Səngəçalda partlayış: iki elektrik stansiyasının qazı kəsildi

27-12-2016, 13:14
Oxunub: 134
Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.


Bu gün səhər Səngəçal qəsəbəsi yaxınlığında yüksək təzyiqli qaz kəmərində partlayışın baş verməsi nəticəsində  “Azərenerji” ASC-nin Bakı  və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilmiş və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a daxil olmuş açıqlamada bildirilir. Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.



*   *   *

Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədiylə əraziyə buraxılmır. Hazırda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.

*   *   *

Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birindəki partlayışla bağlı SOCAR da məlumat yayıb.

Qeyd olunub ki, hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

*   *   *

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsilə bildirib ki, partlayış hadisəsi Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib.

Burada «Azəriqaz»ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov bəzi evlərə də sirayət edib. FHN bildirir ki,  xəsarət alanlar yoxdur.

*   *   *

Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb.

Lent.az-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.

Dövlət Yanğından Mühafizə Xidmətindən sayta bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.

Criminal.az saytının məlumatına görə isə ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.

Zavodda həyəcan siqnalı verilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirir ki, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti