"Neftçi" klubu ukraynalı futbolçu transfer edir

3-01-2017, 15:16
Oxunub: 435
"Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq"


Bakının "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Bu barədə Report-a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

Baş məşqçi futbolçunun adını açıqlamasa da, həftə ərzində keçidin reallaşacağını deyib: "Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub. O dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Sadəcə münasibətlər rəsmiləşməmiş ad açıqlamaq istəmirəm. Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq".

Baş məşqçi Azərbaycan millisinin üzvü Pavel Paşayevin də komandanın qış təlim-məşq toplanışına qatılacağını söyləyib: "Pavellə bağlı danışıqlar davam edir. Çox güman ki, Paveli heyətə cəlb edəcəyik. Hələ işlər yekunlaşmayıb, amma futbolçunun transfer vərəqini almaq istəyirik. Böyük ehtimalla o da bizim toplanışımızda iştirak edəcək".

Qeyd edək ki, "Neftçi" buna qədər Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprextlə ("Slovan", Çexiya - icarə) müqavilə imzalayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti