İlham Əliyev: "Azərbaycan bölgədə sabitləşdirici rol oynayır"

16-03-2017, 11:04
Oxunub: 82
"50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir."


"V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Mərkəzin həmsədrlərinə təşəkkür edirəm".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox effektiv fəaliyyət göstərir: "50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir. Hər bir Forum əhəmiyyətlidir və dünyada qərarların qəbulu prosesinə təsir göstərir. Tədbirdə 40-dan artıq hazırkı və sabiq prezident, parlament sədri iştirak edir".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlər müzakirə edilir. Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın həyata keçirdiyi mühüm regional, qlobal layihələr var. Təəssüf ki, dünya yenə təhlükəsiz deyil, bölgəmizdə davam edən təhlükələri görürük. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib".

Dövlət başçısı qeyd edib ki, dünyada miqrant böhranı var: "Miqrant böhranı dünyada anlaşmanı azaldır. Miqrantların üz tutduğu ölkələrin əhalisi arasında anlaşılmazlıqlar ortaya çıxır. 5-10 il əvvəl bu problemlər mövcud deyildi. Bu, Orta Şərq ölkələrinə yönələn addımlarla bağlıdır. Əfsuslar olsun ki, bir çox seçki kampaniyasında əsas şüarlar millətçiliyə, miqrantlara yönəlir. Bu, bir tendensiyadır. Qlobal gündəlikdə duran məsələ bu tendensiyanın qarşısının alınması, qarşılıqlı hörmətə, sivilizasiyalararası dialoqa nail olunmasıdır".

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən danışan prezident İlham Əliyev nəzərə çatdırıb ki, bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur və o tək ölkələri deyil, qitələri birləşdirəcək: "Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır".

Cənub Qaz Dəhlizindən söz açan prezident İlham Əliyev bildirib ki, bu layihənin dəyəri 40 milyard dollardır, Avropa İttifaqı bu layihəni dəstəkləyir: "Layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirir. Bizim layihədə paylarımıza dair ödənişlərimizlə bağlı da bir problem olmayıb. Cənub Qaz Dəhlizinə üzv olan ölkələr uzunmüddətli, təbii tərəfdaşlara çevrilib. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Biz düzgün seçim etmişik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa sərmayə qoyur: "Azərbaycanda keçirilən humanitar forumlara müxtəlif beynəlxalq təşkilatlar da dəstək verir. Biz bu gün tolenrantlıqdan danışırıq, ancaq insanların bir-birlərinə necə inamsız yanaşdıqlarını görürük. Ölkəmizin sabit inkişafı göstərir ki, yalnız qarşılıqlı anlaşma, tolerantlıq, multikulturalizmlə inkişafa nail ola bilərsiniz. Azərbaycan multikultural bir ölkədir".

*   *   *

Bu gün V Qlobal Bakı Forumu başlayıb.o

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Forum 2 gün davam edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçiriləcək foruma 53 ölkədən 300-ə yaxın nümayəndə qatılacaq.

Onların arasında Latviya prezidenti Raymond Veyonis, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani, Makedoniya rəhbəri George İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç də var.

Bundan başqa, Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, İsrailin keçmiş baş naziri Ehud Barak və İsrail parlamentinin – Knessetin sabiq prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik, Fələstin baş nazirinin müavini Ziyad Abu Amr, İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayez, Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin, İranın keçmiş XİN başçısı Mənuçöhr Mottaki, İordaniyanın sabiq baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali, Rusiyanın sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq müavini Vyaçeslav Trubnikov, Polşanın eks-prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, Pakistanın dövlət xadimi, ölkənin maliyyə naziri və baş naziri olmuş Şaukat Aziz, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya forumun iştirak edəcəklər.

Tədbir 7 panel üzrə keçiriləcək. “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış”, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?", “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?", “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi”, “Avropanın gələcəyi”, “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhlükə hesab edilirmi?", “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzularında panellər təşkil ediləcək.

Forum martın 17-də başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti