Nazir aprel döyüşlərində yaralanan hərbçilərlə görüşdü

11-01-2017, 14:50
Oxunub: 137
"Digər bir hərbçi isə protezləşməyə hazırlıq mərhələsindədir”


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprel döyüşlərində yaralanan hərbçilərlə görüşüb.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Nazir deyib ki, prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələri və bu döyüşlərdə əlil olmuş hərbçilərimizlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada sosial müdafiə tədbirlərini həyata keçirib. Onlara müvafiq sosial təminat növlərinin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, müavinət və ya əmək pensiyalarının, habelə uşaqları, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri üçün müavinətlər təyin edilib.

Nazir həmin insanlar üçün əmək pensiyası, əmək münasibətləri, məşğulluq və s. sahələrdə bir sıra güzəşt və imtiyazların da müəyyən olunduğunu bildirib. “Aprel döyüşlərində yaralanmış hərbçilərimizdən protez-ortopedik xidmətlərə ehtiyacı olan 15 nəfərə dayaq-hərəkət funksiyalarının bərpası üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində müvafiq xidmətlər göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq 2 ədəd əlil arabası, 10 ədəd aşağı ətraf protezi və daha 130 reabilitasiya vasitəsi (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, dördayaqlı dayaq vasitələri və s.) ilə təmin olunublar. Hazırda qeyd olunan hərbçilərin bir qismi ilə işlər davam etdirilir. Belə ki, onlardan bir nəfərin qabaqcıl Almaniya təcrübəsi əsasında hazırlanmış MYO protezlə (əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən protez vasitə) təmin edilməsi nəzərdə tutulur, digər bir hərbçi isə protezləşməyə hazırlıq mərhələsindədir”, -nazir məlumat verib.

S.Müslümov aprel döyüşlərində yüksək vətənpərvərlik göstərmiş hərbçilərin sosial təminatı və reabilitasiyası, Vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olan insanların ailələrinin sosial müdafiəsi yönündə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini, onların bundan sonra da daim diqqətdə saxlanacaqlarını vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti