Gənc yazar: "Vacib deyil ki, biz xoşbəxt olaq" (Müsahibə)

28-03-2017, 11:36
Oxunub: 2745
"Tanrını bir hökmdar kimi deyil, xidmətkar kimi görən insanları anlamaq mənə hər zaman çətin gəlib"


"Gənc - Gələcək" layihəsi çərçivəsində növbəti müsahibimiz yazar Məsudə Cabbardır. Gənc olmasına baxmayaraq Məsudə Cabbarın artıq 5 kitabı - “Aciz qalan ulduzlar”, “Göy qurşağının bitdiyi yer”, “Ən”, “Dinlə məni”, “Oynadığımız son oyun” - işıq üzü görüb. Oxucular tərəfindən də olduqca maraqla qarşılanan kitablar haqqında yazar özü də qısa məlumat verdi.

Etatist.com və Milli Fikir Mərkəzinin birgə başlatdığı "Gənc - Gələcək" layihəsinin məqsədi ölkədəki yaradıcı gəncləri cəmiyyətə və ictimaiyyətə tanıtmaqdır.

GÖSTƏRİLƏN LİNK-Ə DAXİL OLARAQ LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇƏ BİLƏRSİNİZ.

Etatist.com yazar Məsudə Cabbarın müsahibəsini təqdim edir:

- Uzaq Şərq fəlsəfəsi ilə maraqlanan insanlar bilirlər ki, Uzaq Şərq fəsləfəsi bu sualla başlayır: "Mən kiməm". Heç özünüzə sual vermisinizmi?

- “İnsan ən çox bilinməyəndən qorxur” deyə bir məsəl var. Bu, həqiqətən də belədir. “Mən kiməm?” sualı “bilinməyənin” ən dərinində gizli qalan əsrarəngiz bir cəzibədir. Bir düşünün, bu sual necə dərin, dözülməz dərəcədə şübhə oyandırıcı və qəlizdir. Mən kiməm? Bu sualın özündə belə kifayət qədər qorxu var. Bu sual yolun ortasında azıb qalan, evinin ünvanını xatırlamayan balaca bir uşağın sözləri kimidir. Buna həm dini, həm elmi, həm də hissi baxımdan minlərlə izah gətirmək olar ancaq A.Kamyunun dediyi kimi “Məsələlərə məntiqlə yanaşmaq elə də çətin deyil, lakin məntiqi yanaşmanı axıra qədər qoruyub-saxlamaq qeyri-mümkündür”. Bu mövzuda da eyni problemdir. Sual bəsitdir: “Mən kiməm?” İşin gülməli yanı odur ki, cavab da çox yaxınlıqdadır, ancaq heç vaxt yetərli deyil.

"Mən özümü yazar adlandırmazdım" 

Gənc yazar: "Vacib deyil ki, biz xoşbəxt olaq" (Müsahibə)

- Roman yazmaq həyatda bir çox şeyləri müşahidə edib, yaşamaq deməkdir. Yəqin ki, sizin müşahidələriniz yetərli olduğu üçün bu qədər roman yaza bilmisiniz. Sizin yazar olmaq istəyiniz müşahidələrinizdən yaranıb, yoxsa bunun başqa səbəbləri var?

- Həyatda hər şeyin sadə bir başlanğıcı var - düşüncə. Hətta bu gün inana bilmədiyimiz böyük kəşflərin təməli də üstümüzdə daşıdığımız qaranlıq qutunun içində yaranır. Mən onu belə adlandırıram: çəhrayı kostyumlu dahi. Müşahidə vacibdir, əlbəttə çox vacibdir. Ancaq bütün həyatını gəzərək, əylənərək, təcrübələr yaşayaraq keçirən minlərlə insan var, hansı ki, yazı yazmaq onlar üçün mümkünsüzdür. Yəqin ki, burada başqa hansısa səbəb və ya xüsusi sirr var. Mən özümü yazar adlandırmazdım. Bu daha çox, hansısa fikrini yazılı şəkildə yaxın dostunla paylaşmaq kimidir.

- Romanlarınızın adlarını qeyd edib bir az onlar haqqında məlumat verə bilərsiniz?
- “Aciz qalan ulduzlar” – bu mənim ilk və deyərdim ki, ən zəif işimdir. Hansı ki, çox böyük uğur qazanmışdı. Əsər sadə dildə yazılıb və iki gəncin qəribə bir tanışlıqdan sonra gerçəkləşən münasibətindən bəhs edir.

“Göy qurşağının bitdiyi yer” mənim sayca ikinci kitabımdır. Burada mövzu və yazı üslubu nisbətən fərqlidir. Daha çox əcnəbi üsulu.

Üçüncü kitabım “Ən”. Bu gerçək həyatda tanıdığım birinə həsr etdiyim kitabdır. Əsərdə daha çox insanların qərəzli fikirlərinin tənqidinə yer verilib. Bundan əlavə “cinsi azlıq” deyə adlandırdığımız anlayışa fərqli baxış bucağından nəzər yetirilib.

Dördüncü kitabım “Dinlə məni” fiziki qüsuru olan gənc bir qızın həyatından bəhs edir. Əlil arabasında yaşamaq və bu vəziyyətin insan psixologiyasına təsirləri... Əlavə olaraq bir çox dinlər, incəsənət, hakimiyyət haqqında fikirləri də paylaşırıq.

Və son kitabım “Oynadığımız son oyun”. Bu kitabın mənim üçün ayrı bir yeri var. İki il ərzində üzərində həssaslıqla işlədiyim bir kitabdır. Burada ailəsinin qətlində günahkar bilinən bir qızın apardığı mübarizədən danışılır. Saranın fərqli dünyası, qarışıq fikirləri və sürreal dostları var. İndiyə qədər oxuculardan bu qədər fərqli rəylər aldığım ilk kitabımdır yəqin ki.

Gənc yazar: "Vacib deyil ki, biz xoşbəxt olaq" (Müsahibə)

- İstənilən yaradıcılıq üçün azadlıq önəmlidir. Azadlıq isə çox vaxtı nisbi qəbul edilir. Sizə görə azadlıq nədir? Azadlıq subyektivdir, yoxsa obyektiv?

- Mənə görə azadlıq mümkünsüzdür. Çünki kainatın yaradılışında belə hansısa qüvvəyə ehtiyac duyulur. Azadlıq yəqin ki, bir çox insanın gözündə “seçim limitlərin” çoxluğu ilə ölçülür. Qəribədir ki, bir çox halda bu “azad seçimlər” xoşbəxt hiss etdirməksə, bizə əks təsir göstərir. Mən bədbin biri deyiləm, ancaq əksər hallarda istənilən mövzunun dərinliyinə enməyi xoşlayıram. Bu isə çox vaxt eyni nəticə doğurur - “mənasızlıq”. Görürsünüz? Düşünə bilməyin özü elə ən böyük azadlıqdır, ancaq onun da təməlində ümidsizlik dayanır.

"Xoşbəxtlik anlayışı məcburiyyət deyil"

Gənc yazar: "Vacib deyil ki, biz xoşbəxt olaq" (Müsahibə)

- “Facebook” sosial şəbəkəsindəki profilinizi izləyəndə xoşbəxtliklə bağlı bir hekayəyə rast gəldim. Hekayə kifayət qədər maraqlı idi. Belə bir sual vermək istəyirəm: Siz xoşbəxtsiniz?

- İnsan hər zaman eyni ruh halında qalanda ona dəli damğası vururlar. Heyif ki, mən o şanslılardan deyiləm. Xoşbəxtlik elə bir şeydir ki, o, uzaqda yaşayan doğma birinə bənzəyir. Onun üzünü heç vaxt görməsək də, var olduğuna dair əfsanələr eşidirik. Davamlı olaraq axtarırıq... axtarırıq. Bəlkə də elə əsas problemimiz də budur. Axtarmaq. Daim axtarışda olmaq. Bizi dayanmadan irəliyə aparan da, yolumuzu kəsən də budur. Xoşbəxtlik anlayışı məcburiyyət deyil. Vacib deyil ki, biz xoşbəxt olaq. Ancaq gələn qonağa qapımız açıqdır.

- Yazılarınızda Tanrı anlayışı ilə tez-tez qarşılaşırıq. Tanrıya inanırsınızmı?
- Dünya böyük bir yerdir. Ola bilsin müqayisədə yox, ancaq təkbaşına böyükdür. Və dünyada yaşayan hər inanclı insanın daxilində yaratdığı bir tanrı var. Milyonlarla, miyardlarla insan və bir o qədər də tanrı. Hətta eyni dində olan insanların nəzərindəki tanrı da - yaradıcı qüvvə - bir-birindən fərqlənir. Mən də inanıram. Bütün inanclı insanlar kimi. Ancaq Tanrını bir hökmdar kimi deyil, xidmətkar kimi görən insanları anlamaq mənə hər zaman çətin gəlib. Davamlı olaraq “onu ver, bunu ver! Bunu göndər, onu göndər” deyə müraciət edilən bir yaradıcı düşünün. Bu bir az mənfəət münasibətidir. İnsanların bir çoxunun Tanrı ilə münasibəti bu cürdür.

- Başa düşdüyüm qədərilə estetik insansınız. Profilinizi izləyəndə tez-tez şəkillərinizə rast gəlirdim. Şəkillərinizdən müşahidə etmək olar ki, vizual görüntüyə böyük önəm verirsiniz. Estetiklikdən əlavə olaraq bu həm də özünəvurğunluq deyil?
- Özünəvurğunluq deməzdim. Bu daha çox özünə fəqrli bucaqlardan baxmaqdır.

- Dünyada olan bütün məşhur yazarların ideologiyası və cəmiyyətə çatdırmaq istədiyi ideyaları olub. Siz cəmiyyətə nələri qəbul etdirmək və çatdırmaq istəyirsiniz?
- Nə qədər ki, insanlar dayanmadan yenilənir və inkişaf edir, onları dəyişmək mümkünsüzdür. Dünyanın təməlində saf bir bəsitlik var. Ancaq onun üzərində həddən artıq qəliz nizamlı bir xaos hökm sürür. Bu xaosun idarəsi isə iki şeyin idarəsindədir: güc və “daha çox”. Dünyanın gedişatını dəyişmək üçün isə bizə üç şey lazımdır: səs, söz və düşüncə. Ancaq qarşımızda belə bir sual dayanıb: onlara bu lazımdır?
Pünhani Əsgərli "Gənc - Gələcək" layihəsi üçün
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti