Tələbələr aksiya təyin etdi

29-03-2013, 14:45
Oxunub: 2077


Azərbaycan Dillər Universitetində tələbələrə təqaüdlərin verilməsində ləngimələr yaranıb.

Universitetin tələbəsi tərəfindən APA-ya göndərilən məktubda deyilir ki, 4 aydır onlar təqaüdlərini ala bilmirlər: "Bəs buna cavabdeh kimdir? İndi biz nə edək və kimə şikayət edək? Banka gedirik, deyirlər ki, 5-10 günə veriləcək. Beləcə, 4 aydır ki, günü-günə satırlar. Biz də qərara gəlmişik ki, aprelin 9-dan 12-nə kimi universitetin əsas binasının qarşısında haqqımızı tələb etmək üçün dinc aksiya keçirək”.

Universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova APA-ya açıqlamasında bildirib ki, tələbələrə verilən təqaüdlərin gecikdirilməsi kartların dəyişilməsi ilə əlaqədardır. Onun sözlərinə görə, bu günə kimi əmək haqqı və təqaüdlər başqa bankdan alındığı halda, yanvarın 1-dən bu proses Beynəlxalq Banka keçirilib: "Bu texniki məsələdir. Tələbələrə zamanla yeni kartlar paylanır. Sadəcə, tələbələrin sayı çox olduğundan, mart ayında da qeyri-iş günlərinin sayının çoxluğundan proses bir az gecikib. Lakin burada söhbət 4 aydan getmir. Tələbələr dekabr ayına kimi təqaüdlərini alıblar. Bu ilin yanvar, fevral, mart aylarının təqaüdlərini isə növbəti həftədə alacaqlar. Bu gün universitetdə 6 minə yaxın tələbə var. Onların da hər birinə fərdi kartların hazırlanması vaxt aparıb. Artıq universitetin bütün dekanlıqlarına kartlar göndərilib ki, tələbələrə paylanılsın. Bu proses ayın sonuna kimi başa çatacaq. Gələn həftədən isə tələbələr 3 aylıq təqaüdlərini ala biləcəklər”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya açıqlamasında deyib ki, ölkə üzrə tələbələrə təqaüdlərin verilməsində heç bir problem yoxdur. Onun sözlərinə görə, əgər hansısa universitetdə problem yaranıbsa, bunun səbəbini universitetin özündən soruşmaq lazımdır: "Çünki təqaüdlərin verilməsinə universitetlər özləri nəzarət edirlər. Maliyyə Nazirliyi tərəfindən tələbə təqaüdlərinin verilməsi ilə bağlı pul ayrılır və universitetlərə verilir. Universitetlər özləri tələbələri təqaüdlərlə təmin edirlər”.
Şərhlər : 1 Şərh yaz
subhan 29 mart 2013 17:09  
AY MISIR MERDANIV BU UNVERISITETLERIN DEKANLARINI SEN TEYIN ETMIRSEN? SEN PULUNU ALIB QIRAQDA NIYE DURURSAN? TELEBENIN TEQAUDUNU NIYE ABOROTA BIRAXIB PUL QAZANIRLAR GUYA SIZIN BUNDAN XEBERINIZ YOXDUR HE? BALIQ HEMISE BASINDAN IYLENER!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti