Sərdar Həmidovun adını silməyə cəhd edənlər - "Batalyon" filmi

8-03-2017, 11:47
Oxunub: 14969
Siz vəfat etmiş Sərdar Həmidova qalib gəlmək istəyirsiniz? Rəzil olacaqsınız!


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Tərtər Batalyonu haqqında film çəkilib. "Yaddaş" sənədli filmlər studiyasında lentə alınan filmin rejissoru Nizami Abbasdır. Heç nə demirəm. Uğurlu addımdır. Gələcək nəsillər döyüşən, düşmənə sinə gərən bir rayon və onun döyüşçülərini tanımalıdır. Amma bu filmin məğzi başqadır - tarixi saxtalaşdırmaq!

Filmdə 1992-1994-cü illərdə, müharibənin ən ağır dövründə uğurlu əməliyyatlara rəhbərlik edən şəxslərdən biri, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, Tərtər Özünümüdafiə Komitəsinə rəhbərlik edən, batalyon komandiri Sərdar Həmidovun haqqında bircə cümlə belə deyilmir! Bir söz belə deyilmir ki, bu rayona kim rəhbərlik edib, əməliyyatların aparılmasının təşkilatçılarından biri və birbaşa iştirakçısı kimdir. Yenicə qurulmuş ölkədə öz maddi vəsaiti hesabına peşəkar hərbçilərin Tərtərə cəlb edilməsinə kim nail olub. Mudrak, Komarov və s. indi adları bilinməyən peşəkarlar kimdir? Bu hələ son deyil.

Batalyon haqqında çəkilmiş saxta film Tərtərdə məhz Sərdar Həmidovun vəfatının il dönümü ərəfəsində nümayiş etdirilib. Müharibə şəraitində yaşayan ölkədə qəhrəmanların həyatlarını oğurlamağa çalışmaq məmləkətə ən böyük xəyanətdir. Bilirsiniz niyə? Çünki, o filmdə “vətən, vətən” deyə üzü qızarmadan danışan adamlardan bəzilərinin yüzlərlə hektarlıq torpaq sahələri, mülkləri var. Bəs həmin rayona rəhbərlik edən Sərdar Həmidovun?.. Vəfat etmiş bir şəxsin ölkəsinə, vətəninə, xidmətlərinə sahib durub, onu oğurlamağa cəhd etməyin adı nədir?

Bəlkə unudublar, amma mən xatırladım...

Sərdar Məcid oğlu Həmidov - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və Tərtər Özünümüdafiə Batalyonunun komandiri. Düşmən amansız hücumlarına baxmayaraq Sərdar Həmidovun başçılığı altında olan Tərtər rayonunun bir qarış torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən komandandır Sərdar Həmidov. Tərtər-Kəlbəcər yolunun açılmasını həyata keçirən və düşmənə göz dağı vermək, əhali arasında ruh yüksəkliyi yaratmaq məqsədi ilə təhlükəli yolla ilk olaraq Kəlbəcərə özü yollanan icra başçısı... Öz ailəsinin bütün müharibə müddətində rayonda saxlayan icra başçısı... Kəlbəcərin işğalı zamanı dövrün prezidenti Əbülfəz Elçibəyin də vurğuladığı kimi əhalini blokada şəraitindən çıxarmaq üçün birbaşa Kəlbəcərə yollanıb insanların əsir düşməsinin qarşısını alan komandan...

Son bir xatırlatma daha: 1994-cü ilin aprel ayında Ermənistanın bütün hərbi birləşmələrinin Tərtərə hücumuna baxmayaraq rayonun müdafiəsini təşkil edib, Tərtərdə bütün Ermənistan ordusuna qalib gələn batalyona rəhbərlik edən komandanın adı Tərtər batalyonu haqqında çəkilən filmdə yoxdur!..

Qapanlını demirəm hələ... Bilənlər bilir zatən.

İndi sizə - bütün oxucularımıza bir sual ünvanlayım: Həqiqətən döyüşmüş, düşmən gülləsindən qorxmayan adamlar niyə, nədən və kimdən qorxub vəfat etmiş bir şəxsiyyətin - Sərdar Həmidovun adını çəkə bilmir? Bəlkə onlar heç orda olmayıblar? Olublarsa necə olur ki, iki il ərzində hər gün döyüşdə gördükləri adamın adını unudurlar? Suallar çoxdur. Mən bu gün xalqımın düşmənə qarşı dirənişinin simvollarından biri olan Sərdar Həmidovun haqqının qəsb edildiyini görürəm. Tək qalmışam, amma susmayacam.

Ona görə hamınızdan bu yalan üfunətinin dağılması üçün yardım istəyirəm. Həmin dövrə aid kimdə video, foto varsa redaksiya ilə əlaqə saxlayaraq mənə təhvil verməsini istəyirəm. Həmin dövrün iştirakçılarından xahiş edirəm, mənimlə əlaqə saxlasınlar. Tərtərdə döyüşə şahidlik edən, xidmətləri bilən hər kəsdən xahiş edirəm ki, danışsın. Tarixin saxtalaşdırılmasına imkan verməyin.

Müharibə hələ davam edir. Qarabağ işğaldadır. Döyüşən qəhrəmanların, fədakarlıq, cəsarət nümunələri göstərmiş insanların haqqına girmək, erməninin torpağımıza girməsi kimi bir şeydir. Bütün vicdanlı insanlara, jurnalistlərə, siyasətçilərə, şahidlərə, müharibəyə şahid olan döyüşçülərə müraciət edirəm. Bu yalanı işığa çıxarıb, Azərbaycan tarixini saxtalaşdırılmasına imkan verməməkdə mənə yardım etsinlər. Hamını danışdırmaq istəyirəm.

Sultan bəy və Sərdar Həmidov!

100 il bundan əvvəl də belə bir hadisə olub. İndi bizə Sultan bəy adı o qədər tanış deyil. Amma məni yetişdirən atam laçınlı Sultan bəy haqqında danışmışdı. Sonralar gedib bir kitabça tapmışdım onun haqqında. 100 il bundan əvvəl Andranik Laçın koridorundan Qarabağa keçmək üçün laçınlı Sultan bəyə qızıl təklif edir, Sultan bəy razılaşır. Sonra da Andranikin Zəngəzur, Naxçıvan və Dərələzdə qırğınlar törədən bütün quldur dəstələrini məhv edir. Amma biz onu tanımırıq. Bu məmləkətin belə əzmli oğullarını tanımadığımız üçün bu gün Laçın dəhlizindən keçməyə nail olmayan Andranikin nəvələri Qarabağda oturub.

İndi də Sərdar Həmidov! Elə də uzaq keçmiş olmayan bir dövrdə onun adını oğurlayıb, tarixi saxtalaşdırmaq istəyirlər. İmkan verməyin! İmkan verməməliyik!

Sərdar Həmidovun adını oğurlamağa cəhd edənlər bilməlidir ki, yuxarıda sadaladıqlarım onun xidmətlərinin sadəcə bir hissəsidir.

Siz bunu bir filmdə oğurlaya bilərsiniz, amma milyonlarla insanın qəlbindən oğurlamağa gücünüz yetməz. Siz ölkəmizin tarixini saxtalaşdırmağa cəhd edə bilərsiniz, amma tarixin məhkəmələri qarşısında tanınmayacaq məhkumlar olacaqsınız. Çəkdiyiniz o filmi izləyən hər kəs sizin simanızı tanıyıb öncə özünə, sizi gördükdə sizə sual verəcək: Sərdar Həmidov hanı? Gün gələcək, övladlarınız belə canını, malını, varlığını öz məmləkəti üçün ortaya qoyan bir şəxsiyyətin - Sərdar Həmidovun haqqını yeməyə çalışdığınız üçün sizdən utanacaq. Hansı övlad atasının başqa bir kişinin həyatını oğurladığı üçün onunla fəxr edər?

Mən öz atamla fəxr edirəm. Çünki o, sizin cəsarət etmədiyiniz bir həyat yaşayıb. Nəfəsinin gəlib-getdiyi illərdə siz məchullarda qalmısınız və yalnız vəfatından sonra onun adını oğurlamağa çalışmağa cəsarət edirsiniz. Siz vəfat etmiş Sərdar Həmidova qalib gəlmək istəyirsiniz? Rəzil olacaqsınız! Həm tarixin, həm övladlarınızın, həm də bütün Azərbaycanın önündə.

Mən öz atamla fəxr edirəm. Ona görə ki, siz onun yaşadığı həyata cəsarət etməmisiniz, yalnız xəyal etmisiniz. İndi isə, onun ölümünün il dönümü ərəfəsində o həyatı özənməyə məhkumsunuz. Rəzil olacaqsınız! 

Tərtərin girişində yazılan bir sözü hər gün görməyinizə rəğmən, unutmusunuz: Heç kim unudulmur! Heç nə yaddan çıxmır!


Redaksiya: 012 5943991, 055 6011366. e-Mail: etatist.com@gmail.com
Şəhriyar Məcidzadə
Etatist.com
Şərhlər : 5 Şərh yaz
Perviz 11 mart 2017 09:00  

Serdar Hemidov Terterin bu gün işqal altında olmamasının bir başa sebebkarıdır.Amma...heyif..Çünki bele bir dahi insanın qedri bilinmeliydi..Amma neylek tarix deyişmir.Yazılmır.Ya saxtalaşmır.Çünki tarixi tarixçi yox xalq memleket yazır..Zaman gelecek her kes Hemidov haqda danışacaq ..Onun qehreman bir insan olduqundan.Allah ona rehmet etsin..

Məcid 12 mart 2017 13:30  

Sərdar Həmidovun haqqını yemək allahsızlıqdan və manyakklıqdan başqa bir şey deyil. Allah özü onların bəlasını versin. Amin!!!

Вугар 16 may 2017 13:55  

Аллаh гени-гени реhмет елесин,билен-билир ,hеч бир jерли Тертерлинин hаккы jохду, реhметлик Сердар беjи, jаддашыннан силсин.

Zahir TER-TERLI 16 may 2017 22:00  

Butun TER-TER ehli ve butun QARABAQ qazileri bilir ki, Serdar Hemidov torpaq uqrunda ne canini ,ne de malini esirqemeyib... Tarixi saxtalashdiranlar cox olur, AMA bu tarix deyil axi.... Bunun shahidi olan xalqimizin en azi 90 faizi hele yashayir.....

Aslan 16 may 2017 23:26  

Allah Rəhmət Eləsin !!!

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti