İsrail Suriyaya dalbadal zərbələr endirir

20-03-2017, 11:36
Oxunub: 53
Hələlik nə İsrail, nə Suriya hücumlar barədə şərh verməyib


İsrail son bir sutka ərzində ikinci dəfə Suriya ərazisindəki hədəflərə zərbələr endirib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, martın 19-da axşam İsrail aviasiyası Suriyanın Kuneytra rayonunda fələstinlilərdən ibarət olan və İranın maliyyələşdirdiyi “Kunetra qartalları” batalyonuna zərbə endirib. Batalyonun komandiri Yasir əs-Sayed və bir neçə döyüşçü öldürülüb. Batalyonun İsrailə qarşı hücum hazırladığı və zərbənin buna görə endirildiyi bildirilir.

Bu gün səhər saatlarında isə İsrail aviasiyası Suriyanın Livanla sərhədində “Hizbullah”a silah apardığı deyilən maşın karvanını bombalayıb. Habelə Bəşər Əsədə sadiq ordu qüvvələrinin mövqelərinə zərbə endirib. Bu hücumlarda onlarla adamın öldüyü təxmin edilir. Lakin hələlik nə İsrail, nə Suriya hücumlar barədə şərh verməyib.

Xəbər verildiyi kimi İsrail aviasiyası martın 17-də Suriya ərazisində “Hizbullah” üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlara zərbə endirib. Bu zaman Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrail F-16 təyyarələrinə S-200 zenit raketi buraxıb. Raketlərdən biri İsrailin “Arrow” raketdən müdafiə sistemi tərəfindən vurulub. İsrail müdafiə naziri Aviqdor Liberman bildirib ki, əgər növbəti dəfə onların təyyarələri atəşə tutulsa Suriyanın hava hücumundan müdafiə sistemləri məhv ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti