"Azərbaycan cəmiyyətində nəsillərarası savaş mühiti var" (Video/Müsahibə)

27-03-2017, 18:13
Oxunub: 1158
"Gəncliyi gələcək kimi görməyən ölkələrdə qocalma prosesi gedir"


Etatist.com və Milli Fikir Mərkəzinin birgə başlatdığı "Gənc - Gələcək" layihəsi artıq bir neçə gündür ki, davam edir. Layihə çərçivəsində yaradıcı gənclərdən müsahibələr alınıb və onların fəaliyyəti daha geniş kütləyə çatdırılıb.

Layihə haqqında ətraflı məlumat üçün layihə rəhbəri Cavid Əliyevlə söhbətləşdik. Onun sözlərinə görə layihə uzunmüddətli olacaq və bacardıqları qədər çox gəncin fəaliyyətini işıqlandıracaqlar.

GÖSTƏRİLƏN LİNK-Ə DAXİL OLARAQ LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇƏ BİLƏRSİNİZ.
LAYİHƏ HAQQINDA DAHA ƏTRAFLI.


Etatist.com Milli Fikir Mərkəzinin sədr müavini, "Gənc - Gələcək" layihəsinin rəhbəri Cavid Əliyevlə müsahibəni təqdim edir:
- Biz bu gün sizinlə “Gənc - Gələcək” layihəsi haqqında söhbət edəcəyik. Əvvəlcə bu layihə haqqında ətraflı məlumat verə bilərsiniz?
- “Gənc - Gələcək” layihəsi Azərbaycan gəncliyinin, yəni istedadlı gəncliyin tanınması üçün yaradılıb. Biz istəyirik ki, Azərbaycanın hər bir istedadlı gənci öz bacarıqlarını, öz yaradıcılığını cəmiyyətə və ictimaiyyətə açıqlaya bilsin. Məlumdur ki, televiziyalarda gənclərə yer, tribuna verilmir. Bir çox media qurumlarında da vəziyyət bu cürdür. Ona görə də biz belə bir layihə fikirləşdik və istədik ki, hər gəncə xitab eləyib, ona dəstək verə bilək. Layihə belə olacaq ki, gənclərin özləri və gördükləri işlər barəsində məlumatlar veriləcək, onlardan müsahibələr alınacaq və reportajlar hazırlanacaq. Daimi olaraq bu reportajlar və müsahibələr etatist.com internet qəzeti vasitəsilə yayımlanacaq.

"Azərbaycanda köhnə nəsil gənc nəsildən daha üstün yerdə dayandığından, üstün maddi vasitələrə sahib olduğundan gənclər arxa planda qalır"

- Necə oldu ki, belə bir layihə həyata keçirmək ağlınıza gəldi?
- Əslində bu layihənin ideyasının yaranması çox qəribə şəkildə baş verdi. Bir gün MFM-in ofisində müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər gördüm. Mən onları müşahidə edərkən özümə sual verdim ki, bu gəncləri ictimaiyyət tanıyırmı? Anladım ki, tanımır. Çünki Azərbaycan gənclərinin böyük qismi sosial statusa sahib deyil. Beləliklə də bunun alternativini yaratmaq qərarına gəldik. Biz istədik ki, bu gənclər tanınsınlar. Bu ideyanı iş yoldaşlarımla paylaşdım və onlar da mənimlə razılaşdılar. Beləliklə də bu layihə yarandı. Azərbaycan cəmiyyətində nəsillərarası savaş mühiti var. Bu, köhnə nəsillə gənc nəslin arasındakı uçurumu özündə ehtiva edir. Yəni Azərbaycanda köhnə nəsil gənc nəsildən daha üstün yerdə dayandığından, üstün maddi vasitələrə sahib olduğundan gənclər arxa planda qalır. Bunun bilərəkdən, yaxud bilməyərəkdən baş verməsinin əhəmiyyəti yoxdur. Vacib olan bugünkü vəziyyətdir. Biz də bu vəziyyətin dəyişməsini istəyirik. Vəziyyətin dəyişməsini isə fərqli-fərqli layihələrlə həyata keçirməyi düşünürük. Bu layihələrdən biri də “Gənc - gələcək” layihəsidir.

"Azərbaycan cəmiyyətində nəsillərarası savaş mühiti var" (Video/Müsahibə)

- Layihə nə qədər müddətə davam edəcək?

- Əslinə qalsa layihənin müddəti yoxdur. Bu nə birinci, nə də sonuncu layihədir. Azərbaycan 10 milyonluq bir ölkədir və onun 60 faizi gəncdir. Bu gənclərin arasında nə qədər istedadlıları var. Biz də istəyirik ki, bu istedadlı gənclər bu layihədə iştirak etsinlər. Biz fəaliyyətimizi təkcə bu layihə ilə yekunlaşdırmayacağıq. Biz gəncləri fərqli-fərqli layihələrlə tanıdacağıq. Bu layihələrin hamısının fərqli formatları olacaq. Bu layihə etatist.com daxilində yaradılmış köşədir. Siz əgər etaist.com internet qəzetini izləsəniz, görə bilərsiniz ki, orada gənclik bölümü var. Bu bölümdə ancaq gənclərin işləri təqdim edilir və onlara tribuna verilir.

- Layihədə iştirak edəcək gənclər hansı kriteriyalara görə seçiləcək?
- Layihədə iştirak edənlər daha yaradıcı, potensiallı, əllərində imkanları olmayan, lakin öz yaratdıqları əsərlərini - bəstələri, rəsm işləri və s. - təqdim etmək istəyən gənclərdən seçiləcək. Fərqli sahələrdə də fəaliyyət göstərən gənclər də ola bilər - fəlsəfə, IT sahəsində və s. Biz hər bir sahədə öz inkişafını təmin edə biləcək gənclərlə işləməyi düşünürük. Bütün bu gənclər üçün qapılarımız açıqdır.

"Biz istəmirik Azərbaycan qocalsın"

- "Gənc - gələcək" ifadəsi bir çox mənaya gəlir. Siz özünüz bunu hansı mənada görürsünüz?
- Çox maraqlı sualdır. Dünyada elə bir ölkə yoxdur ki, o, gəncsiz inkişaf edə bilsin. Elə bir ölkə yoxdur ki, gəncləri olmadan intibah dövrünü yaşasın, yeni mərhələlər keçə bilsin. Gəncliyi gələcək kimi görməyən ölkələrdə qocalma prosesi gedir. O ölkələr həm mənəvi baxımdan, həm düşüncə baxımından qocalırlar. Biz istəmirik Azərbaycan qocalsın, biz istəyirik ki, Azərbaycan rəngarəng olsun. Azərbaycan öz potensiallarını açmalıdır. Mən demirəm ki, biz köhnə nəsli kəsib atmalıyıq. Mən düşünürəm ki, bütün Azərbaycan ictimaiyyəti- köhnə nəsillə bütün düşünən insanlar yığılıb öz qüvvəsini bir kəsimə qoymalıdır. O da gəncliyə...

- Bu layihənin məqsədini bir cümlə ilə ifadə edə bilərsiniz?
- İşıqlı gənclər birləşməlidir ki, gələcəyimiz işıqlı olsun. Əgər bir cümlə ilə ifadə etməli olsaq, belə olar. Yaradıcı gənclər olmadan gələcək olmur.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti