FHN: "Qaz kəmərindəki yanğın söndürülüb" - Yenilənib

11-01-2017, 12:13
Oxunub: 115
Əməliyyat saat 00:58-də başa çatıb.


Fövqəladə Hallar Nazirliyi Səngəçalda yerləşən magistral qaz kəmərində baş verən yanğın barədə məlumat yayıb.

Etatist.com-un FHN-in saytına istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əməliyyat saat 00:58-də başa çatıb.

*   *   *

SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

*   *   *

Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verib. 

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib.SOCAR-dakı mənbələr məlumatı virtualaz.org-a təsdiqləyib, daha sonra rəsmi məlumat yayılacağı bildirilib. Yayılan kadrlara əsasən partlayış və yanğın bu dəfə də 1000 millimetrlik qaz kəmərində baş verib, şiddətli yanğın davam edir. Hələlik yanğına müdaxilə olunmayıb.

Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır. Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü. Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», - şirkət qeyd edirdi.

Lakin eyni yerdə ikinci yanğın yanvarın 2-də baş verdi. Bu isə artıq üçüncüdür...

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti