Nicat Həşimzadə: "Bu mənim cavabımdır"

21-02-2017, 17:49
Oxunub: 2705
""Vəziyyət necədir" sualından daha çox, "vəziyyəti necə dəyişmək olar" sualına cavab vermişəm"


Lider TV-də yayımlanan “Tor” verilişindəki çıxışına görə son zamanların ən çox müzakirə olunan adamlarından biri, yazıçı Nicat Həşimzadənin yeni kitabı “İndulgensiya”nın təqdimatı keçiriləcək.

Nicat Həşimzadənin ədəbi fəaliyyətə 2010-cu ildə başlayıb, ilk kitabı isə 2015-ci ildə çap olunub. “Qoqenin ikinci qadını” adlanan kitab məqalələr, resenziya yazıları və hekayələr toplusudur.

“İndulgensiya” haqqında Etatist.com-a danışan N.Həşimzadə bildirib ki, bu kitab da məqalə və hekayələrdən ibraətdir:

““Qogenin ikinci qadını” adlı kitabını 3 il əvvəl yazmışam. Keçən 3 il ərzində fikirlərim təkmilləşdi. “Qogenin ikinci qadını” adlı kitabımı yazarkən məqsədim o idi ki, Azərbaycan gəncliyi ciddi kitablar oxusun. Sevdiyim kitablar haqqında resenziyalar yazdım və bu resenziyaları bir kitabda topladım. Əslində kitablar haqqında kitab yazmaq uşaqlıq arzum idi. Folknerin çox gözəl bir fikri var. Deyir ki, “əgər dünyada Folkner olmasaydı ciddi bir şey dəyişməzdi. Yenə də, Dostoyevski, Tolstoy oxunulacaqdı”. Hərdən düşünürəm ki, bizim gənc yazarlarımız roman yazmağa tələsirlər. Roman yazmaq üçün gərək romanlıq həyat yaşayasan, təcrübələrin ola. Bu səbəbə görə də hələ ki, roman çap etdirmirəm.

“İndulgensiya” kitabında “vəziyyət necədir” sualından daha çox, “vəziyyəti necə dəyişmək olar” sualına cavab vermişəm. Klassik Azərbaycan ədəbiyyatından bu günə qədər bir məsələnin şahidi olduq ki, tənqid “necədir” sualının cavabıdır, “necə etməliyik” sualının cavabı isə cəmiyyətə yeni alternativlər seçmək şansı tanımaqdır".

"İndulgensiya sözü bizim ölkəmizi və düşdüyümüz vəziyyəti mükəmməl açıqlayır"

Kitabın adı barədə danışan Nicat Həşimzadə bildirib:

"Orta əsrlərdə Avropada bir ənənə var idi. Zəngin adamlar cənnət qəbzi alıb etdikləri bütün qeyri-insani addımlara, günahlarının olmasına baxmayaraq bu dünyada olduğu kimi o biri dünyada da cənnəti “haqq etmək” istəyirdilər. Əslində bu dünyada yaratdıqları cəhənnəmi o biri dünyaya da aparmaq istəyirdilər. İndulgensiya sözü bizim ölkəmizi və düşdüyümüz vəziyyəti simvolizə etdiyi kimi, həm də onu mükəmməl açıqlayır. Bizim zənginlər də elə bilirlər ki, 40 dəfə Həcc ziyarətinə getməklə o biri dünyaya layiq olacaqlar. Amma qonşuluqlarında insanlar acından ölürlər.

Yaşlı nəslin “pulum varsa, hər şeyin var” monoloquna “İndulgensiya” mənim cavabımdır. “Pulum var, yazar ola bilərəm”, “pulum var, cənnət ala bilərəm”, “pulun varlığı başımın boşluğunu gizlədəcək” deyə düşünən hər kəsə cavabdır".

Sözügedən kitabın təqdimatı mart ayının 5-də, saat 15.00-da "1984" Pub&Lounge-da keçiriləcək. İştirak etmək istəyənlər üçün əlaqə nömrəsi: 070 537 21 84
Kamran Həsənli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti