Şahin Tayfun: "Musiqi Tanrıdır" (Müsahibə)

26-03-2017, 13:16
Oxunub: 711
"İstədiyim odur ki, Azərbaycanda gənc musiqiçilər üçün şərait yaradılsın"


Milli Fikir Mərkəzi və Etatist.com ölkədə gənc istedadlara və mütəxəssislərə dəstək məqsədi ilə “Gənc-gələcək” layihəsinə start verib. Layihə çərçivəsində növbəti müsahibimiz aranjemançı Şahin Tayfundur. 

Şahin Tayfun bir müddət rep musiqisi ilə məşğul olub. Özünün də dediyi kimi sonradan repin musiqilərini yığmağa başlayıb və hər dəfə yeni nəsə öyrənərək işində professionallaşıb. O, aranjemançı olsa da bir neçə bəstəsi də var və həm də səs rejissorluğu ilə məşğul olur. Şahin Tayfun deyir ki, təbiətdə hər şey musiqidir, sadəcə dinləməyi bilməlisən. Musiqini sadəcə bir səs kimi duyan da var, sadə bir səsi musiqi kimi duyan da...

Etatist.com Şahin Tayfunla müsahibəni təqdim edir:

- Deyirlər musiqi başqa bir dünyadır. Siz niyə musiqi dünyasını seçmisiniz?
- Ümumiyyətlə deyərdim ki, hər şey musiqidir. Səhər açılır səslər eşitməyə başlayırıq - quşların səsi, insanların səsi, küçədəki maşınların səsi və s. Bunların hamısını beynimizdə formalaşdırsaq hər şeyin musiqidən ibarət olduğunu görərik. Musiqi insanın mənəvi qidasıdır. Mən musiqi ilə yaşayıram. Təbiətdə hər şey musiqidir. Musiqi Tanrıdır.

- Aranjemanla, bəstəkarlığın fərqi nədir?
- Mən aranjemanla məşğul oluram. Amma bir neçə bəstəm də var. Ancaq "hansını özünə daha yaxın görürsən" deyə soruşsanız bəstəkarlığı seçərəm. Aranjeman belədir ki, fantaziyası və gözəl musiqi duyumu olan hər bir musiqiçi bunu öyrənib gözəl musiqilər işləyə bilər. Amma bəstəkarlıq gərək insanın öz qabında olsun.

- Birinci aranjemanı neçə yaşında etmisiniz?
- Hardasa 14 yaşım var idi. O zamanlar rep ilə məşğul olurdum.

- Hardan qaynaqlandı bu istək?
- Düşündüm ki, mən bunu bacara bilərəmsə niyə mənim "beat"lərimi başqası yığsın. Qeyri-professional olsa da, birinci dəfə onda aranjeman etmişdim.

- Hər yaradıcı insanın həyatında yaratdığı bir əsər olur ki, həmin əsər onun yaradıcılığının zirvəsidir. Sizin həyatınızda belə bir əsər var?
- Musiqi elə bir şeydir ki, burda tam öyrəndim deyə bir şey yoxdur. Getdikcə nəsə öyrənirsən. İçinə girdikcə musiqinin düşündüyümüzdən daha da dərin olduğunu anlayırsan. Möhtəşəm musiqilər də məhz bu zaman yaranır. İndi mən də o möhtəşəm musiqini yaradıb yaratmadığımı bilmirəm. Çünki elə şeylər olub ki, "bundan daha yüksəyi" alınmaz demişəm. Amma hər dəfə ondan daha yaxşısın etmişəm.

"Yaşanılan hər şey yazılan musiqiyə təsir edə bilər"

Şahin Tayfun: "Musiqi Tanrıdır" (Müsahibə)

- Ən yaxşı musiqiləriniz acılarınızdan doğub yoxsa sevincinizdən?

- Mən uşaqlıqdan musiqi ilə əlaqəli biri olmuşam. Sonradan da şüurlu, yaxud qeyri-şüuri şəkildə musiqiyə yönəlib davam eləmişəm. Məncə yaşanılan hər şey yazılan musiqiyə təsir edə bilər. Bir növ yaşadığını musiqi ilə başa salırsanmış kimi.

- Ən çox sevdiyiniz bəstəkar kimdir?
- Gözəl olan bütün musiqiləri, bəstələri dinləyirəm. Ancaq ən sevdiyim bəstəkar Riçard Vagnerdir.

- Nifrət etdiyiniz musiqi janrı var?
- Yox. Ola bilər ki, kimlərinsə ifasında olan musiqini bəyənməyim. Amma bu janrın, yaxud həmin musiqinin pis olması anlamına gələ bilməz. Demək olar ki, bayağı olmayan hər janra qulaq asıram.

- Çatmaq istədiyiniz ən yüksək səviyyə hansıdır?
- Bunu beynimdə sərhədləməmişəm. Çünki musiqi sərhədsizdir. Son deyə bir şey yoxdur. Əvvəl də qeyd etdiyim kimi, içinə girdikcə daha da dərinləşir. Ancaq istədiyim odur ki, Azərbaycanda gənc musiqiçilər üçün şərait yaradılsın. O zaman Azərbaycan musiqisi dünyaya səs sala bilər. Çünki kifayət qədər gözəl musiqiçilərimiz var.

- Mənim ən sevdiyim bəstəkarlardan biri olan Motzart öz bəstələrini satmayıb. Bəs sizin elə bir əsəriniz, işiniz olub ki, onu satmaq istəməmisiniz və ya satmamısınız.
- Günümüzün reallığı budur ki, yaşamaq üçün yaradıcılığımızdan, bacarıqlarımızdan istifadə etməliyik. Amma elə vaxtlar olur ki, insan özünə qapanır və həmin vaxt içində toplanan hislər bir musiqidə toplanır. Bax, həmin musiqiləri nə heç kimə göstərmirəm, nə də satmıram. Çünki onlar mənim hislərimi ifadə edir.
Cavid Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti