Komandan: Daxili Qoşunlarda cinayətlərin sayı azalıb

18-01-2017, 16:16
Oxunub: 412
"Bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb"


Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir bildirib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Daxili Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.

Qeyd olunub ki, 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb. Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib. Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində yerləşən hərbi hissənin xidməti fəaliyyəti üçün bütün infrastruktur yaradılmaqla yeni hərbi şəhərcik salınıb ki, onun da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb, lazımi avadanlıqlarla təmin edilərək yenidən istifadəyə verilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.

Bu il Bakı şəhərində “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləciyini xatırladan nazir bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti