Daxili Qoşunların komandanı Ramil Usubova hesabat verdi

18-01-2017, 17:38
Oxunub: 650


2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.

Virtualaz.org-un məlumatına görə, bu, Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində qeyd olunub.

Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir bildirib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.

Qeyd olunub ki, görülmüş işlər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

O deyib ki, hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.

O deyib ki, əldə edilmiş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülməli, qarşıya qoyulmuş tapşırıqların operativ və keyfiyyətli icrasına, döyüş xidmətinin təşkilinə və aparılmasına, döyüş təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilməlidir.

Bir neçə gün əvvəl dövlət başçısının Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan hərbi hissələrə baxış keçirərkən bir daha döyüş qabiliyyəti ilə bərabər, əsgər və zabitlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasının vacibliyini vurğuladığını nəzərə çatdıran cənab Ramil Usubov bu baxımdan şəxsi heyət arasında vətənpərvərlik ruhunun, nizam-intizamın gücləndirilməsi ilə bağlı aparılan tərbiyəvi işin keyfiyyətinin artırılmasının, müvafiq vəzifələrin həllinə mütəxəssislərin, Daxili Qoşunların ictimai təşkilatlarının və şuralarının yaxından cəlb edilməsinin əhəmiyyətini önə çəkib.

Cari ildə Bakı şəhərində “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirələciyini xatırladan nazir bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.

Sonda nazir xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb, bu ali diqqət və etimada cavab olaraq qanunla müəyyən edilmiş vəzifələrin bundan sonra da peşəkarlıqla yerinə yetiriləcəyinə, xalqa, dövlətə xidmət işinin daha böyük əzmlə davam etdiriləcəyinə əminliyini bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti