"Dövlət ölkəni tərk edən gənc intellektuallara sahib çıxmalıdır" - Video/Müsahibə

7-03-2017, 13:29
Oxunub: 4337
"Mən həmin adamları qəssabxanadakı keçiyə bənzədirəm"


Dünyada baş verən proseslər Azərbaycandan da yan keçmir. Neftin və bunun fonunda manatın ucuzlaşması, aparılan islahatlar, ictimai-siyasi həyatın fəallaşması hər kəs tərəfindən geniş müzakirə olunur. 

Azərbaycanda son dövrlərdə baş verən ictimai-siyasi vəziyyəti dəyərləndirmək üçün Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə söhbətləşdik. Müsahibə zamanı, ötən il keçirilən referendum, vitse prezident vəzifəsinin təsbit olunması, müxalifətin siyasi proseslərdəki rolu və sair məsələlərdən söz açdıq. 

Ramin Hacılının Etatist.com-a verdiyi müsahibəni təqdim edirik:

- Azərbaycanda son ictimai-siyasi prosesləri necə dəyərləndirirsiniz?
- Bu sual özündə geniş əhatəni birləşdirən sualdır. Hal-hazırda Azərbaycanda üç istiqamətdə proses gedir. Birinci istiqamət ondan ibarətdir ki, dövlət artıq islahatlara başlayıb. Referendumla bərabər başlayan bu islahatda məqsəd mərkəzdənqaçmaların qarşısını almaq üçün idi. Bu istiqamətdə dövlət aparatında bir çox islahatlara gedildi, xüsusilə də həm prezidentə vergi müşavirinin təyin olundu, həm də vitse prezident postları təsbit edildi. Bu onu göstərir ki, prezidentin vermiş olduğu bu qərara əsasən dövlət idarəçiliyində özü birbaşa hər şeyi nəzarətdə saxlamaq üçün mərkəzi hakimiyyəti gücləndirməyə çalışır. Çünki biz ölkədə xarici qüvvələrin təsiri ilə güc mərkəzlərinin prezidentə müqavimət göstərdiyinin şahidi olmuşuq. Bunun Azərbaycanda baş verməməsi üçün dövlət başçısı haqlı olaraq hakimiyyəti vahid aparatda birləşdirməklə digər güc mərkəzlərini sabah hansısa bir xarici kəşfiyyat orqanlarının əli ilə ölkə daxilində kataklizmlər yaratmaq ehtimalını azaltmaq üçün belə qərarlar qəbul elədi.

“Mehman Hüseynovu qızışdıranların məqsədi ondan ibarət idi ki...” 

İkincisi bu prosesə mane olmaq istəyənlərə aiddir ki, onlar vətəndaşları itaətsizliyə çağırmaq, vətəndaşları dövlətdən ayırmaq və dövlətə qarşı kin yaratmaq məqsədi güdürlər. Buna misal olaraq Mehman Hüseynovu misal göstərmək olar. Mehman Hüseynovu qızışdıranların məqsədi ondan ibarət idi ki, dövlət onu həbs etsin, bununla da beynəlxalq ictimaiyyət Azərbaycanın mövcud hakimiyyətini qınamağa başlasın və dövlət aparatı özündə bir müqavimət hissi yaratsın. Bununla da Qərb-Azərbaycan münasibətləri zədələnsin. Bunları edənlər məlum qüvvələrdir. Bu addımları atanlar xüsusilə dövlətimizə zərbə vurmaq istəyən adamlardır. Mən belə düşünürəm ki, bu həssas dönəmdə, xüsusilə dövlətin mərkəzi aparatı gücləndirdiyi zamanda bu addımı atanların fəaliyyətinə imkan vermək olmaz.

Üçüncü istiqamət isə, belə bir vəziyyətdə, xüsusilə gərginliyin yaradılması fonunda beyin axının ölkədən getməsidir. 90-cı illərdə kifayət qədər azərbaycanlı müxtəlif ölkələrə, Rusiyaya, Ukraynaya, Qazaxıstana və s. kimi ölkələr gedirdi. O zaman ölkə əhalisinin sayı 7 milyon idi və 2 milyon insan ölkəni tərk etmişdi. Bu, həm ölkənin iqtisadiyyatına böyük fayda verirdi, həm də ölkədə hər hansı problem və kataklizmin yaranması üçün də təhlükəli deyildi. Çünki bu insanların gedişi həm ölkəmizə pul gətiridi, həm də digər ölkələrdə lobbiçiliyin güclənməsinə xidmət edirdi. Hətta ölkəni tərk edənlərin arasında sonralar nə qədər adam milyoner, hətta milyarder oldu. Rusiyada artıq beş azərbaycanlı milyarder sayılır və onlar kifayət qədər azərbaycanlını işlə təmin edirlər. Bununla da dövlətimizə də dəstək olurlar. Bu onu göstərir ki, bu cür adamların gedişi problem yaratmır. Lakin bu gün insanların ölkədən gedişi, xüsusilə də beyin axınının baş verməsini alqışlaya bilmərəm. Çünki ölkə içində dövlətinə fayda verə biləcək insanların ölkədən getməsi bizi narahat edir. Bu hal baş verməməlidir və bunun qarşısı alınmalıdır. Bunun qarşısının alınması üçün dövlət həmin intellektual insanlara sahib çıxmalıdır. İslahatlarla paralel, bu müstəvidə də ciddi addımlar atılmalıdır.

- İntellektual gənclərin Azərbaycanı kütləvi halda tərk etməsi hansı amillərlə bağlıdır? Bunun dövlətimiz üçün hansı fəsadları ola bilər?
- Diqqət etsək görərik ki, bütün imperiyalar hər zaman beyinləri öz mərkəzlərinə çəkmək üçün çalışıb. Məsələn Teymurləng bu addımı atırdı. Yəni Səmərqənd bütün beyinləri Buxaraya aparmağa, ən böyük infrastrukturu orada yaratmağa çalışırdı. Eynilə Osmanlı İmperiyasında, həmçinin Roma və digər imperiyalarda da bu proses baş verirdi. Daha sonrakı illərdə biz bunun ABŞ-da baş verdiyinin şahidi olduq və ABŞ-ın post-Roma adlandırılması boşuna deyildi. Xüsusilə 90-cı illərdə ABŞ hökuməti Sovet elm adamlarının oraya köç etməsinə nail oldu. Hətta Amerikada Nyu-Yorkun bir bölgəsini ruslar üçün vətən halına gətidilər ki, ürəklə oraya gələrək beyinlərini orada istifadə etsinlər. Bunun nəticəsində Amerika texnologiyası kifayət qədər inkişaf etməyə başladı. Siz “GOOGLE”, “Facebook” və digər strukturlara baxsanız, nə qədər rusun orada çalışdığını görə bilərsiniz. Bunlar özlərini ifadə edə bilməyən adamlar idilər ki, Amerikaya gələndən sonra özlərini ifadə etməyi bacardılar. Təəssüflər olsun ki, bu gün beyinləri özlərinə cəlb edən Amerikada proseslər tərs istiqamətdə gedir.
Məsələn, İranda intellektlər öz hakimiyyətlərinə etiraz edirlər və Amerikaya gedərək orada töhfə verməyə başlayırlar. Çünki onlar azad ruhlu insan olduqları üçün mövcud vəziyyətə tabe olmurlar. Bu isə o deməkdir ki, bu cür adamların alternativ fikirləri olur. Alternativ fikri olan insanın isə dövlətə çox böyük fayda verə bilər. Amma İran alternativ fikirli insanı öz dövləti üçün istəmir. Bu zaman Amerika həmin insanlara sahib çıxırdı və onları Amerikaya gətirərək öz inkişaflarına nail olurdu. Lakin Trampın prezident seçilməsindən sonra bu prosesin qarşısı alındı. Trampın son qərarlarından sonra artıq mərkəz Kanadaya keçməyə başladı. Yəni intellektlər artıq daha çox Kanadaya meyl etməyə başlayıblar. Kanada azad mühitin olması, insanlara şərait yaradılması ilə öz ölkəsindən narazı olanlara sahib çıxmağa başlayıb və bu cür insanların bəşəriyyətə nəsə verəcəyinə inanırlar. Bəşəriyyətə verilən töhfənin Kanadadan verilməsi bu ölkəni mərkəzə çevirəcək.

“Bir dövlətdə oliqarxiya gücləndikcə, onlar dövlət üçün təhlükəyə çevrilməyə başlayır”.

- Ötən il keçirilən referendumu necə şərh edərdiniz?
- Bu əslində düşünülmüş şəkildə baş verdi. Siz istər Platonun, istər Aristotelin əsərlərində oxuya bilərsiniz ki, bir dövlətdə oliqarxiya gücləndikcə, onlar dövlət üçün təhlükəyə çevrilməyə başlayır. Bu oliqarxiyanı nəzarətdə saxlamaq üçün mərkəzi aparatı gücləndirməyə qərar verildi. Bu isə istər dövlət, istərsə də prezident tərəfindən haqlı şəkildə verilən qərardır. Beləliklə də artıq nə parlament, nə də hansısa bir oliqarxın gücü prezidentə qarşı istifadə edilə bilər. Çünki hər şeyin nəzarəti konkret bir şəxsin əlindədir.

“Şərq toplumu olan Azərbaycanda xanılmların önə çıxması özü bir islahatdır”.

- Mehriban Əliyevanın Birinci Vitse Prezident postuna təyin edilməsi bir çox siyasi dairələrdə islahatların anonsu kimi dəyərləndirilir. Sizin bu təyinata olan münasibətiniz necədir?
- Bunu təkcə Azərbaycanda deyil, eyni zamanda Qərbdə olan siyasi dairələrdə də islahat kimi qəbul etməyə başlayıblar və düşünürlər ki, bu ölkədə olan gender məsələsinə də çox böyük tövhə verəcək. Xüsusilə də Şərq toplumu olan Azərbaycanda xanılmların önə çıxması özü bir islahatdır, pozitiv nüansdır. Eyni zamanda düşünürəm ki, Mehriban xanımın sonrakı müsahibələrində səsləndirdiyi fikirlər hər kəsi islahat deməyə sövq edir, eyni zamanda bu yeni mərhələnin başlanğıcıdır və müsbət tövhələr olacaq. Hal-hazırda islahatların başlanmasına sevinən, bundan pozitiv əhval-ruhiyyəyə düşən insanların investisiya yatırmaq istəyən, depressiyadan çıxmaq istəyən insanları yenidən depressiyaya salmaq istəyən qüvvələrin qarşısı alınmalıdır. Hər bir ölkədə depressiyanı yaradan səbəb insanların depressiya nəticəsində öz pullarını xərcləməkdən imtina etməsidir. Bizdə son bir ildə 500-dən çox intihar hadisəsi baş verib. Bu onu göstərir ki, insanlar çox depressiv vəziyyətə salınıb. Bu vəziyyətdən çıxmaq üçün bu təyinat böyük bir impuls verəcək. Amma buna mane olmaq istəyənlər də var. Biz bunu aydın görürük. Ona görə də həmrəylik prosesi başlamalıdır ki, insanlar depressiyadan çıxsın, həmrəy şəkildə dövlətlə birləşərək investisiya qoysunlar, rahat pullarını xərcləsinlər.

Azərbaycana pul gətirməyə nail olmaq lazımdır. İqtisadi sabitlik olmadan digər sahələrdə sabitliyə nail olmaq çox çətin məsələdir. Əgər hər gün kimlərinsə həbs xəbərləri və digər neqativ xəbərlər olmasa, bu depressiv vəziyyətin qarşısı alına bilər.

Mən ermənilərin fəallaşması və Azərbaycan əsgərinə qarşı olan hücumları xüsusilə qeyd etmək istəyirəm. Bu, xüsusi taktikadır. Leninin hakimiyyətə gəlməsinə səbəb çox sayda şəhidin Sankt-Peterburqa və Moskvaya gəlişi oldu. Ermənilər də istəyir ki, şəhidlərin sayı artısn və elə bir proses başlasın ki, Azərbaycan xalqı deprerssiv vəziyyətdə qalmağa davam etsin. Biz bunu açıq şəkildə görməliyik və cəbhə xəttində baş verənlər hər şeyi açıq şəkildə göstərir.

“Öz ölkəsinə fayda verə bilməyən bir insanın bəşəriyyətə, özünə fayda verə biləcəyinə inanmıram”.

- Müxalifət illərdir fəaliyyət göstərməsinə baxmayaraq ətrafına böyük xalq kütləsi yığa bilmir. Son illərdə keçirilən aksiyalarda da xalqın müxalifətin ardınca getmədiyinin şahidi oluruq. Bunun səbəbini necə şərh edərsiniz?
- Əslində Azərbaycan müxalifətinin çox ciddi dəstəyi və dayaqları olub. Xüsusilə Əbülfəz Elçibəyin vaxtında xalq kütlələrinin müxalifətə böyük dəstəyi var idi. Ziyalılar da müxalifətə dəstək verirdi. Həmin dövrdə Müsavat və Xalq Cəbhəsi partiyalarında cəmləşən insanların siyahısına baxsanız, bunun şahid ola bilərsiniz. Ancaq zamanla bu insanlar getməyə başladı. Məncə bunun səbəbi nəticəyə təsir edir. Əbülfəz Elçibəyin ən böyük uğuru ondan ibarət idi ki, o, bütün məsələləri səmimiyyət üzərində qurmuşdu. Çox təəssüf ki, ondan sonrakı zamanlarda qeyri-səmimilik başladı.

Əgər əsgər ölümləri ilə bağlı mitinq keçirilirsə və o mitinqdə cəmləşən insanların kütləviliyindən istifadə edən müxalif qüvvə öz siyasi məqsədi üçün "istefa" qışqırmağa başlayırsa kütlə heç vaxt ona inanmayacaq. Mən bu barədə dəfələrlə həbs edilmiş "Nida"çı dostlarımıza deyirdim. Biz insanları əsgər ölümlərinə etiraz üçün dəvət edirik. Biz səmimi olmalıyıq, insanlara deməliyik ki, gəlin birləşib etiraz edək ki, əsgər ölümləri bir daha olmasın. Bu etiraza da hökumət heç nə deyə bilməz. Çünki fakt var və o etiraz həmin fakta əsasən yaranıb. Lakin insanları bu adla meydana çağırıb hakimiyyəti istefaya səsləyəndə, siyasi çağırışlar sələndirəndə, hökumət də sənin qeyri-səmimiliyini ifşa edəcək. Mənə elə gəlir ki, müxalifətin bu cür səhvləri çox oldu. Bir xatırlatma edim, 2011-ci ildə “Ərəb baharı” inqilabları zamanı həmin proses Azərbaycana da gəlib çıxmışdı. Həmin dönəmdə bizdə də mitinqlər keçirilirdi. O zaman bir səfirlik və bir Beynəlxalq Təşkilatdan mənə də nə üçün bu mitinqlərdə iştirak etməməyimlə bağlı suallar olurdu. Mən bunun səbəbi ilə bağlı bir yazı da yazmışdım və sonradan fikrimin düz olduğunda haqlı olduğumu bir daha gördüm. Əgər siz hər hansı bir siyasi prosesə başlayanda hansısa səfirliyin, yaxud beynəlxalq təşkilatın göstərişi ilə hərəkət edirsinizsə, xalq sonradan sizin ona deyil, həmin quruma işlədiyinizi düşünür.

"Nə qədər ki, bir-birimizin inkişafına mane olmağa çalışacağıq, bir o qədər də demokratiyanın yaranmasına mane olacağıq"

Mən illərdir bunu deməyə çalışıram ki, nə demokratik Amerika, nə Almaniya, nə Norveç, nə də digər demokratik hesab elədiyimiz ölkələrdə təşkilatlar bu şəraiti yaratmayıb. Bütün ölkələrdə demokratiyanın yaradıcısı həmin ölkənin xalqı ilə dövləti arasında olan həmrəylikdir. Dövlət bununla düzəlir, bununla demokratiya yaranır. Nə qədər ki, bir-birimizə nifrətlə yanaşacağıq, bir-birimizin inkişafına mane olmağa çalışacağıq, bir o qədər də demokratiyanın yaranmasına mane olacağıq.

Son dövrlər ən populyar insanlardan biri Mehman Hüseynov idi və kim ona agent deyirdisə, onun həbsinə də o insanlar səbəb oldu. Məsələn məni də provokasiyaya çəkmək üçün bu metoddan çox istifadə edilib. Bir insana agent deyildiyi zaman o daha da aqressivləşir və özünün belə olmadığını təsdiq etmək üçün hər kəsi tənqid etməyə başlayır. Hətta dövlətin ən güclü strukturunu belə təhqir etməyə başlayır. Nəticədə isə bunun aqibəti həbslə bitir. Təbii ki, Mehman Hüseynov agent deyildi və ona görə də bu cür provokasiyalara hədəf oldu. Mənə elə gəlir ki, Mehman Hüseynovun həbsindən heç kim qazanmadı, əksinə, hamı, həm Azərbaycan xalqı, həm dövlətimiz, həm beynəlxalq təşkilatlar, həm Mehmanın qohumları, həm ailəsi, həm də özü itirdi. Bu, eyni zamanda təşkilatlanmağa başlayan bütün qüvvələrin başına gətirilən bir oyundur.

“Mənə qarşı təklənmək taktikası yürüdülür”

Bir qrup adam özünü radikal, mərd, sözünüdeyən kimi təqdim etdiyi halda, digərlərini ittiham edirlər. Mən həmin adamları qəssabxanadakı keçiyə bənzədirəm. Özü qabaqda gedir, başı kəsilmir və arxasınca gələn qoyunların başlarını kəsirlər. O keçilərin sözü ilə hərəkət etmək olmaz. Onlar çox ciddi provokasiya ilə məşğul olurlar. Mən o insanlarla tək-tək görüşüb onlara bəzi fikirləri demək istəyirəm. Siyasətlə məşğul olan adamlar yaşadığı ölkənin mentalitetini, qayda-qanunlarını və nə zaman nəyə qarşı çıxmağı, hansı nöqtədə dayanmağı bilməlidir. Azərbaycanda belə bir siyasətçi yoxdu. Əksinə bütün bunların tərsini edəcək siyasi addımlar atılır.

Biz artıq intellektual şəbəkələşmənin, intellektual mərkəzləşmənin, təklif vermənin qalib gəldiyini görürük. Əgər Müşfiqin heykəli oradan götürüləndə müxalifət mitinq etsəydi Müşfiqin heykəli yerinə qaytarılmayacaqdı. Lakin ziyalılar, sadə vətəndaşlar buna etiraz etdikdən sonra el qınağına tuş gəlməmək üçün dərhal heykəl yerinə qoyuldu.

Məsələn, mənim üçün də çalışırlar ki, həm iqtidar, həm də müxalifətlə münasibətlərim gərgin olsun. Bir sözlə mənə qarşı təklənmək taktikası yürüdülür. Bir insan siyasətə gəlirsə ona qarşı bu cür addımlar olur. Mən xarici ölkələrdə yaşamağa ən çox şansı olan insanlardanam, hətta müəyyən müddət də xaricdə yaşamışam. Ancaq öz ölkəsinə fayda verə bilməyən bir insanın bəşəriyyətə, özünə fayda verə biləcəyinə inanmaram. Ona görə də siyasi fikirli insanların xaricdə ölkəni dəyişmək təşəbbüsləri mənə gülməli gəlir. Dəyişikliyi ya burada etmək lazımdır, ya da insanları radikallaşdırmağa, onları polislə qarşı-qarşıya qoymağa gərək yoxdur. Əksinə, polislə vətəndaşın barışığına nail olmaq üçün fəaliyyət göstərmək lazımdır. Məsələn, elə Almaniyanın özünün nümunə gətirmək olar. Almaniya nəyin hesabına Almaniya olub? Bunun isə səbəbi bəllidir -  vicdanlılıq, dürüstlük.

Müsahibənin videosunu təqdim edirik:

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti