"Narazı"lar kimlərdir? - "Mütləq inanclılar"

20-03-2017, 14:12
Oxunub: 417
İşsizlər istənilən müxalif siyasi hərəkat üçün əvəz edilməz şəxslərdir


Kütləvi hərəkatlarının müxtəlif ideologiya tərəfdarları və dini qruplar tərəfindən yönləndirildiyi XX əsrdə bir çox sosioloq və psixoloqları, insanları bu hərəkatlara nəyin cəlb etdiyi düşündürürdü. Nəyə görə insanlar, öz həyatlarını, ailələrini və s. təhlükəyə ataraq bu hərəkatlara qoşulur və mübarizə aparırlar? Xüsusilə də psixoanalizin inkişaf etdiyi XX əsrdə, mübarizənin yalnız mövcud vəziyyətdən narazı olanlar tərəfindən aparıldığı cavabı qənaətbəxş sayılmırdı. Bu “narazı”lar kimlərdir?

Amerikalı filosof Erik Hoffer, ilk kitabı olan “Mütləq inanclılar”da bu suallara cavab verməyə çalışıb. Erik Hofferin bu yöndə müşahidə və araşdırmaları, Azərbaycan oxuyucularına yad olsa da, kütlə psixologiyası və müqavimət hərəkatları barədə ən ciddi araşdırmalardan sayılır. 1951-ci ildə nəşr edilmiş bu kitab, filosofun ilk kitabı olmasına baxmayaraq böyük marağa səbəb olmuş və özünə geniş oxucu kütləsi tapmışdı.

E. Hofferin fikrincə ümumilikdə insanları kütləvi hərəkatlara, siyasi partiyalara və s. cəlb edən əsas amillərdən biri, qısa müddətdə böyük dəyişikliklərin ola biləcəyi ümididir. Xəyalları puça çıxmış, yoxsullaşmış vətəndaşlar, mövcud sistemin getdikcə tənəzzülə doğru getdiyini anladıqda onları bu vəziyyətdən çıxara biləcək liderin axtarışına çıxırlar. Hofferin fikrincə bunu yaxşı dərk edən kütləvi hərəkat liderləri, insanlara qısa müddət ərzində böyük dəyişikliklər, tərəqqi vəd edərək onları öz sıralarına cəlb edir və əksərən bu vədlər yalan olur.

Hofferin fikrincə "narazılar" əsasən bu qrup insanlardan təşkil olunur:

1. Yeni yoxsullaşmışlar. Hofferin fikrincə kütləvi hərəkatlarda iştirak edənlərin böyük əksəriyyəti, iqtisadi böhran nəticəsində yenicə yoxsullaşmış və mövcud siyasi hakimiyyətlə yenidən əvvəlki vəzəiyyətinə qayıda bilməyəcəyini düşünənlərdən təşkil olunur. Bu insanların ümidlərini puça çıxaran hakimiyyət, bunun bədəlini özünə qarşı potensial "narazılar" kütləsi hazırlamaqla ödəyir. Bu tip insanlar üçün tez bir zamanda dəyişiklik üçün ümid verənlər, ən böyük xilaskarlara çevrilir. Yeni yoxsullaşmışların əksinə, yoxsulluğa öyrəşmişlər isə gələcəklə bağlı pessimist fikirdə olduqlarına və heç bir siyasi hərəkata, partiyalara güvənmədiklərinə görə adətən bu tip hərəkatlara qoşulmurlar. Onların fikrincə, heç bir dəyişiklik proqressiv deyil, yalnız tənəzzüllə nəticələnə bilər.

2. Ailə və cəmiyyətə uyğunlaşa bilməyənlər. Hofferin fikrincə, kütləvi hərəkatlarda iştiraka meylli olan digər qrup isə ailəcanlı olmayan, müxtəlif səbəblərdən cəmiyyətə uyğunlaşa bilməyənlərdən ibarəttir. Fərdin - hətta çox böyük eqoist olsa belə - hər hansısa qrupa (xüsusən qapalı təşkilatlara) aid olmaq istəyi var. Bu istəyi ən yaxşı şəkildə duyan siyasi hərəkat liderləri, xüsusilə də kommunistlər, insanların ailələrinə olan bağlılıqlarını qırmağa çalışırlar. Çünki ailəsinə bağlı insanlar, özlərini bir qrup içində (ailə) əritmiş olduqlarına görə adətən bu tip hərəkatlarda aktiv iştirak etməyə meylli olmurlar. Bu qrupa əsgərlik müddətini yenicə başa vurmuş və cəmiyyətə adaptasiya olmağa çətinlik çəkənlər, müharibədən qayıtmış və özünü boşluğa düşmüş kimi hiss edənlər də aiddir. Hofferin fikrincə insanlar, hətta şəxsi həyatındakı uğursuzluqları belə başqalarının üstünə atmağa meyllidirlər. Siyasi hakimiyyət, sistem zəiflədikdə, həyatından narazı hər kəsin bir nömrəli düşməninə çevrilir.

3. İşsizlər. Ümumiyyətlə işsizlər istənilən müxalif siyasi hərəkat üçün əvəz edilməz şəxslərdir, bu şəxslərdən xüsusilə sol yönümlü partiya və hərəkatlar çox gözəl yararlana bilirlər. Məsələ burasındadır ki, özünü fəda etməyə hazır şəxslər içində öndə gedənlər, itirməyə bir şeyi olmayanlardı. Onlar hətta ən radikal hərəkatlara belə düşünmədən qoşulma potensialına sahibdirlər. Buna görə də Gustav Le Bon, Fransanın praktika yox nəzəriyyə üzərinə qurulmuş təhsil sistemini tənqid edərkən Fransa dövlətinin, diplomlu işsizlər qismində özünə ən böyük düşmənləri qazandığını bildirirdi.

4. Günahkarlar. Bu və ya digər tərəfdən özünü günahkar, "ləkəli" hesab edənlər də siyasi hərəkatlara qoşulanlar arasında xüsusi yerə sahibdirlər.

Hofferin fikrincə "günahkarlar", hər hansısa "müqəddəs ideaya", ictimai, siyasi məqsədə, hədəfə xidmət etməklə özlərini təmizlənmiş, günah yükünü üzərinən atmış kimi hiss edirlər. Həmçinin, hansısa bir qrupa aid edilmək, o qrup daxilində özünü "əritmək" bu insanlar üçün psixoloji olaraq yüngüllük gətirir. Hofferin fikrincə bir ideologiyaya və yaxud partiyaya "təslimiyyət", "fədakarlıq" günahkarlar üçün tövbə və təmizlənmə funksiyasını yerinə yetirir. Günahı olmayanın, tövbəyə ehtiyacı olmur...

5. Gənclər. Hər cür yenilik və dəyişiklik istəyi adətən gənclər tərəfindən böyük maraqla qarşılanır və dəstəklənir. Həyata yeni atılan gənclər, mövcud vəziyyətin problemlərini, bu vəziyyətə uyğunlaşmışlara nisbətən daha yaxşı analiz edə bildiklərinə və gəncliyin verdiyi eneri və coşğuyla dəyişiklik arzusunda olduqlarına görə, hərəkatlarda iştirak edənlərin böyük əksəriyyətini təşkil edirlər. Yaşlılar isə əksinə, hətta vəziyyətdən narazı olsalar belə, adətən mühafizəkar olduqlarına görə dəyişiklik və yeniliklərə müsbət yanaşmırlar.

Qeyd: bu saydığım qruplarla yanaşı Hoffer, bir çox digər qrup və xarakterləri nümunə göstərir, bunlar arasında xüsusilə diqqətimi bu 5 qrup çəkdiyinə görə yalnız onları qeyd etdim.

Zənnimcə Hofferin bu araşdırmaları bir daha sübut edir ki, ictimaiyyət tərəfindən zəif, uğursuz, hətta əxlaqdan kənar deyə xor görülərək sıxışdırılanlar, gələcəyi şəkilləndirənlər sırasında ilk yerləri tuturlar. Zamana və regiona uyğun ideologiyaya sahib, siyasi fəaliyyətini ən doğru şəkildə yürüdən bir lider, bu "uğursuzlar" vasitəsilə gələcəyi qura, böyük dəyişikliklər gerçəkləşdirə bilər. Və ən maraqlısı budur ki, bu dəyişikliklərə ən tez uyğunlaşan, əksəriyyəti "normallar"dan ibarət cəmiyyət olur...

Elvin Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti