Ramin Hacılı: "Ərdoğan hakimiyyəti öz istəyinə nail oldu"

15-03-2017, 15:14
Oxunub: 2210
"Türkiyə hökuməti əhali arasında belə bir təəssürat yaradacaq ki, əslində referendum Türkiyənin inkişafına xidmət edir"


Son zamanlar Hollandiya-Türkiyə münasibətlərinin gərginləşməsi, sanksiya hədələri, liderlərin sərt bəyanatları dünya mediasında geniş müzakirə mövzusu olub. Hollandiyada sabah keçiriləcək prezident seçkilərinin bu gənginliyə necə təsir edəcəyi sualı isə hər kəsi maraqlandırır.

Məsələ ilə bağlı Etatist.com-a danışan Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bildirib ki, bir çoxları Hollandiyanın mövcud hakimiyyətinin Türkiyə ilə münasibətləri yumşaltmağa can atmasının səbəbini Hollandiyada prezident seçkiləri yaxınlaşması ilə əlaqələndirir:

"Əslində bu məsələnin seçkilərə heç bir aidiyyatı yoxdur. Hollandiya dövləti hüquqi dövlətdir və qanunlarla idarə olunur. Bu dövlətdə hüquq imkan vermir ki, başqa bir ölkənin rəsmiləri gəlib seçki təbliğatı ilə məşğul olsun. Buna görə də Hollandiya dövləti Türkiyə tərəfindən gələn rəsmi müraciətə "yox" cavabı verdi və haqlı olaraq Hollandiyada seçki təbliğatının aparılmasına qarşı çıxdı. Türkiyə hakimiyyəti təbii olaraq hüquq-mühafizə orqanlarının buna imkan verməyəcəyini bilirdi. Çünki bunun üçün nəinki rəsmi icazə yoxdur, hətta rəsmi imtina var. Türkiyənin bu addımı atması isə münaqişə yaradacaq. Bu münaqişədə də Türkiyə əzilmiş tərəf kimi təqdim olunacaq. Bununla da referendum çağırışları ilə bağlı Türkiyə hökuməti əhali arasında belə bir təəssürat yaradacaq ki, əslində referendum Türkiyənin inkişafına xidmət edir, Avropa isə buna mane olmağa çalışır".

R.Hacılı əlavə edib ki, Ərdoğan hakimiyyəti bu istiqamətdə öz istəyinə nail oldu və qurmuş olduğu ikigedişli kombinasiya ilə uğur əldə edə bildi:

"Nəticədə Türkiyə vətəndaşları arasında belə bir təəssürat yarada bildilər ki, referendum Türkiyəni inkişaf etdirəcək, ancaq Avropa buna imkan vermir. Bu təəssüratı yaradandan dərhal sonra Ərdoğan hakimiyyəti artıq əzilmiş tərəf kimi referendumdan qalib çıxmaq üzrədir. Buna görə də Hollandiya dövləti də belə vəziyyətdə istifadə olunmuş tərəf kimi qalır. Və bu vəziyyətin prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdu. Hollandiyada da mühafizəkarların qələbəsi gözlənilmir. Bunun baş vermə ehtimalı da yoxdu. Bunun baş vermə ehtimalı olan ölkələr başqalarıdır. Xüsusilə də Fransada belə bir hərəkat başlasa da, heç onların da yaxın zamanlarda qalib gəlmə imkanları yoxdur. Amma Hollandiyada yaxın gələcəkdə bunun baş verməsi və həmin qüvvələrin hakimiyyətə təsir etmək ehtimalları da çox azdır".

Qeyd edək ki, Hollandiyahökuməti Türkiyənin bu ölkədə seçki təbliğatı keçirməsinə "yox" demişdi və bundan sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.
Səid Riad
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti