Siyasətçilər ölkədəki vəziyyəti şərh etdi

17-03-2017, 11:19
Oxunub: 203
"Ölkənin siyasi həyatındakı dəyişiklik digər sferaları da, müsbət mənada dəyişiklərə gətirib çıxaracaq"


Qlobalizm dövründə dünyada baş verən istənilən hadisə bizim ölkəyə də təsir edir. Biz bu təsiri Azərbaycan siyasətində də, iqtisadiyyatında da müşahidə edə bilərik. Neft ölkələrini bürüyən iqtisadi böhran Azərbaycandan da yan keçmədi. Həmçinin öz təsirini daxili siyasi vəziyyətə də göstərdi.

Ölkəmizdə olan siyasi durğunluğu anlamaq üçün bir çox analizlər və parallelər apardıq. Amma sonunda qərara gəldik ki, ölkədəki siyasi durumu ən yaxşı şərh edən adamlar elə siyasətçilərin özləri olacaq. 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Etatist.com-a açıqlama verərək bildirib ki, son zamanlar etnik, milli kimlik, dini, məzhəb problemləri və xüsusilə azərbaycanlı-türk məsələləri süni şəkildə qabardılır:

Siyasətçilər ölkədəki vəziyyəti şərh etdi

"Bu məsələlərdə əsasən çoxdan unudulmuş və dəxli olmayan şəxslər, məsələn Ayaz Mütəllibov, Əlizadə qardaşları və digərləri önə verilir. Son zamanlar cəbhədə əsgərlərin şəhid olması kimi hadisələr də birbaşa qeyd edilən hadisələrlə əlaqədardır. Bunların da hamısı əslində problemləri unutdurmaq və bir növ xalqın başını qatmaq üçündür. Biz şəhidlərimizin qanı ilə əldə etdiklərimizi danışıq diplomatiyasında axsaq və pəltək diplomatiyamıza görə uduzuruq. Bununla da şəhid olan əsgərlərimizin qanı batır". 


ADP sədri Sərdar Cəlaloğlu isə Azərbaycandakı hazırki siyasi vəziyyətin durğunluqda olduğunu bildirib:

Siyasətçilər ölkədəki vəziyyəti şərh etdi

"Ölkədə total böhran mövcuddur və bu böhran ölkənin bütün sahələrini əhatə edib. Heç bir sahədə irəliyə, nə də mənfiyə doğru heç bir dəyişiklik yoxdur". 


"Azərbaycan hakimiyyəti bütün siyasi qurumlarla səmimi dialoq mühitini formalaşdırmalıdır"

D18 hərəkatının sədri Ruslan İzzətli isə Azərbaycanın ağır durumda olduğunu bildirib:

"İqtisadi durumu da əlavə etsək həm daxili, həm də xarici siyasətdə Azərbaycanda vəziyyət qənaətbəxş deyil. Çox təəssüf ki, hakimiyyət çıxış yolları tapmaq əvəzinə getdikcə daha da aqressivləşir və düşünür ki, bu aqressiv siyasətlə həm daxildə, həm də xaricdə nələrəsə nail ola biləcək, amma əslində bununla durumu getdikcə daha da ağırlaşdırır.

Siyasətçilər ölkədəki vəziyyəti şərh etdi

İqtidar dəfələrlə qeyri-neft sektorunun inkişafı, monopoliyanın aradan qaldırılması, antikorrupsion addımların atılması istiqamətində sərəncamlar versə də, bunlar hamısı yalnız söz və sərəncamdan ibarət olub. Çünki korrupsiyalaşmış və monopoliyanın əsas dayaqları olan məmurlarla heç bir islahat etmək olmaz. Bu ölkədə hər kəsə hansı məmurun nəyi monopoliyada saxlaması bəllidir. Bu komanda ilə ölkəni iqtisadi və siyasi böhrandan çıxarmaq mümkün deyil. 


Daxili siyasətə gəlincə, alternativ fikir söyləyənləri, tənqid edənləri həbs etməklə, onlara basqı göstərməklə heç nəyə nail olmaq mümkün deyil. Eyni proses Tunis, Misir kimi ölkələrdə də baş verirdi. Təbii ki, biz ölkəmizdə inqilabın, iğtişaşların olmasını istəmirik. Çünki inqilabların, iğtişaşların uğruları olduğu qədər bədbinlik və mənfi tərəfləri də olur. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti barışcıl siyasət yürüdüb bütün siyasi qurumlarla səmimi dialoq mühitini formalaşdırmalıdır".

"Neft pullarının qurtarması da Azərbaycanda yeni siyasi eranın başlanğıcını şərtləndirib"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Birinci Vitse Prezident postuna olan təyinatla Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasının qoyulduğunu dedi:

"Bu mərhələ isə öz siyasi yenilikləri ilə xarakterizə olunacaq. Mənə elə gəlir ki, yaxın zamanlarda, ola bilsin ki, ilin ikinci yarısında prezident seçkiləri keçiriləcək və bu dəfə YAP-ın namizədi İlham Əliyev olmayacaq. İlham Əliyev növbəti dönəmdə öz fəaliyyətini başqa keyfiyyətdə həyata keçirəcək. Ola bilər ki, növbəti dəfə Birinci Vitse Prezident postu onun tərəfindən icra edilsin. Bu isə YAP-ın tamamilə fərqli siyasi xəttə qədəm qoyması ilə xarakterizə ediləcək. YAP Trampın hakimiyyətə gəlməsi və onun siyasi ritorikası ilə, Türkiyədə baş verən proseslərlə, Avropada ultrasağların hakimiyyətləri götürməsilə müşayiət edilən dünyada baş verən dəyişikliklərə, yeni siyasi eraya, siyasi dönəmə uyğunlaşmaq üçün imicini dəyişmək niyyətindədir.

Siyasətçilər ölkədəki vəziyyəti şərh etdi

Nəzərə almaq lazımdır ki, eyni zamanda hakim partiyanın daxilində konstitusiyadan irəli gələn nəsil dəyişikliyinə zərurət yaranıb. Belə ki, Artur Rasizadə artıq ikinci adam olaraq öz vəzifə borucunu icra etməkdə fizioloji çətinliklərlə üzləşir. Belə olan təqdirdə YAP-ın üst qatının Heydər Əliyevin kadrları olduğundan onların da əvəzlənməsinə zərurət yaranacaq. 


Ümumiyyətlə neft pullarının qurtarması da Azərbaycanda yeni siyasi eranın başlanğıcını şərtləndirib. Bütün bu amillər ölkədə yeni siyasi mərhələnin başlamasına gətirib çıxarıb. Mənə elə gəlir ki, il yarım ərzində ölkədə indikindən xeyli fərqlənən siyasi mənzərə təzahür edəcək, hətta növbədənkənar seçkilər olmasa belə, növbəti seçkilər Azərbaycan üçün çox maraqlı olacaq. Çünki Mehriban Əliyevanın Birinci Vitse Prezident postuna təyin olunması ölkədə yeni kadr komandasının formalaşmasına gətirib çıxaracaq.

Siyasi-fəlsəfi yanaşma baxımından da tamamilə yeni komandanın formalaşması mümkün ola bilər. Fikrimcə, bu da ölkədə müqavimətlə üzləşəcək. Müqaviməti yaratmaq istəyən şəxslər Azərbaycan siyasi həyatında canlanmaya təkan vermiş olacaqlar. Bu baxımdan mən növbəti illəri Azərbaycan siyasi həyatı üçün daha faydalı və dinamik illər kimi görürəm. Düzdür, keyfiyyət baxımdan ziyanlı tərəfi də ola bilər. Çünki rəqabətə vərdiş etməmiş siyasi güclər ola bilsin ki, ölkəni təlatümə gətirib çıxarsın. Ancaq mən bunu daha nikbin qiymətləndirərək belə hesab edirəm ki, ölkənin siyasi həyatındakı dəyişiklik digər sferaları da, müsbət mənada dəyişiklərə gətirib çıxaracaq".

Səid Riad
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti