"Bu, böhranın daha pis mərhələsidir" - Ekspertlər danışır

17-03-2017, 15:55
Oxunub: 388
"Sənayə istehsalı təbii ki, Azərbaycan iqtisadiyyatının aparıcı sektorudur"


Neftin qiymətinin ucuzlaşması, dünyadakı iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Arxa-arxaya baş verən devalvasiya, daha sonra manatın tam olaraq üzən məzənnəyə keçməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərib. İqtisadçılar böhrandan çıxış yolu üçün təkliflər verir və ölkənin hazırkı iqtisadi durumunu qiymətləndirir.

Ölkənin hazırkı iqtisadi durumunu dəyərləndirmələri və bundan sonra bizi nələr gözlədiyini öyrənmək üçün iqtisadçılarla əlaqə saxladıq. İqtisadçı Natiq Cəfərli Etatist.com-a bildirdi ki, ölkənin iqtisadi vəziyyətinin ən yaxşı göstəricisi elə rəsmi rəqəmlərdir:

"Bu, böhranın daha pis mərhələsidir" - Ekspertlər danışır

"Baxmayaraq ki, rəsmi rəqəmlər də bizdə həmişə problem olub. Hətta rəsmi rəqəmlər də göstərir ki, ölkədəki iqtisadi vəziyyətin ağırlaşması prosesi daha da sürətlənir. Çünki 2016-cı ilin rəsmi məlumatlarına görə Azərbaycanın ümumdaxili məhsulu 4 faiz aşağı düşmüşdü. Bu, dünyada ən ağır göstəricilərdən biri idi. Bu ilin ilk ayının da nəticələri açıqlandı. Sənaye istehsalı da təqribən 3,8 faiz aşağı düşüb. Neft hasilatı 7,8 faiz aşağı düşüb. Xarici ticarət dövriyyəsində problemlər yaşanır. Xeyli dərəcədə dövriyyə qalıb. Çünki insanların alıcılıq qabiliyyəti də aşağı düşüb. Qiymətlərdə sürətlə artımı görürük. Yəni, makroiqtisadi göstəricilərə baxdıqda, hətta rəsmi rəqəmlərlə belə izah etsək, Azərbaycanda durğunluq davam edir. İqtisadi aktivlik xeyli dərəcədə azalıb. Mərkəzi Bank manat dövriyyəsini 2 dəfə azaldıb. Keçən il 11,8 milyard manat dövriyyə var idi, indi 6,8 milyarda qədər aşağı salıb. Bütün bu parametrlərə görə durğunluq yaşanır. Artıq bunun adı böhran deyil, böhranın daha pis mərhələsidir. Durğunluq mərhələsinə qədəm qoymuşuq. Hökumət bəzi addımlar atmağa çalışır, ən azından tikinti sektorunda müəyyən canlanma yaratmaq istəyir. Sosial mənzillərin tikintisinin artırılması ilə bağlı müəyyən qərarlar var. Amma onların maliyyə mənbələri bilinmir. Bütün bu addımlara baxmayaraq hələ ki, ciddi effekt vermir, təəssüf ki"

İqtisadçı alim Qubad İbadoğlu isə ümumi iqtisadi artım templərinin aşağı düşməsinin davam etməkdə olduğunu dedi:

"Bu, böhranın daha pis mərhələsidir" - Ekspertlər danışır

"Bu ilin ilk 2 ayının nəticələrinə baxsaq görəcəyik ki, ümumdaxili məhsulda 0,4 faiz artım var. Eyni zamanda ən çox narahat edici məqam ondan ibarətdir ki, həmin dövr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 3,7 faiz aşağı düşüb. Sənayə istehsalı təbii ki, Azərbaycan iqtisadiyyatının aparıcı sektorudur. Sənayedə istehsal tempinin 3,7 faiz azalması bu istiqamətdə ciddi dəyişikliklərin aparılmasını tələb edir. Xüsusilə nəzərə alaq ki, sənaye istehsalında aparıcı sektor mədən çıxarma sektorudur, mədən çıxarma sektorunda neft hasilatı bu ilin iki ayında əvvəlki dövrlə müqayisədə 7,3 faiz azalıb.

Xüsusilə neft hasilatının azalması, dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda, həm də daxil olan valyutanın azalması, xarici ticarət balansının mənfiyə gətirib çıxarır. Ona görə hələ ki, lazım olan səviyyədə dəyişiklik müşahidə edə bilmirik. Bu baxımdan da 2015-ci ildəki həmin səviyyəni bərpa eləmək üçün bu il ən az o səviyyədə artım olmalıdır, amma o artım tempi son 2 ayda cəmisi 0,4 faiz təşkil edir. Digər mənfi tendensiya ondan ibarətdir ki, portfel azalır və xarici investisiya borcları aşağı düşür və borcların əsas mənbələrindən biri kredit təşkilatlarının, ilk növbədə bankların vəsaitlərini kreditə yönəldilməsidir, amma 2016-cı ilin fevralın 1-nə olan vəziyyətinə görə, 2017-ci ilin fevralın 1-də 21,2 faiz azalıb. Vaxtı keçmiş kreditlərin də ümumi kredit portfelində payı demək olar ki, 10 faizə çatıb. Əhali də banklarda əmanətlərini geri çəkir, yəni bu da keçən ildən başlayan tendensiyanın davamı kimi qiymətləndirilə bilər."

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti