"Əxlaqsız qadınların cəmiyyətimizdə niyə “fahişə” adı alması.." - Müəllif danışır

15-03-2017, 17:28
Oxunub: 2094
"İsmarışlar olmayan istənilən yazı nümunəsi boş söz yığınıdır"


Bu yaxınlarda sosial şəbəkədə gənc yazar İsmayıl Rizvanoğlunun yeni kitabının təqdimatı olacağı haqda məlumat aldım. Bu məqsədlə də kitab çap edilmədən kitabın məğzi barədə oxuculara məlumat vermək qərarına gəldim. Bütün suallarımızı da elə İsmayıl Rızvanoğlunun özünə ünvanladıq. Müəllifi olduğu "Vəfa. Böyük tənhalıq" kitabı barədə bir çox maraqlı məlumat verən yazıçı ilə qeyri-adi söhbət alındı.

Etatist.com həmin müsahibəni təqdim edir:

- Salam, İsmayıl bəy. Öncəliklə sizi yeni kitabınızdan dolayı təbrik edirik. Təqdimata hazırlıq necə gedir?
- Salam. Təşəkkür edirəm. Həyəcanlı və maraqlı.

- Kitabın çoxdan hazır olduğunu bilirik. Bəs çapı niyə bu qədər gecikdi?
- Bəli, kitab 2014-cü ildə yazılıb, ilin sonuna kimi də tamamlanıb. Sadəcə məlum olduğu kimi maliyyə yoxluğu üzündən çap etmək imkanım olmayıb. Amma sağ olsun, dəyərli oxucular dəstək olduğu üçün kitabım çapa getdi.

- Deyəsən, bu kitabın yazı prosesi sizin üçün ağır idi..
- Başqaları üçün bilmirəm, mənim üçün istənilən kitabın yazı prosesi hədsiz ağır keçir. Və ən faciəvisi də kitabın finalını yazmaqdır. Bu mənə hədsiz ağır olur. Çünki, övladımdan uzaq düşmək məni qorxudur. Baxmayaraq ki, onu mən yaradıram.

- Kitabın təqdimatına ötən nəsildən kimisə dəvət etmək niyyətindəsiniz? Məsələn, yazıçı Anarı dəvət etməyi düşünmüsünüz?
- Təqdimat zamanı qapılar hər kəsin üzünə açıqdır. Gələn də sağ olsun, gəlməyən də. Qaldı yazıçı Anara. Niyə də yox? Əgər həqiqətən də dəvəti qəbul edib iştirak edərdisə, buna sadəcə məmnun olardım. Anar böyük yazıçıdır.

- Kitabda oxucunuza əsas çatdırmaq istədiyiniz fikir xətti nədir?
- Bütün yazılarımda hər zaman oxucuya nəyisə çatdırmağı qarşıma məqsəd qoyuram. Çünki ismarışlar olmayan istənilən yazı nümunəsi boş söz yığınıdır. Yazan qələm mümkün qədər iti və kəsərli olmalıdır, nə qədər rəngli təsvirlərlə bəzənsə də. Bu romana gəldikdə isə burada oxucular hansı yaşda olmağından asılı olmayaraq sevginin səmimi, saf və dönməzliyi barədə nüansları görəcəklər. Və bir də əxlaqsız qadınların cəmiyyətimizdə niyə “fahişə” adı alması, onlara başqaları kimi qadın adının yaraşdırılmamağı barədə söhbət açmışam.

"Əxlaqsız qadınların cəmiyyətimizdə niyə “fahişə” adı alması.." - Müəllif danışır

- Nə üçün məhz “Vəfa. Böyük tənhalıq?" Sizə görə bu ad bir kitab üçün uzun deyilmi?
- Kitablarıma ya adı həmən yazaraq başlayıram, ya da (bu daha üstünlük təşkil edir) bitirdikdən sonra verirəm. Niyə məhz bu ad? Burada Vəfa adında bir qadının acı taleyindən bəhs edirəm. Böyük tənhalıq adlandırdığım ikinci hissəsi isə birinci hissənin prototipidir. Qəhrəmanımın ömürlük tənhalığını ifadə edir. Daha ətraflı məlumat vermək istəmirəm kitabı oxusalar, daha yaxşı olar.

- Təqdimat gününü mart ayının 19-na təyin etmisiniz, bu günün sizin üçün xüsusi bir əhəmiyyəti varmı?
- Təqvimə və adlara önəm verməyən biri olaraq sadəcə o vaxt etməyi düşündüm və 19-na təyin etdim. Əslində ayın 12-si olmalı idi, sadəcə çatdıra bilmədim. Amma bir nüansı da qeyd edim, dostlardan biri dedi ki, gəl 19-na salma, gələn az olacaq. Elə bu zaman da telefonla danışa-danışa romanın son oxunuşunu edirdim və yazdığım bir cümləyə gözüm sataşdı. Cümlə belə idi:“Bir neçə gün sonra Bakımda bayram olacaqdır...” və s. Dedim elə məhz 19-u olsun təqdimat. Elə hadisələr də üst-üstə düşür.

- Kitabla bağlı tənqidlər gözləyirsiniz?
- Tənqidlərə (təbii ki, tutarlı arqumentlərlə olan) hər zaman açıq və hazıram. Tənqidlər olsa, əla olardı. Bu mənə daha səliqəli, daha təsirli yazılar yazmağa stimul verir.

- Oxucu nəyə görə sizin kitabınızı oxumalıdır?
- İstəsə oxumaya da bilər. Çünki bu oxucunun şəxsi seçimidir. Nəyə görə oxumalıdır sualına isə belə cavab verərdim: “Mən nə yazdığımı bilirəm və öz övladımı hər zaman müdafiə etməyə hazıram”. Oxusa, təbii ki, ya sevəcək, ya da nifrət edəcək. Bu da yenə şəxsi seçimidir. Amma fərqi yoxdur mən və ya başqa birinin əziyyətinə (əgər həqiqətən də əziyyət çəkilibsə) qiymət vermək lazımdır.

- Kitabınızın baş qəhrəmanı Vəfa real obrazdırmı?
- Tam real obraz deyil. Sadəcə reallıqla əlaqəli olan hissələr var. Ümumilikdə isə təxəyyül məhsuludur.

- Əsərin həyatınızla bağlılığı varmı?
- Bəli, var. Çünki mən yazdıqlarımı həm yaşayaraq yazıram, həm də yazaraq təkrar yaşayıram. Hətta yenicə bitirdiyim, təxminən bir ilə yaxın üstündə işlədiyim “Nari” romanımda iki səhnəni yazmaqdan ötrü həmin hadisələri yaşamağa çalışdım və yaşadım. Ondan sonra isə daha dolğun təsvirlərlə oxucuya ötürdüm. Mənə yaşamadıqları nəyisə yazan insanların yazıları səmimi gəlmir. Təbii ki, istisnalar hər zaman var.

- Kitabınızın uğur qazanacağına inanırsınızmı?
- Bu bir az qeyri-real məsələdir. Niyə? Ona görə ki, indiki zamanda istər ədəbiyyatda, istərsə də kitab bazarında yaxşılar pislərin yanında gözdən itir. Oxucu isə çox səbrsizdir, yaxşıları tapıb üzə çıxartmağa ərinir. Ona görə də uğur qazanıb-qazanmamağı barədə onu deyə bilərəm ki, əsər təsirlidir və bu təsiri də oxucu mənimsəsə, kitab uğur qazanacaq. Ümumilikdə isə fərqi yoxdur, bu kitab olsun və ya başqaları, mümkün qədər çox oxumaq lazımdır. Bütün müsahibələrdə sonda dediyim kimi, yaşadaq ki, kitablar yaşasın.

Təşəkkürlər dostlar müsahibə üçün. Var olun.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti