"Azadlıq məsuliyyətdir" - İmtina mədəniyyəti

20-03-2017, 13:17
Oxunub: 625
Azadlıq azad fəaliyyətdir


İndi mən anlayıram ki, Tolstoy niyə 35 illik həyat yoldaşından qaçmışdı, niyə Rünöske 35 yaşında intihar etmişdi, Selincer jurnalistlərə müsahibə verməkdən imtina edib dağlara qaçmışdı. İndi mən anlayıram ki, Əziz Nesinin qaldığı “Madımak” hoteli niyə yandırılmışdı və ən əsası indi mən anlayıram ki, imtina etmək nə deməkdir. İndi mən şöhrətə və kapitala uduzduğuna görə utanc duyan Cek Londonun əzablarını anlayıram. İndi anlayıram ki, həyatın son dərsinin sonuncu səhifəsində böyük hərflərlə tək bir söz yazılıb. İMTİNA.

Uzun müddət Azərbaycan ziyalısı nə üçün uğursuzluq yaşayır, xalq niyə Azərbaycan ziyalısına inanmır sualına cavab axtardım. Bu suala cavabı Milli Fikir Mərkəzində tapdım. MFM-də öyrəndim ki, insanın dəyəri vaz keçdiyi qədərdir. Şəxsiyyət o insana deyirlər ki o, öz fərdi maraqlarından, mənfəətçi zehniyyətdən imtina edə bilir. Bu gün Azərbaycan ziyalısı öz fərdi, cılız maraqlarından imtina edə bilmir. O, özünü xalq kimi, dövlət kimi, sistem kimi görmür. Əksinə öz fərdi azadlığını qabardır. Azadlıq məsuliyyətdir. Azadlığın təyinatı olmalıdır. Biz azadlığı yaradıcılıq kimi başa düşürük. Azadlıq azad fəaliyyətdir.

Biz “məndən ötsün qardaşıma dəysin” fəlsəfəsi ilə yaşamağı özümüzə utanc sayırıq. Əgər başqalarının əzabları bizi narahat edirsə demək ki, biz insanıq. Əgər başqalarının sevincinə şərik ola biliriksə, başqalarının uğuruna seviniriksə demək ki, insanıq. Əgər başqaları anlayışını unudub hər kəsi biz olaraq görürüksə demək ki, biz üst insan olmağı bacarmışıq.

7 ildir ki, yazıram. Bu 7 ildə mükafat almamışam. Yazıçı-publisist Aydın Canıyev kitabında yazmışdı ki, insanda imtina etmək mədəniyyəti olmalıdır. Tamamilə doğru fikirdir. Bu zamana qədər heç kim haqqında tərifnamə yazmamışam, heç vaxt sifarişlə yazmamışam, iş tapmaq üçün heç kimi tərifləməmişəm. Amma şübhəsiz ki, bu saydıqlarımı edənlər kimlərsə tərəfindən cəmiyyətə uğurlu nümunə kimi təqdim olunurlar. Reallıq budur ki, cəmiyyət onları qəhrəman hesab edir.

İmtina vacibdir, ona görə ki, imtina insanın gücünü, şəxsiyyətin nüfuzunu göstərir. İnsan təbiətən acgöz varlıqdır. O daha çox qazanmaq, daha çox şeylərə sahib olmaq istəyir. Tolstoy öz əsərlərinin vəkalət hüququndan imtina etmişdi. Hətta sağlığında belə kim istəsəydi Tolstoyun kitabını qonorar ödəmədən, izacə almadan çap edə bilərdi. Tolstoy bunu məşhur olmaq üçün etməmişdi. Tolstoyu həmin zaman bütün dünya tanıyırdı. Tolstoy düşünürdü ki, yazdıqları onun yox, dünyanındır, bəşəriyyətindir. Bu səbəbə görə biz Tolstoyu klassika sayırıq. Onu həvəslə oxuyuruq. İmtina etmək insanın cəsarətinin sübutudur.

Biz daha çox şey istədiyimiz üçün bədbəxtik. Hər gün onlarla mənasız informasiya qəbul edirik. İnformasiya çoxluğu bizi ciddi həqiqətlərdən uzaqlaşdırır, bizi məhv edir. Düşüncələrimizi başqaları müəyyənləşdirir. Azərbaycan gənci başqalarından aslı qalmadan öz imkanları hesabına çətinliklərə qalib gəlməyi öyrənməlidir. Yolun başlanğıcı imtinadan başlayır. İmtina etmədən böyümək olmaz. Axı hər kəs Budda kimi, Tolstoy kimi imtina edə bilmir.
Nicat Həşimzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti