Dünyadakı qadın mübarizəsi - Feminizm tarixi

17-03-2017, 12:56
Oxunub: 1453
"Artıq qadınların həyat tərzində bir inqilab həyata keçirilməsinin zamanı gəldi"


Feminizm qadınla kişi arasındakı bərabərsizliyi araşdıran və bu bərabərsizliyin səbəblərini öyrənən bir nəzəriyyədir. Feminizm qadın-kişi ayrıseçkiliyinə qarşı çıxaraq cinslər arasındakı siyasi, iqtisadi və ictimai bərabərliyi müdafiə edən bir yanaşmadır. Ayrıca, qadınların yalnız qadın olduqlarına görə qarşı-qarşıya olduqları təzyiqi araşdıran bir nəzəriyyə olaraq hər sinifdən, irqdən, millətdən və dindən qadının bu problemlərlə qarşılaşdığını ifadə etməkdədir.

Tarixən üç dalğada araşdırılan bu yanaşmadan ilk olaraq Meri Uolstonkraft 18-ci əsrdə bəhs edib. Qızlarla oğlanların bərabər təhsil almaq hüquqları olduğunu müdafiə edərək qadınların həyat şəkillərində bir inqilab edilməsi lazım olduğunu müdafiə e. Meri Uolstonkraftdan təxminən bir yarım il sonra onun bəhs etdiyi fikirlər üzərinə danışılmış və nəzəri olaraq feminizmin tarixi başlamışdır. Feminizmin tarixi üç dalğa olaraq ələ alınır və bu üç dalğanı da fərqli qaydalar şəkilləndirib. Günümüzə qədər gələn nəzəriyyə bu müddətdə davamlı bir inkişaf və dəyişmə içərisində olmuşdur.

Dünyadakı qadın mübarizəsi - Feminizm tarixi

Nəzəri olaraq ilk dalğanı liberalizm şəkilləndirib. Bu dalğa ümumiyyətlə, səsvermə, təhsil və mülkiyyət tələblərini əhatə edən dövr olmuşdur. Bu tələblərin reallaşması üçün verilən mübarizələr nəticəsində qadınlar ciddi uğurlar əldə etmişlər. İkinci dalğanı da nəzəri olaraq radikal və Marksist nəzəriyyələr şəkilləndirmişdir. İlk dalğanın şəxsi həyata heç  müdaxilə etməməsinə qarşılıq bu dalğa ümumi olaraq "şəxsi həyat siyasidir" şüarı ətrafında şəkillənmişdir. Yəni bu dövrdə artıq ev içinə girilmiş, evdəki bərabərsizliklər müzakirə olunmuşdur. Bu dövrdə evdəki istehsal mövzusuna toxunulmuş, bu mövzunu da marksist nəzəriyyə ələ alıb. Üçüncü dalğa feminizm isə ümumiyyətlə, bu dövrdəki ekzistensialist, post-strukturalist və psixoanalist yanaşmaların təsiri altında qalmışdır. 


1980-ci il beynəlxalq münasibətlərdə bir sıra qırılmanın yaşandığı bir dövrdür. Bu müzakirə çərçivəsində beynəlxalq münasibətlərin ənənəvi yanaşmaları sorğulanmağa başlanmış və  kişi meyilli, ictimai cinsiyyətə istiqamətli laqeyd olmaqla da tənqid olunmuşdur. Beynəlxalq əlaqələr intizamının, ictimai elmlərin digər sahələrinə nisbətən ictimai cinsiyyət mövzularına istiqamətli daha maraqsız tutumu və bu mövzudakı müzakirələrin xaricində qalması da sıx tənqid olunmuşdur. Buna əlavə olaraq, beynəlxalq münasibətlərdə kişi sahəsi olaraq görülən və "yüksək siyasət"i (high politics) meydana gətirən beynəlxalq təhlükəsizlik, dövlət rəhbərliyi və hərbi siyasətlə qadın sahəsi olaraq qəbul edilən və "aşağı siyasət" (low politics) daxilində qiymətləndirilən ailə həyatı, fərdlərarası əlaqələr , yerli məsələlər arasında bir ayrıseçkiliyin yerləşmiş olması da təsirlidir.

Feminizm anlayışı

Bioloji olaraq kişi və ya qadın olmaq ilə ictimai olaraq kişi və ya qadın olmaq arasındakı uçurum, feminizmin ortaya çıxışının təməl səbəbidir. Qadın işləri sahəsi, qadınların necə əzildiyi, buna baxmayaraq necə var olduğu və bununla baş etməyi necə bacardığı; bu mübarizələrin tarixi, yəni cinsiyyətə söykənən əzilmək, bu günə qədər necə davam etdiyini anlamağa çalışmaq olaraq təyin oluna bilər.
Dünyadakı qadın mübarizəsi - Feminizm tarixi
Feminizmin əsas hədəfi, qadının kişinin obyekti olaraq aşağı dəyərdə görülməsi və xilası özbaşına qazanmasıdır. Latınca qadın mənasını verən femine sözündən törədilən bu yanaşma qadınların, yalnız qadın olduğu üçün qarşı-qarşıya olduqları təzyiq və əzilmə əlaqəsini araşdıran bir elm sahəsi olaraq hər sinifdən, irqdən, millətdən və dindən qadının bu problemlərlə qarşılaşdığını ifadə etməkdədir. Tarixin daha əvvəlki dövrlərində bəzən insan olaraq belə qəbul edilməyən qadınlar, ilk dəfə 17-ci əsr İngiltərəsində səslərini yüksəltməyə başlamışlar. Feminizm üzərinə yazılmış ən əhəmiyyətli ilk əsər Meri Uolstonkraftın 18-ci əsrdə yazdığı və qadınların təhsil, hüquq və siyasət sahələrində kişilərlə eyni hüquqlara sahib olduğunu iddia etdiyi “Qadın Hüquqlarının Müdafiəsi (Vindication of the Rights of Woman)” adlı kitabıdır. Uolstonkraft yazdığı bu kitab ilə çox inqilabi tələblər irəli sürdü. Kitabda yazıçı, qızlarla oğlanların bərabər təhsil almaq imkanlarını əngəlləyən fransız inqilabçılar başda olmaq üzrə bütün burjualara qarşı yazmışdı. Ona görə qadınların ev işinə məhkum edilməsi, Russonun dediyi kimi qadın təbiətinin gərəyi deyildi. Uolstonkraftın o illərdə bəhs etdiyi fikirlərin yenidən gündəmə gəlməsi bir yarım əsr sonra reallaşdı. Uolstonkraft bütün feministlərin mənimsədiyi bu sözləri də tələffüz etdi:

"Artıq qadınların həyat tərzində bir inqilab həyata keçirilməsinin zamanı gəldi. Qadınlara itirdikləri qürurlarını yenidən vermək və insan nəslinin bir parçası olaraq dünyanın dəyişdirilməsində iştirak etmələrini təmin etmək üçün gec belə qalınmışdı. Qadın və kişi arasında cinsi istəkdən başqa heç bir fərq qalmayana qədər mübarizə!.."

Qadınlar kütləvi, mütəşəkkil və təşkilati səviyyədə isə ilk dəfə inqilab xüsusiyyətindəki iqtisadi və siyasi dəyişikliklərin yaşandığı bir dövrdə (19-cu əsrdə) ortaya çıxmış və haqlarını müdafiə etməyə başlamışlar. Sözügedən dövrdə xüsusilə avropalı qadınlar ictimai və siyasi hərəkatlara qatılaraq səslərini eşitdirməyə çalışmışlar. Çünki sənaye inqilabı, sənaye, kapitalizm və dövlətlərin siyasi nizamlarının təmsili demokratiyaya keçməsi ilə birlikdə, avropalı qadınların vəziyyəti və mövqeyi dərindən sarsılmış, xüsusilə ailənin iqtisadi və siyasi əhəmiyyətinin azalması, feministlərin səslərini daha da yüksəltmələrini tələb edən bir mühit yaratmışdı. Bununla birlikdə qadınların iqtisadi və siyasi bir "problem" halına gəlməsi nəticəsində, təşkilati feminizm bu problemi həll etməyə istiqamətli cavablar axtaran bir hərəkat və ideya olaraq ortaya çıxmışdır. Dövri olaraq feminist nəzəriyyə üç dövrdə araşdırılır ki, bu üç dövr əslində ilk dövr liberal feminizmin, ikinci dövr radikal və marksist feminizmin və son dövr postmodernist feminizm yanaşmalarının üstünlük təşkil etdiyi zaman aralığına uyğun gəlir.

İlk dalğa (Liberal) feminizm

İlk dalğa feminizm nəzəri olaraq "liberal feminizm" başlığı altında toplanan və səsvermə, təhsil, mülkiyyət tələblərini əhatə edən dövrdür. Liberal feminizm patriarxal quruluşu qadına haqq və azadlıqların hüquqi çərçivədə verilmədiyi bir sistem olaraq görür. Liberal feminist yazıçılardan Uolstonkrafta görə qadınla kişi arasında heç bir fərq olmamasına baxmayaraq, mövcud olan patriarxal quruluşa səbəb olan bərabərsizliyin təməli təhsildə fürsət bərabərsizliyidir. Bu səbəblə qadınla kişiyə bərabər imkanlar təqdim edilməli və bərabər səviyyədə rəqabət edə biləcəkləri hüquqi çərçivə təmin edilməlidir. Qadınların səsvermə məsələsi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində dünyanın müxtəlif yerlərində müxtəlif şəkildə varlığını davam etdirirdi. Avropanın bəzi yerlərində kiçik də olsa bir mülk sahibi olanlardan başqa qadınlar üçün səsvermə hüququ yox idi. Bəzi yerlərdə evli olmaq, bəzi yerlərdə həm evil, həm də ərin mülk sahibi olması, irq fərqləri olan qadınlar səs verə bilər, amma əksəriyyətlə qadınların səsvermə hüququ yox idi. Amerikada isə yalnız qaraların və qadınların səsverməsi qadağan idi, ancaq bu vəziyyət daha sonra dəyişərək qara kişilərə səs haqqı tanındı. Qadınların Parlamentə girmə şansı isə az qala yox səviyyəsində idi. Səsvermə hüququ üçün mübarizə Amerikada qara qadınların ağ qadınlarla mübarizəsi ilə başladı.

19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində mübarizə aparan qadınlar, əvvəl yalnız qaralar və qaraların köləlik əleyhdarı hərəkatına dəstək verən qadınlardan ibarət idi. Qara qadınlar, köləliyə qarşı hərəkatda onlara dəstək olan ağ qadınlar ilə eyni taleyi  paylaşdıqlarını anlamışdılar. Qara qadınların köləlik əleyhdarı hərəkat xadimlərinə ilk dəfə səsvermə hüququ üçün mübarizə etmə fikirindən bəhs etdikləri zaman, qara kişilərin özlərinə üz çevirməsi mübarizənin başlanğıcı oldu. Onsuz da səsvermə hüququ qazanmış olan qara kişilər, köləlik əleyhdarı mübarizədə yanlarında görmək istədikləri, amma əsl yerlərinin evləri olduğunu düşündükləri qadınların öz hüquqları üçün mübarizə aparması lazım olduğuna inanmırdı.

Dünyadakı qadın mübarizəsi - Feminizm tarixi

Beləcə Amerikada qadın haqları üçün mübarizə aparan qadınlar müstəqilləşdi və həm qara, həm ağ qadınların dəstəyiylə hərəkət etdi. Bu qadınlar həm mədəni, həm siyasi hüquqlar üçün, həm də irqçiliyə qarşı bir yerdə mübarizə edirdilər. Fransada qadın səsvermə hüququ  üçün mübarizə aparan qadınlara "süfrajetlər" deyilirdi. Onsuz da 19-cu əsr boyunca "bərabər işə bərabər məvacib", evlilik və ailədə bərabər hüquqlar, qadınlar üçün iş həyatı, qadınların ictimai vəzifələrində işləyə bilməsi kimi haqlar üzərindən mübarizə aparan qadınlar var idi. 1881-ci ildə qadın süfrajetlər “Qadın vətəndaş” (la Citoyenne) adlı jurnalı çıxartdı. Süfrajetlər bütün feminist hərəkat içində o dövrdə ən çox alçaldılan, ən çox təzyiq görən fraksiya oldu. Qəzetlərdə hər gün "nə qədər çirkin" olduqlarını göstərən karikaturalar, hamısının əslində lezbiyan olduğu iddiaları, evlərinə girərkən və ya küçədə daşlanaraq reallaşan mütəşəkkil hücumlar üzündən bu qadınlar işlərini itirdi, ailələri tərəfindən tərk edildi. Bir kişi üçün yoldaşının süfrajet olması həm bir utanc mənbəyi, həm də boşanma səbəbi olaraq qəbul edilə bilirdi. Hətta uşaqlarını görmə hüquqları belə əksəriyyətinin əllərindən alınırdı. Süfrajetlər küçədə tək gəzə bilməzdi. Ancaq bütün bu təzyiqlər süfrajetləri qorxutmaqdan daha çox gücləndirdi. Fransadakı digər feminist hərəkatlar isə qadınların səsvermə hüququ olması halında rahiblər tərəfindən yönləndiriləcəklərinə inanırdılar və 1904-cü ilə qədər sesvermə hüququ mübarizəsindən uzaq durdular. 1904-cü ildə ABŞ və İngiltərə ortaq bir təşkilatlanma içinə girdi: Beynəlxalq Qadın Səs Haqqı Birliyi (The International Woman Suffrage Alliance - IAW). Bu təşkilat həm qadınlara səs haqqı verilməsinə qarşı çıxan komitələrlə mübarizə edir, həm də milliyyətçiliyin yüksəldiyi bir dövrdə internasiyonalist bir siyasət izləyirdi. Birliyin müxtəlif qərb ölkələrində şöbələri yaradıldı. Ancaq bu qanuni bir mübarizə idi. Yenə səsvermə hüuqu üçün İngiltərədə Emmelin Pankhörst və qızları Kristabel ilə Silvia Pankhörst tərəfindən qurulan Qadınların Sosial və Siyasi Birliyi (Women'S Social and Political Union) çox daha radikal fəaliyyət həyata keçiridi. Bu birlik şüşəqırma, bomba atma, yanğın çıxarma, məclis yığıncaqlarını əngəlləmə, aclıq aksiyasi hətta intihar kimi siyasi üsullar istifadə edirdi. Silvia Pankhörst daha sonra həm işçi sinifi üçün mübarizə etmiş, həm də 60-cı illərin ikinci dalğa feminist nəzəriyyələrinin qanuni hüquqlarla məhdud qalmayıb ev işlərinin ortaqlaşması, ailənin sorğulanması və "şəxsi həyat da siyasidir" şüarını müdafiə edib. Yenə eyni dövr səsvermə hüququ üçün mübarizə aparan qadınlar fahişəlik üçün bir araya gəlib bu sahə ilə də mübarizə apardı. 


Qadın Şurasının 1913-cü il konqresində ingilis süfrajeti Millisent Qarret Fosset fahişəliyi "kişilərin pul mənfəəti üçün qadınların məcburi köləliyi" olaraq təyin etdi. Birinci dünya müharibəsinin başlaması ilə kişilərin silah altına alınması, qadınların isə silah fabriklərində işə başlaması iki əhəmiyyətli məsələni gündəmə gətirdi: Sülh və əməkçi qadınlar. İş yerlərində körpələr evləri açılmağa başlandı, amma bu yalnız daha çox qadının ödənişli əməyini istifadə etmək üçün edilmiş bir tənzimləmə idi. Qadın tarixdə hər zaman olduğu kimi ucuz əmək mənasını verməkdə idi.

Dünyadakı qadın mübarizəsi - Feminizm tarixi

Feministlər 1918-ci ildə Versal müqaviləsi və Millətlər Cəmiyyətinə "bərabər işə bərabər məvacib" qanununu qəbul etdirməyi bacardı. Bir tərəfdə də qadınlar sülhü təmin etmək üçün beynəlxalq bir təşkilatın qurulmasını tələb edirdilər. Qadınlar sülh üçün təşkilatlandı, döyüşən ölkələrdəki qadınlar sülh üçün birlik oldu və bir-birlərini bacı olaraq görməyə başladı. Bütün bu olanlar işçi qadınların bir araya gəlmələrinə səbəb oldu. Silah fabriklərində çalışan qadınların tətilləri çoxaldı. Bu mübarizənin nəticəsində qadın işçilərin ödənişlərində artım təmin edildi. Ancaq müharibənin sonunda cəbhədən qayıdan kişilərə iş imkanı təmin etmək üçün qadın işçilərin işdən çıxarılmağa başlanması, bu işçilərin çox aşağı ödənişlərlə işə başlamasına səbəb oldu. Döyüş əsnasında qadın və kişilərə verilən ödəniş arasındakı fərqlər əhəmiyyətli ölçüdə azaldılmışdı.

İlk dalğa dövründə mübarizələrin nəticəsi olaraq Birinci dünya müharibəsi sona çatdığında aralarında ABŞ, İngiltərə, Almaniya və Rusiyanın da olduğu 21 ölkədə qadınlara səsvermə hüququ qeyd-şərtsiz verilmişdi. Fransadakı feministlər isə qızların təhsili, ödəniş bərabərliyi və qadınların dövlət məmurluğuna girməsi üçün verdikləri mübarizədə böyük uğurlar əldə etmişdilər. İngiltərəli feministlər qadın hüquqlarının genişləndirilməsi surətiylə cinslər arasındakı bərabərliyin təmin edilməsi üçün çalışdılar. Amma feminist təşkilatlanmanın əsl canlandığı müddət 19-cu əsrdir. Əsrin əvvəlində Uilyam Tomson İngiltərədə qadın hüquqları üçün ilk feminist manifesti elan etdi. Əsrin ortasında qadın haqlarını müdafiə edən Con Stüart Millin məclisə seçilməsini təmin etmək məqsədi ilə qadın dərnəkləri quruldu. Bu əsrdə feminist hərəkatın ən böyük uğuru isə qızların təhsil təşkilatlarına qəbul olunmasını təmin etmələri oldu. Fransada qızların orta təhsildən daxil olmaları və nəhayət əsrin sonunda avropalı qızların universitet təhsili haqlarını almaları verilən çətin və inadçı mübarizələr nəticəsində reallaşdı. 


Bir xarici ilə evlənən qadınların milliyyətlərini qoruyan qanun qəbul edildi ki, bu da həmin dövr üçün böyük uğur idi. Evlilikdə kişilərə böyük imtiyazlar verən Fransız Ailə Qanununa görə ilk dəfə fransız qadınlar ərlərinin təsdiqi olmadan şəxsiyyət vəsiqəsi çıxara bilərdi. Ancaq siyasi hüquqlar baxımından müvəffəqiyyətli ola bilmədilər. 1936-cı ildə Leon Blum hökumətində dörd qadına vəzifə verdi, amma qadınların səsvermə hüququnu tanımadı.

SSRİ-də isə vəziyyət başqa idi. Qərb qadınları haqları üçün didindikləri bir dövrdə, rus qadınları haqlarına qovuşacaqları 1917-ci il inqilabı üçün kişilərlə yan-yana mübarizə etməkdə idi. Həqiqətən də SSRİ-də 1940-cı ildən əvvəl qadınlar böyük uğurlar əldə etdi. Bolşevik inqilabının ilk ictimai məzmunlu qərarları, doğumdan əvvəl və sonra 16 həftəlik icazə və pulsuz səhiyyə xidməti, mal varlığı rəhbərliyində qadınlara bərabər hüquqlar tanınması, qanuni və qanuni olmayan uşaq arasındakı fərqlərin aradan qaldırılması və boşanmanın asanlaşdırılması oldu.

Bolşevik inqilabı edildikdən sonra qadınlar Ağ Qvardiyaya qarşı partizan müharibəsində zabit və ər olaraq iştirak etdilər. Kommunist partiyasında Genotdel adlı bir qadın komsomolu quruldu. Aydınlar və kommunist siyasətçilər ev işi və uşaq təhsili kimi işlər qadınların üstündə qaldığı müddətcə mütləq bir bərabərlikdən söhbət gedə bilməyəcəyini açıqladılar. Bu, yalnız qanuni hüquqlar deyil, ictimai cinsiyyət rol və vəzifələrinin də yıxılması yolunda mübarizə edilməsinin yolunu açdı. Beləcə ailə vəzifələri milliləşdirildi və ortaq işlər üçün bölmələr quruldu. Ancaq daxili döyüşdən sonra prioritet məhsuldarlığa verildi. Xüsusilə analıq məsələsində müharibənin təsiri var idi, əhali azaldı və uşaq doğmaq lazım idi. Bu, qadınlara verilmiş hüquqların yavaş yavaş geri alınmasına səbəb oldu. Fabriklərdə körpələr evi və yuvalar bağlanıldı.

1929-cu ildə Genotdel təşkilatı bağlandı. Ardından 1930-cu ildə qəbul edilən ailə qanunu ilə ənənəvi ailə quruluşu yenidən geri gətirilməyə başlandı. SSRİ abort haqqını ilk dəfə qəbul edən ölkələrdən biri idi və 1936-cı ildə bu haqq geri alındı. Qadınlar çox sayda uşaq doğmağa təşviq edildi və hətta 10 və daha çox uşaq doğan qadınlara analıq nişanları verildi. Analıq ucaldılmağa başlandı və qadının yerinin ev olduğuna istiqamətli təbliğatlar yüksəldildi. Yenə də SSRİ-də qadınlara təhsil, ödənişli iş və idman kimi sahələr bağlanmadı. Feministlər xüsusilə ictimai sahədə ayrı-seçkiliyi, qadınların güclərini böldüyü və qadınları ictimai mənbələrdən soyutduğu üçün sərt bir şəkildə tənqid edirdilər. Bu mövzuda ən sərt tənqidçi, xüsusilə liberal düşüncə ənənəsinə yönəldən feminist siyasət mütəfəkkiri Kerol Peytmendir. Peytmen bir addım daha irəli gedərək liberal ənənədəki ictimai ayrı-seçkiliyin tamamilə kişi dünyasındakı ayrı-seçkiliklər olduğunu irəli sürür. Bu ayrı-seçkiliyin qadınlar üçün ev ilə ictimai sahədə ayrı-seçkiliyi mənasına gəldiyi arqumentindən hərəkət edərək, qadının bu ayrı-seçkilikdən ötəri müasir cəmiyyət ədəbiyyatında xüsusi sahə kimi qəbul edilən cəmiyyət, iqtisadiyyat və siyasi sahəyə qəbul olunmayaraq yalnız ev həyatı ilə məhdudlaşdırıldığını müdafiə edir.

Ardı var...
II hissədə:
II dalğa (Radikal və marksist) feminizm
III dalğa (Postmodern) feminizm
Psixioanalist feminizm anlayışı
Pünhani Əsgərli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti