"Mən Allahın rəsuluyam!" - Müsahibə (I HİSSƏ)

21-03-2017, 15:14
Oxunub: 11767
"Siz əgər rəsul olmaq istəsəniz, Allah sizə bunu bəxş edə bilər"


Təzəlikcə bir məlumat aldım. Bakıda Allahın elçiləri varmış, özü də xeyli sayda. Onlar Məhəmməd peyğəmbəri sonuncu olmadığını iddia edirlər. Həmin rəsulların biri ilə təsadüfən facebook-da tanış oldum və qərara gəldim ki, onu redaksiyaya dəvət edib müsahibə alım. Qabaqlar Allah elçisi deyiləndə nəzərimdə fövqəltəbii, möcüzəvi bir şəxs canlanırdı. Lakin müsahibim Yalçın Nəzərov bunun tam əksinə olduğunu mənə göstərdi.

Etatist.com Yalçın Nəzərovla müsahibəni təqdim edir:

- Öncə özünüzü təqdim edin.
- İsmi ilə Allahın, Rəhmanın, Rəhimin. Güvənirik Allah ilə Şeytandan rəcim. Həmd Allah üçündür, Rəbbidir aləmlərin.
Allah razı olsun ki, dəvət eləmisiniz. Adım Yalçındır. Yalçın da sizin kimi bir bəşərdir, Allah bəndəsidir. Mən 1973-cü ildə Bakının Əmircan, keçmiş Xələ kəndində anadan olmuşam. Elə həmin qəsəbədə orta məktəbi bitirmişəm.

- Ali təhsiliniz var?
- Mənim ancaq 11 illik dünyəvi orta təhsilim var. Ali təhsil almamışam. Lakin mənə elmi Allah verib. Elə oturduğum yerdə. Məsələn mən Allah istəyən qədər ərəbcə bilirəm və Quranı oxuyub onu tərcümə etməyi bacarıram. Əslində rəsullar və nəbilər də savadsız olublar, oxuma-yazma bilməyiblər. Məhəmməd əleyhissalam da eynilə.

- Dinlə tanışlığınız nə zaman baş verdi?
- Mən 21 yaşıma qədər dindən uzaq biri idim. İlk dəfə 21 yaşımda olanda babamın məclisində Ələsgər əleyhissəlamla tanış oldum. O, babamın məclisini aparırdı və həmin məclisdə Allahdan, Qurandan, Quranın tərcüməsindən danışırdı. Onun fikirləri mənim üçün maraqlı gəldiyindən sonralar onun yanına gedib-gəlməyə başladım. Beləliklə də, ilk dəfə din-imanla tanış oldum. Ələsgər əleyhissalamla tanış olana qədər cahillik içində yaşayırdım, içki də içirdim, söyüş də söyürdüm, dava da edirdim. Lakin Ələsgər əleyhissəlamla tanış olduqdan sonra onun tövsiyyəsi ilə Quran oxumağa başladım. Beləliklə də Qurandan mənə açılışlar gəldi. Bu açılışlar zamanı mənə əyan oldu ki, rəsullar olmalıdır. Quranda yazıldığı kimi, sizdə və sizdən olmalıdır. Mən də Quran ayələrinə əsasən bu rəsulun Ələsgər əleyhissalam olduğunu gördüm. 13-cü surənin 43-cü ayəsini oxuyarkən ((13-43).Və deyir o kəslər, kafirlər: «Deyilsən mürsəl!» De: «Kafi Allah ilə şahid aramda və aranızda və kim, yanında elmi kitabın!») belə bir çıxarış etdim ki, əgər rəsulu qəbul etməsəm kafir ola bilərəm. Bununla da Ələsgər əleyhissalamı rəsul kimi qəbul etdim.

"Bu gün Allahın rəsulları çoxdur və onların sayı daha da çox olmalıdır.."

"Mən Allahın rəsuluyam!" - Müsahibə (I HİSSƏ)

- Keçək birbaşa mətləbə, yəni, peyğəmbərlik mövzusuna. Siz də özünüzü peyğəmbər hesab edirsiniz...
- Əvvəla onu qeyd edim ki, Quranda peyğəmbər sözü yoxdur. Bu söz fars sözüdür. Quranda yalnız “rəsul”, “nəbi”, “mürsəl” “mübəşşir” kəlmələri var ki, bunların da hamısını “peyğəmbər” kəlməsi ilə ümumiləşdirirlər. Rəsul elçidir və hər dövrdə mütləq olmalıdır. Rəsul tək mən deyiləm ki. Özü də mən yeni rəsul deyiləm. Rəsullar bu gün çoxdur və onların sayı daha da çox olmalıdır. Çünki Allah 33-cü surənin 56-cı ayəsində deyir ki, ((33-56).Həqiqətən, Allahdır və mələkləri Onun diləyirlər üzərinə nəbinin! Yə əhli o kəslər inandılar! Diləyin üzərinə onun və salamınız təslimnən.)

İndi ağılla düşünək. Məhəmməd əleyhissalam 40 yaşına qədər nəbi deyildi. Ona kitab veriləndən sonra Allahın nəbisi oldu. Əgər bu ayələri təkzib etsək, Allahı təkzib etmiş oluruq. O zaman da Məhəmməd əleyhissalamı qəbul edənlər az idi. Bir də əgər Allahdan xəbər verən çox olarsa, onda həmin yerdə əmin amanlıq, salamatçılıq olacaq. Hər evdə nəbi olsa, bunun nəyi pis olacaq ki? Çoxları deyir ki, nəbi qeyri-adi, fərqli insandır. İnsanlar nəbiləri bütləşdiriblər, ilahiləşdiriblər. Ancaq əslində nəbi də adi bəşərdi. O da bazara, dükana gedir. Nəbinin vəzifəsi nədir? Xəbər verən.

- Nəbi ilə rəsul arasındakı fərq nədir?
- Rəsul eyni zamanda nəbidir. Ancaq ola bilər ki, nəbi rəsul olmasın. Rəsulda bütün bu sifətlər (xəbər verən, təbliğ edən, qaldırılmış) cəmlənib. Nəbi isə yalnız xəbər verir. Məsələn, siz də mənə Qurandan ayə desəniz, əgər mən həmin ayəni təkzib etsəm, onda sizi yox, Allahı təkzib etmiş oluram. Məsələn, İbrahim əleyhissalam 3 ayə ilə iman gətirdi. Kəvakib, Qəmər və Şəms ayələri ilə.

- Siz müasir dövrdə rəsulların olduğuna aid Qurandan dəlil gətirə bilərsiniz?
- Quranda yüzlərlə ayə var ki, rəsulların mövcudluğunu təsdiq edir. Məsələn "Ali İmran" surəsinin 101-ci ayəsini nümunə göstərə bilərəm: ((3-101).Və necə kafirsiz? Və siz, tilavat üzərinizə ayətləri Allahın və sizdə rəsulu Onun. Və kim yapışarsa Allah ilə, fəqət hidayəti tərəfinə siratin müstəqimin.) Bu ayə onu göstərir ki, hər bir dövrdə rəsul olmalıdır ki, ayələri insanlara oxusun. Bundan başqa "Əraf" surəsi 35ci ayədə ((7-35). Yə bəni ədəm! Nə vaxt gəlir sizə rəsullar sizdən, qissələri üzərinizə ayətlərimi və kim təqvalı və islah və yox xof üzərlərinə və yox onların hüznləri! (7-36). Və o kəslər təkzibləri ayətlərimiz ilə və təkəbbürlülər ondan, həmin onlar əshabı odun, onlar orada həmişəliklər!) bildirilir ki, rəsullar bizim aramızdan çıxmalıdır. Eyni zamanda 2-ci surənin 151-ci, 4-cü surənin 59-cu, 4-cü surənin 64-cü, 10-cu surənin 47-ci, 14-ci surənin 4-cü,39-cu surənin 71-ci ayələrində və digər yüzlərlə ayədə rəsulların olduğu barədə dəlillər var.

"Məhəmməd əleyhissalam sonuncu rəsul deyil.."

"Mən Allahın rəsuluyam!" - Müsahibə (I HİSSƏ)

- O zaman siz Məhəmməd peyğəmbərin son peyğəmbər olduğunu qəbul etmirsiniz?
- Bu barədə Quranda yalnız bir yerdə, 33-cü surənin 40-cı əyəsində qeyd edilib. ((33-40). Olmadı Muhəmməd atası əhədin kişilərinizdən və lakin rəsulu Allahın və xətmi nəbilərin və olar Allah küllisi ilə şeyin Alim!) Bu ayədə “xətmi nəbilərin ” ifadəsini “peyğəmbərlərin sonuncusudur” kimi tərcümə edirlər ki, bu da səhvdir. Həmin ayədə “xətm” sözü “son”, “axır” mənasında deyil, “möhür”, “təsdiq” anlamındadır. Yəni ki, Məhəmməd əleyhissalam nəbilərin təsdiqidir. Allahın qüdrət əlində, hər zaman gələcək nəbiləri təsdiqləyir. Eyni zamanda Quran ayələrində rəsulların, nəbilərin bizim aramızdan çıxmalı olduğu qeyd edilib ki, Məhəmməd əleyhissalam da bizim aramızdan çıxmayıb. Onun dili ərəbi olub, bizim dildə də danışmayıb. Rəsulun olmayacağını iddia edənlər də yalnız bu ayəyə istinad edirlər. Lakin Quranda nə qədər ayələr var ki, rəsulun mövcudluğuna, varlığına dəlalət edir. Biz bunu qəbul edirik və bu yolu da gedirik. Bu gün İbrahimi Rəsullar Şurası İttifaqı Dövləti (İRŞİD) var, rəsullar var, onların beyətləri, zövcələri var. Biz bu ayələri yaşayırıq. Biz pak insanların, pak cəmiyyətin əmələ gəlməsi üçün çalışırıq. Biz istəmirik ki, cəmiyyətdə oğurluq, narkomaniya olsun. Məsələn, həqiqi İbrahimilər siqaret çəkmir, söyüş söymür, içki sözsüz ki, içmir. Düzdür, hər bir insan səhv etdiyi kimi, bizim də xətamız ola bilər. Bu da təbiidir. Xətasız olan vahid Allahdır. Amma daim çalışırıq ki, əməllərimizi islah edək.

"Biz özümüzə qeyri-müsəlman deyirik. Biz Allahın bəyəndiyi din olan “Milləti İbrahimi” dinindəyik.."

- Yalçın bəy, sizin müqəddəs kitab kimi Quranı qəbul edirsiniz. O zaman sizə də müsəlman demək olarmı?
- Quranda ümumiyyətlə “müsəlman” sözü yoxdur. Biz bu gün müsəlmanların baş kəsdiklərini, bomba qoyub partlatdıqlarının, qadınların açıq-saçıq geydiklərinin, Allahın xoşuna gəlməyən digər işlər gördüyünün şahidi oluruq. Biz də buna görə özümüzə qeyri-müsəlman deyirik. Yəni, biz müsəlmanlardan fərqliyik. Dövründə dahi satirik şair M.Ə.Sabir də cindən, şeytandan, xortdandan yox, müsəlmanlardan qorxduğunu söyləyib. Biz Allaha təslim olanlardanıq. Bizim qibləmiz də Allahadır. Məşriq və məğrib Allahındır. Hara çevrilsək, vəchidir Allahın. Bizə buna görə adlar da qoyurlar, məsələn, “Quranilər”, yaxud “Ələsgərilər”. Bunlar hamısı böhtandır. Əlbəttə, biz yalnız Qurana istinad edirik, bizim üçün müqəddəs kitab Qurandır. Lakin biz İbrahimilərik. Yəni Allahın bəyəndiyi din olan “Milləti İbrahimi”.

- Quranın hansı ayələrində “İbrahimilik” dininin doğru olduğu barədə yazılıb?
- Bəli, 3-cü surənin 95-ci ayəsində (3-95). De: «Sadiq Allah! Və tabelyiniz milləti İbrahimə hənif və olmadı müşriklərdən!»,
4-cü surənin 125 ci ayəsində ((4-125). Və kim əhsən dinə kimdən təslim vəchini Allah üçün və o muhsin və tabeliyi milləti İbrahimə hənif? Və aldı Allah İbrahimi xəlil!) və digər ayələrdə Allah insanları İbrahim millətinin ardınca getməyə, Milləti İbrahimi olmağa çağırır. Buna görə də biz nə İsəviyik, nə Musəvi, nə də Məhəmmədi. Biz İbrahimi millətiyik. 22-ci surənin 78-ci ayəsində isə ((22-78).Və cəhdiniz Allahda haqq cəhdi Ona.O seçdi sizi və olmadı edən üzərinizə dində çətinlikdən – milləti atanız İbrahimin. O isimləndirdi sizi təslimçilər qabaqcadan və bu da, olması üçün rəsul şahid üzərinizə və olasınız şahidlər üzərinə insanların. Və qiyamınız sələtə və ətanız zəkatı və yapışın Allah ilə - O Mövlanız və nemətli Mövla və nemətli Nəsir!) 2-ci surə 130-cı ayəsində (2-130). Və kim rəğbətsiz millətindən İbrahimin ancaq kim səfeh nəfsinə. Və əlbəttə, seçdik onu dünyada və həqiqətən o axirətdə salehlərdən. İbrahim əlyehissalamın bizim hamımızın atamız olduğu qeyd edilib. Buna görə də biz İbrahim əleyhissalamı mənəvi atamız sayırıq.

"Mən Allahın rəsuluyam!" - Müsahibə (I HİSSƏ)

- Sizə iman gətirənlərin sayı nə qədərdir?
- Bizə həmişə iki sual verilir. Biri maliyyə ilə bağlı, biri də bizim sayımız...

- Mən maliyyə ilə bağlı sual vermirəm.
- Yox, sizdən söhbət getmir, mən ümumiyyətlə deyirəm. Sayımızı dəqiq deyə bilmərəm. Ancaq Allah Quranda yazır ki, Allah ordusunun sayını ancaq özü bilir. Mən doğru düzgün inan olanda Allah mənə vəd verir ki, min, üç min, beş min və daha artıq mələk göndərir yardıma. Bu sabah yayılıb milyon da ola bilər. Düzdür, bunun qarşısını almaq istəyirlər. Nuh əleyhissalamı da vaxtilə öz kəndindən çıxarmaq istəyirdilər. Şeytan daim insanları doğru yoldan çəkindirməyə çalışır. Hələ 1997-ci ildə Ələsgər əleyhissalam özündən sonra mənim varis olacağımı bəyan etmişdi. İndi də camaat var, beyət var. Onlar yetişə-yetişə irəliləyirlər. Ələsgər əleyhissalam hal-hazırda özü də bir ağsaqqal kimi məsləhət və tövsiyyələrini bizə verir. Əsas işləri isə mənə həvalə edib. Ələsgər əleyhissalam da Allahın seçilmişidir. Mənə gəlincə isə, ətrafımda 4 nəfər var – Elxan əleyhissalam, Baba əleyhissalam, Elçin əleyhissalam və Cabir əleyhissalam. Bunların hər birinin ətrafında da insanlar var. Məsələn Elxan əleyhissalamın ətrafında Əsgər əleyhissalam, Mürsəl əleyhissalam, Əliheydər əleyhissalam. Bunlar da hər biri Allahın rəsullarıdır. Onların da ətrafında beyətlər var. Əsas Şuradı, İbrahimi Rəsulları Şurası İttifaqı Dövləti, o da 17 nəfərdən ibarətdir. Bunların da ətrafında beyətlər yayılır. Tutaq ki, Baba əleyhissalamın yanında olan Vaqif əleyhissalam, Əflatun əleyhissalam, Azad əleyhissaam, Elçin əleyhissalamın ətrafında Kazım əleyhissalam, Aydın əleyhissalam, Nadir əleyhissalam, Cabir əleyhissalam ətrafında Süleyman əleyhissalam, Samir əleyhissalam, İlqar əleyhissalam toplanıb. Bu formada bir sistem kimi gedir. Bu, Allahın sistemidir.

- Yalçın bəy, bu sistem bir növ Network biznes sisteminə bənzəyir. Piramida kimi...
- Bəli, bizim üçün onu da deyirlər. Bu bizdə Allahın dinin yayılması üçündür. Burada inananlar qardaşdır. Bizdə hər kəs bir-birinə əl tutur, kömək edir. Məsələn, maşın alanda, evlənəndə. İnsan bu sistemi daha doğru dərk etmək üçün bunun içində yaşamalıdır. Maliyyəyə gəlincə, Allahın verdiyi qayda-qanuna görə zəkatla maliyyələşirik. Bu gizlin də deyil. 8-ci surənin 1-ci, 41-ci ayəsindən zəkat vermək buyurulub. Bu ayəyə görə inanclı insan gəlirinin 5,1-ni Allah yolunda verir. Allaha da rəsullar vasitəsilə verilir. Zəkatın bölgüsü də 9-cu surənin 58-ci ayəsində rəsulun üzərinə düşür. Rəsulun bölgüsünə də irad tutmaq olmaz. Kim irad tutsa kafir olur. Ancaq biz bu yolu qazanc üçün getmirik. Biz dünya nemətlərinə həris deyilik, bunlardan yalnız vasitə kimi istifadə edirik. Məsələn, maşın üçün yaşamırıq, onu əldə etməyə can atmırıq. Maşından ancaq minik vasitəsi kimi istifadə edirik. Həmçinin mobil telefon, ev, geyim, kompyüter. Bunların hamısından ancaq istifadə məqsədi güdürük. Bizim istədiyimiz axirət həyatıdır. Çünki əbədi həyat ordadır. Bu dünyada hər bir şey fanidir. Zəkatı verənlər ancaq Allah üçün verir, rəsulluq bir vəzifədir və bu zəkatın paylanmasında vasitəçilik edir. Bu gün bu işi mən görürəmsə, sabah mən öləndən sonra başqası bu vəzifəni icra edəcək. Bu, siz də ola bilərsiniz. Olsun! Rəsullar nə qədər çox olsa, bir o qədər çox əmin-amanlıq olacaq.

- Yəni, mən də rəsul ola bilərəm?
- Əlbəttə.

- Necə ola bilərəm?
- Fatihə surəsinin 6-cı, 7-ci ayəsində, 4-cü surənin 69-cu ayəsində “nemət verilən” kəslər nə deməkdir? Nemət verilən kəslər rəsullardır, nəbilər, salehlərdir. Əgər siz istəsəniz, Allah sizə də verər. Bəziləri buna inanmır. Əlbəttə ki, kim ki rəsulun olmasına inanmır, o rəsul ola bilməz. Siz əgər rəsul olmaq istəsəniz, Allah sizə bunu bəxş edə bilər. Bu üstünlük Allahın əlindədir...

Ardı var...

Səid Riad
Etatist.com
Şərhlər : 2 Şərh yaz
Elnur 21 mart 2017 18:26  

Allahın salamı olsun Allahın hər zaman seçib qaldırdığı rəsullarının, nəbilərinin, qaldırılmışlarının və cəmiyyən bəni ibrahimilərin üzərinə. Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur Allah Əhəddir heç bir şəriki də yoxdur. Şəhadət verirəm ki, Allahın hər bir dövürdə qaldırdığı rəsulları, nəbiləri haqdır. Şəhadət verirəm ki, Yalçın ə.s indiki zəmanənin ilk təslim olan rəsulu və nəbisidir.

Arif 21 mart 2017 20:19  

salam.men bu Yalçinin dediklerini oxudum.chox yazmak istemirem ancak mentikle baxarsansa quranla baxarsansa bu adam her sheyi dogru deyir.Dogurdanda niye olmasin ki Allah resuliu.ve Allah resullarinin chox olmasinin bize ne ziyani ola biler..Men o insanlara da bir sual vermek isteyerdim Allah resullarinin olmagi bizim uchun ne zerer vere biler ve yaxud neyi pis ola biler. hele bir bu suali oz-ozlerine sual versinler eger cavab tapa bilerlerse ki Allah resullarinin gelmesi insanlar uchun zerer ziyan olacakdir o zaman bizde deyek ki he olmasin.ancak diqqetle baxsinlar ki her bir zamanda Allah resullarinin gelmesi insanlarin neyine zerer veribdir ve yaxud Allah resulu gelende insanlara ne pislik edibler.bu sualin cavabi quranda vardir.ona gore de yaxshi olardi ki her kes nefsinin dediyine yox aglinin dediklerine baxsinlar..Allah razi olsun.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti