubmu ki, çəkdiyiniz model sizi qane etməyib və ya onu çəkməkdə çətinlik çəkmisiniz?
- Bəli, belə modellər də olur. Hər dəfə işimiz asan alınmır, uğurlu olmur (gülür). Model xanımlarla işləyərkən yaratdığım obrazları onların üzərinə köçürürəm deyə, o mesajı verir deyə mənə daha rahat olur. Və istədiyim şəkilləri əldə edəndə, o mesajı verəndə işim daha asan gedir. Təbii ki, sizin də qeyd etdiyiniz kimi, elə çətinliklərlə də rastlaşırıq. 

- İncəsənətin başqa hansı sahəsinə marağınız var?
- Son zamanlar xoroqrafiyaya başlamışam. Görürəm ki, bu məndə uğurlu alınır və çalışıram ki, bunu da özümdə mükəməlləşdirim.

- Çəkdiyiniz fotolarda daha çox xanımlara üstünlük verirsiniz. Bunun bir səbəbi var?
- Bu, məndə sadəcə bir layihə kimidir. Ssenarilərdəki qadın obrazları, qadınların yaşadıqları üzüntülər, sevinc kimi halları göstərmək mənə daha asan gəlir. Hər şəkli paylaşanda da həm şəkil, həm aforizmlə bunlar bir-birini tamamlayır və mən izləyiciyə istədiyim mesajı verirəm. 

Nərmin Cəfərzadə: "Foto çəkmək düyməni basmaqdan ibarət deyil" (Müsahibə)

- Fotoqrafların çoxu həm klip, həm qısametrajlı filmlər də çəkirlər. Bəs siz nə üçün bu sahədə özünüzü yoxlamırsınız?
- Tammetrajlıdan əlavə, qısametrajlı ssenarilər də yazdığım üçün bu yaxınlarda da istəyirəm ki, o sahədə də özümü sınayım. 

- Sizcə Azərbaycanda fotoqrafiya kifayət qədər inkişaf edib?
- Mənim fikrimcə, bəli. Artıq o yöndə də irəliləyir. Səhifələri izlədikdə həvəskar, professional fotoqrafları görürəm və uğurlu işlərini izləyirəm. Bu, çox sevindirici haldır.

- Hansı fotoqrafları izləyirsiniz?
- İzlədiyim fotoqraflar çoxdur. Onlardan Rəna Əfəndini misal çəkərdim, sənədli fotoqrafiya ilə məşğuldur və çox gözəl əl işləri var. Famil Mahmudbəylini də misal çəkərdim. Mustafa Seven bir müddət sənədli fotoqrafiya ilə məşğul olsa da, son dövrlər küçə fotoqrafiyası ilə məşğuldur. Onun çəkdiyi şəkillərdə insanların yaşadığı həyatdan bir neçə hekayə toplusu var. 

Nərmin Cəfərzadə: "Foto çəkmək düyməni basmaqdan ibarət deyil" (Müsahibə)

- Fotoqrafiyanın hansı növünü daha çox sevirsiniz və gələcəkdə də bunda irəliləmək istərdiniz?
- Əslində sənədli və küçə fotoqrafiyasını daha çox sevirəm. Çünki düşünürəm ki, fotoqrafiyanın həmin qollarında bizə mesaj verəcək çox şey var və bu da bir növ ssenariyə gəlib bağlanır. 

- Yaradıcı adamların insanlara çatdırmaq istədiyi sözlər olur, elə buna görə də yaradıcılıqla məşğul olurlar. Bəs sizin həm fotoqraf, həm ssenarist kimi insanlara demək istədiyiniz söz nədir?
- İnsanlara demək istədiyimi bir müddət bloqumdakı hekayələrimlə çatdırırdım. Fotoqrafiya ilə məşğul olduqdan sonra bunu şəkillərə köçürməyə başladım. Məhz hekayələrimdə çatdırmaq istədiyim sevgini, mərhəməti fotoyla çatdırmağa çalışıram. 

Nərmin Cəfərzadə: "Foto çəkmək düyməni basmaqdan ibarət deyil" (Müsahibə)

- Bir dəfə fotoqrafdan soruşmuşdum ki, yaxşı foto çəkmək üçün hansı fotoaparatı almalıyam? O isə mənə dedi ki, bu sual yaxşı yazı yazmaq üçün hansı qələmi almalıyam sualı kimidir. Bəs siz necə düşünürsünüz? Yaxşı fotoqraf olmaq üçün nə etmək lazımdır?

- Mənə elə gəlir ki, foto çəkmək düyməni basmaqdan ibarət deyil. Fotoqraf nə isə çatdırmaq istəyir. Şəkli çəkərkən bizim görmədiyimizi bizə göstərmək kimi bir şeydir. Mənim gördüyümü siz görməyə bilərsiniz, sizin gördüyünüzü mən görməyə bilərəm. Fotoqrafiyanın təməli bundadır. Bunun üçün hansısa aparatın, telefonun fərqi yoxdur. Əsas odur ki, sənin çəkdiyin şəkil danışsın. 
Etatist.com
İlkay Əliyeva
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti