IT üzrə mütəxəssis: “İnsan öz yaratdığı şeylərdən zövq alır”

17-03-2017, 15:23
Oxunub: 1804
"İçimdə hardan gəldiyi bilinməyəm bir öyrənmə aclığı var"


Keçmişdə yaşasaydıq, daha çox əl əməyinə ehtiyacımız olardı. Amma XXI əsr texnologiya əsridir. Bütün dünyada bu sahədə xeyli mütəxəssislər olsa da, Azərbaycanda onların sayı çox deyil. Gənclərə bu çətin gəlir və ya necə başlayacaqlarını, nə edəcəklərini bilmirlər. Azərbaycanda IT üzrə mütəxəssis Abbas Ramazanovdan müsahibə almağımızın əsas səbəbi də bu idi.

Gənc IT mütəxəssisi Abbas Ramazanovun Etatist.com-a müsahibəsini təqdim edirik:

- Harada təhsil alırsınız?
- Qafqaz Universitetində təhsil alıram. Düzdür, indiki adı Bakı Mühəndislik Universitetidir, amma mən hələ də Qafqaz deyirəm.

- Hansı ixtisas üzrə?
- İnformasiya texnologiyaları mühəndisliyi üzrə.

“İnsan öz yaratdığı şeylərdən zövq alır”

IT üzrə mütəxəssis: “İnsan öz yaratdığı şeylərdən zövq alır”

- Bu sahəyə marağınız necə yarandı?

- Bu sahəyə marağım uşaq vaxtlarımda alınan kompüterin oyunlarından sıxılmağa başlamağımla yarandı. Bu alətin oyun oynamaqdan başqa işlərə də yaramalı olduğunu hiss edirdim. Daha yeni şeylər axtarırdım. Düzü, nəticədə hər iki həftədən bir kompüteri format etdirməli olurduq, amma mən əl çəkmirdim. Məhz programlaşdırmaya isə yenə kompüterin yeni bacarıqlarını axtararkən "Youtube"da programlaşdırma dərslərini görməyimlə başladım. Bu iş içimdəki yaradıcılıq tələbini qarşılayır. İnsan öz yaratdığı şeylərdən zövq alır.

- Marağınız olduğu başqa sahələr də var? Onlardan hansınısa bu qədər irəlilətməyi istəmisiniz?
- Marağım olan başqa sahələr rəsm, çox az musiqi və daha çox isə idmandır (street workout). İdman sahəsində irəliləməyi düşünürəm. İki il bundan əvvəl indikindən daha yaxşı vəziyyətdə idim, amma universitet hazırlığına görə bir müddət ara verməli olmuşdum. Bu günlərdə yenidən qaldığım yerdən başlamağı hədəfləyirəm.

“O vaxt ən böyük uğurum ekran arxaplanını dəyişmək olmuşdu”

- Proqramlaşdırmaya ilk olaraq hansı işlə başladınız?
- Yadımdadır hardasa 5-6 yaşım olardı. Hələ kompüterlə təzə tanış olurdum. Elə ilk tanışlığımdan çox sevmişdim. Dayım bu barədə bir az məlumatlı idi və o bir neçə şey öyrətmişdi. Qovluq yaratmaq, faylları qovluğa yükləmək və s. Amma mənim o vaxt ən böyük uğurum ekran arxaplanını dəyişmək olmuşdu. Elə sevinmişdim ki, elə bil yeni bir şey ixtira etmişəm. Mənə elə gəlir IT-yə ilk bununla başlamışam.

- Bu işdə böyük uğurlar qazanmağı düşünmüsünüzmü?
- Əlbəttə. Bunun baş tutacağına hər gün daha çox inanıram, bunun üçün çalışıram.

“Qazanan adam elə hər yerdə qazana bilər”

IT üzrə mütəxəssis: “İnsan öz yaratdığı şeylərdən zövq alır”

- Bacarığınızın burada hədər getdiyini fikirləşmisiniz? Məsələn, “Amerikada olsaydım çoxdan milyarder olmuşdum” kimi.

- Bilirsiniz, mən həyatda hər şeyin bir-birindən asılı olduğuna inanıram. Buna oxuduğum kitab, məqalə və məlumatlar, bir az da öz təcrübəm əsas verir. Məsələn, tutaq ki, mən bu gün axşam çay içmək fikrimdən daşınıb kofe içirəmsə, onda, deməli, yer kürəsinə düşməli olan meteorid daha yer kürəsinə düşməyəcək. Sözümü ona gətirmək istəyirəm ki, əgər Amerikada və ya qeyri bir ölkədə doğulmuş olsaydım, bəlkə də heç bu sahəyə həvəsim və marağım olmayacaqdı, həyatım tamam başqa çür formalaşacaqdı. Milyarderlik mövzusuna gəldikdə, qazanan adam elə hər yerdə qazana bilər.

- Mütaliə edirsiniz?
- Mütaliə edirəm və çox vaxt da ilk səhifələrdən məni sıxmayan kitabları oxuyuram. Mütaliə sadəcə kitabla bitmir, gün ərzində durmadan internetdən məqalələr və sahəmə uyğun olan yeni şeylər oxuyuram. Oxuduğum və sadəcə oxuduğum yox, yaşadığım hər şeydən nə isə öyrənməyə çalışıram. İçimdə hardan gəldiyi bilinməyəm bir öyrənmə aclığı var.

- Deyirsiz ki, öyrənmək üçün oxuyursuz, bəs niyə öyrənirsiz? Nəyisə öyrənməkdə məqsədiniz nədir?
- Düşünürəm ki, öyrənməkdə məqsədim özümü mükəmməlləşdirməkdir. Daha düzgün, daha yaxşı insan ola bilmək və təbii ki, daha geniş dünyagörüşünə sahib olmaq üçün. Öyrənmək dedikdə gördüyüm, oxuduğum hər şeyi yadımda saxlayıb beynimi boş şeylərlə doldurmuram. Amma mənə lazım olanları seçib onların üzərinə gedirəm.

"Əsl bilik və bacarıq iş prosesində ortaya çıxır"

- IT-yə yeni başlayanlara nə məsləhət görürsünüz?
- IT-yə yeni başlayanlara ilk növbədə riyaziyyat biliklərini genişləndirmələrini məsləhət görürəm. Bu sadəcə misalları həll etmək üçün deyil. Riyaziyyatla məşğul olmaq beyninizin sizin daha az işlətdiyiniz bölgələri işlədir və iş prosesində, necə deyərlər, daha məntiqli qərarlar verirsiniz. İkincisi, durmadan yoxlamağı məsləhət görürəm. İşi praktiki səviyyəyə daşımağı. Unutmayın ki, əsl bilik və bacarıq iş prosesində ortaya çıxır. Bir də yeni başlayanlarda ən çox rast gəldiyim "hardan başlayım?", "necə başlayım?" suallarıdır. Belə sualları az vermək və işinizə fokuslanmaq, sahənizlə bağlı ən xırda məlumatları toplamaqla başlayın. Yolunuza çıxan şeylər özlüyündə sizə hansı yolu izləməli olduğunuzu göstərəcək.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti