Aİ-dan çıxmaq Böyük Britaniyaya 50 mlrd. funt sterlinqə başa gələcək

24-03-2017, 18:45
Oxunub: 442
Yalnız bu məbləğ ödənildikdən sonra Londona yekun icazə veriləcək


Böyük Britaniya Avropa İttifaqının tərk etmək üçün 50 mlrd. funt sterlinq və yaxud təxminən 62 mlrd. ABŞ dolları ödəməli olacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “BBC”-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yalnız bu məbləğ ödənildikdən sonra rəsmi Londona Aİ-dan çıxmağa yekun icazə veriləcək. Həmin vəsait Britaniya hökumətindən bir sıra öhdəliklərin yerinə yetirilməsi, o cümlədən Aİ məmurlarının pensiya ödənişlərinin həyata keçirilməsi məqsədi ilə alınacaq.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-nı tərk etməsi ilə bağlı prosedurlara martın 29-da başlayacaq. Təşkilata ödəniləcək kompensasiyanın məbləği danışıqlarda əsas məsələlərdən biridir. Qarşıdakı 2 il ərzində Britaniyada yaşayan Aİ vətəndaşlarının, eləcə də Aİ ölkələrindən yaşayan Britaniya vətəndaşlarının hüquqlarının təmin edilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməlidir.

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dan çıxması ilə bağlı ümumxalq səsverməsi (“Brexit” adlandırılan referendum) 23 iyun 2016-cı il tarixində keçirilib. Referendumun nəticələrinə görə, Britaniya vətəndaşlarının 51,9%-i ölkənin Aİ-nı tərk etməsinə, 48,1%-i, o cümlədən Şotlandiya və Şimali İrlandiyada yaşayanların əksəriyyəti Aİ-da qalmasına səs veriblər.

Bu il martın 13-də Böyük Britaniya parlamenti “Brexit”in icrası ilə bağlı qanun layihəsini qəbul edib. Martın 16-da isə sənəd Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən təsdiq edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti