Gənc rəssam: "Mənə yad olan insanları çəkə bilmirəm" (Müsahibə)

23-03-2017, 16:54
Oxunub: 1117
"“Nude Art”-ı hər adam qəbul etmir"


Etatist.com olaraq hər zaman yaradıcı gənclərə dəstək olmağa çalışmışıq. Elə saytımızın yaradılma məqsədi də budur. Bundan sonra da Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsi ilə yaradıcı gənclərə dəstəyimiz davam edəcək. 

Layihə çərçivəsində ilk müsahibimiz gənc rəssam Könül Ramazandır.

İncəsənət elə bir şeydir ki, sevmədən anlaya bilməzsiniz. Hər kəs rəsmə baxar, amma hər kəs oradakı mənanı görə bilməz. Rəsmdə bir qadın görərsiniz, amma oradakı tək o deyil. Budur rəssamlıq...

Könül Ramazan da bizim gənc rəssamlarımızdandır. Onun da kifayət qədər maraqlı rəsmləri və işləri var.

"Gənc - Gələcək" layihəsi çərçivəsində rəssam Könül Ramazanın Etatist.com-a verdiyi müsahibəni təqdim edirik: 

- Zəhmət olmasa özünüz haqqınızda qısa məlumat verin.
- Bakı şəhərində doğulmuşam, orta təhsilliyəm. İncəsənətə çox böyük marağım var və kulinariya, musiqi kimi əlavə hobbilərim də var.

- Özünüzdə bu bacarığınızı necə kəşf etdiz?
- Elə lap uşaq yaşlarımdan bu istedad məndə var imiş. Balaca qızlar gəlinciklə oynarkən, mənim oyuncağım kağız qələm olub. Hətta divarlara da çəkirdim. Sonradan, artıq məktəb vaxtlarında rəsm dərsində fərqləndiyimi valideynlərim də, müəllimlərim də aşkar etmişdi. Əlaçı deyildim, ancaq rəsm dərsindən həmişə əla qiymətlər almışam. Bu mənə bəs edirdi. Dahi rəssamlardan biri demişkən, rəssam olmaq olmur, rəssam doğulmaq olur. Valideynlərə bir tövsiyyəm var, əgər övladınızın incəsənətə marağı varsa onu istədiyi sənətə yönləndirin, yoxsa həyatda yer tapa bilməyəcək.

Gənc rəssam: "Mənə yad olan insanları çəkə bilmirəm" (Müsahibə)

"İnsan istəsə, həvəsi olsa, hər şeyi öyrənə bilməyə qadirdir"


- Rəssamlıq təhsiliniz varmı?
- Rəssamlıq təhsilim yoxdur. Bu yolda nə öyrənmişəmsə ancaq özümə minnətdaram. İnsan istəsə, həvəsi olsa, hər şeyi öyrənə bilməyə qadirdir.

- Rəsmlərinizə baxdıqda, sanki bir kədər, insanlardan uzaqlıq, içinə qapanıqlıq gördüm. Bu sizin daxilinizin əksidir, yoxsa insanları belə görürsünüz?
- Daxilimin əksidir. Qapanıq, öz dünyamda yaşayan insanam, amma kədərli deyiləm. İnsanın həyatında kədər də olur, sevinc də. Kədərdə batıb qalmaq olmaz. Öz dünyama kədəri qəti buraxmıram. Rəsmlərimdəki kədər haqda onu deyə bilərəm ki, rəssamlar, adətən, sözünü rəsmlə deyir. Yəqin, mən də nəyisə çatdırmaq istəyirəm. Lakin rəsmlərimə ətrafın təsiri daha çoxdur.

Gənc rəssam: "Mənə yad olan insanları çəkə bilmirəm" (Müsahibə)

- Qələmin ucunda nəsə yaratmaq çox çətin deyil?
- Hədindən artıq çətin, yorucu, göz nuru, səbr və ehtiyat tələb edən, çox incə bir işdir. Bir fiquru düzəldərkən karandaş azı 3 dəfə qırılır. Amma istədiyim işi almaq üçün heç də vaz keçmirəm.


- Niyə “hisar”? 
- Hisar sərhəddir, keçilməzlikdir, mümkünsüzlükdür... Bilmirəm niyə bu söz məni çox düşündürür. Bəlkə də, mənə çox yaxındır. Həyatımda çox "hisar"lar olub. Ya o hisarı qırmışam, ya da yoluma davam etmişəm.

Gənc rəssam: "Mənə yad olan insanları çəkə bilmirəm" (Müsahibə)

- Rəsm çəkmək içinizdəki boşluğu doldura bilir? Başqa məşğuliyyətləriniz də var?
- Ümumiyyətlə, mənəvi boşluq hissim yoxdur. Yəqin, bu hiss məndə olmadığına görə xoşbəxt insanam. Mənim üçün rəsm çəkmək ən böyük zövqdür. Siz boşluq soruşdunuz, amma həyatımı doldurur.

Başqa məşğuliyyətim musiqidir, bir də kulinariya. Dünya mətbəxinə çox böyük marağım var. Bu özü də bir incəsənətdir. Hə, bir də arada şeir və musiqi yazıram. Gitarada ifa edirəm. Maraqlandığım çox şey var. Həyat özü böyük bir maraqdır. Yaşamağı biləsən gərək.

"Tünzalə Ağayeva... Ən sevdiyim sənətkarlardan biri..."

- Profilinizdə Tünzalə Ağayevanın xeyli şəklini paylaşmısız, ona olan aşırı sevginizin bir səbəbi varmı?
- Tünzalə Ağayeva ən sevdiyim sənətkarlardan biridir. Hələ məktəb illərindən onda pərəstiş edirəm. Gözəl, səviyyəli musiqi ifaçısı və yazarı. Nəsib oldu onunla tanış oldum, heç də sevgimdə yanılmadım. Məndə yeri ayrıdır...

- Hansı rəsmi xüsusi bir sevgiylə, hislə çəkmisiniz?
- Bu bir portret olub. Ruhuma doğma sandığım bir insanın rəsmi olub... Ümumiyyətlə portret sifarişi götürmürəm. Mənə yad olan insanları çəkə bilmirəm. Bilmirəm bir rəssam üçün bu yaxşıdır, yoxsa pis, amma çəkəcəyim insanları özüm seçirəm.

- Bu rəsmlə nə demək istəmisiniz? 

Gənc rəssam: "Mənə yad olan insanları çəkə bilmirəm" (Müsahibə)

- Bu rəsmdə qadın gözəlliyi tərənnüm olunub. Qadın özü bir incəlikdir. Düzdür, “Nude Art”-ı hər adam qəbul etmir. Etməyənlər də incəsənətdən anlayışı olmayanlardır. Qadın bədənini çəkmək rəssamlıqda ayrıca bir dərsdir. 


- İncəsənət sizin üçün nədir?
- İncəsənət ruhdur, tarixdir, gözəllikdir, incəlikdir. İncəsənət böyük bir mədəniyyətdir ki, nə irqi var, nə də ölkəsi. Dünyanın sülhə dayanacağı məhfumdur. Yaxşı ki, damarımda incəsənət qanı axır. Yoxsa həyatım maraqsız olardı. Bütün çətinlikləri aşa biləcəyim, özümü tək hiss edəndə sığındığım, məni ayaq üstə saxlayan, yaşayıb yaratmağa həvəs verən bir məhfumdur incəsənət. İncəsənətsiz qalmayın.

Gənc rəssam: "Mənə yad olan insanları çəkə bilmirəm" (Müsahibə)

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti