Şəhriyar Məcidzadə: "Biz istəyirik ki, fərd özü dövlətə çevrilməyə başlasın"

24-12-2016, 15:32
Oxunub: 1273
"İnsan özünə inananda, özünü üstün görəndə yaratmağa başlayır"


Bu gün Milli Fikir Mərkəzinin ofisində MFM sədri Şəhriyar Məcidzadənin məruzəçiliyi ilə "Etatist olmaq nə deməkdir" mövzusunda tədbir keçirilib.

Etatist.com xəbər verir ki, tədbirdə çıxış edən Ş.Məcidzadə bildirib ki, biz ideallardan qorxuruq, böyük hədəflərdən qorxuruq:

"Ona görə ki, ilk öncə ona nail olmaq barəsində düşünürük. Amma belə ideal olmur. İdeal toxunulmaz, üstün, bir az da imkansız olmalıdır. Ona görə də hər zaman bizə verilənlərlə tətmin olduq, yetindik. Ondan artığını istəmək ağlımızın ucundan da keçmədi.

Bizim anlayışımızda bir dövlət yox idi. Biz xəyal etməkdən qorxurduq. 

İnsan dünyanın bütün fikirlərindən, zənginliklərindən daha üstündür. Çünki onun hamısını insan yaradır. Dünyada insan yarada biləcək bir kapital yoxdur. Amma insan kapital yaradır. Bu gün bizim cəmiyyətimizdəki "pulun varsa hər şeyin var" fikri ona görədir ki, bizi küçümsəmək istəyirlər.

İnsan özünə inananda, özünü üstün görəndə yaratmağa başlayır. Biz Nəsimini ona görə unutmuruq ki, o inanırdı. 

Mən də anlamışam ki, biz özümüzdən başlamalıyıq. Etatizm dünyanın və təbiətin tərifini verəndə, mübarizəmizi anladanda empirizm və pozitivizmə dayanır - təcrübələrə. Bizim düz deyib-demədiyimizi müəyyən edən bir gerçək var, o da təcrübə". 

Şəhriyar Məcidzadə: "Biz istəyirik ki, fərd özü dövlətə çevrilməyə başlasın"

* * *


Şəhriyar Məcidzadə qeyd edib:

"Sizə deyirlər ki, siz heç nəyə qadir deyilsiniz. Sizə deyirlər ki, əsas puldur, ideyaların heç bir önəmi yoxdur. Əgər ideyalar önəmi deyilsə niyə bir neçə ay ərzində iqtisadiyyatımız çökməyə başlayır?

Bizim hər şeyimiz oldu - zəngin torpaqlarımız, maraqlı fikirləri olan insanlarımız. Amma bizim iradəmiz olmadı. Biz öz mövcudiyyətimizi fədakar insanların belində qorumağa çalışdıq. O insanlara yardım eləməyə çalışmadıq. Bütün insanlar deyir ki, mən hamı kimi deyiləm, amma hamı kimi yaşayıb, hamı kimi ölür. Deməli ideyası olmayan hamı eynidir.

Biz elə bir dövlət istəyirik ki, onun təməlində insan dayansın. Biz istəyirik ki, fərd özü dövlətə çevrilməyə başlasın.

Bunu necə edəcəyik? İlk öncə yaratmaq yolunu tutmalı və idarəni düşünməliyik. Bizim məntiqimiz hər zaman normaların bizdən daha güclü olduğunu deyəcək. Amma siz məntiqinizi iradənizə tabe etdiyiniz an həyatınız dəyişməyə başlayacaq".

* * *

Şəhriyar Məcidzadə: "Biz istəyirik ki, fərd özü dövlətə çevrilməyə başlasın"

Şəhriyar Məcidzadə:


"Bir yol var. O yolu gedəndə səhv etməsən, təcrübən olmayacaq, ömrün boyu yalnış yaşayacaqsan. Amma o yolu sonuna qədər getsən, səhv etsən belə qazanacağın təcrübələrdir.

Həmişə deyirlər ki, heç kimə inanma. Heç kimə inanmayan toplumda necə yaşamaq olar? Deməli bu cəmiyyət bizim üçün yaşanılmaz hala gəlib. Yaşanılmaz hala gəlibsə biz ya ölməliyik, ya da dəyişməliyik.

Etatizm səndən başlayır... Bugünkü qərarından, sabahından başlayır.

Niyə yaşayırıq? Mən ona görə yaşayıram ki, gələcək nəsil bizdən daha güclü olsun. Bax, nəsillərarası savaşın məqsədi budur. Onlar - bizdən öncəki nəsil sizi daha zəif görməyə çalışır. 

Biz çürümüş dəyərlərin əvəzinə hər kəsin birləşə biləcəyi bir ideyanı gətirmək istəyirik. 

Statistikalara baxın, görün neçə gənc intihar edib. Deməli ölkə onun üçün yaşanmaz haldadır".

* * *

Bu dövlət sənin nailiyyətindir. Üstün dövləti üstün fərd yarada bilər. Üstün fikri üstün fərd daşıya bilər. İradə seçmək hökmünü daşımaqdır. Etatizm də iradə fəlsəfəsindən başlayır. Etatizm səndən başlayır demək, sənin özünə inanmağın deməkdir. Dövlət ictimai müqavilə ilə qurulur. İctimai müqavilənin subyekti olmaq üçün azad iradə daşımalısan. 

Etatizmin sizdən başlaması üçün siz seçim etməlisiniz. Ya sizə heç bir uğur vəd etməyən gələcək seçirsiniz, ya da sizə heç bir vəd verilmədən öz gələcəyinizi yaratmağı seçirsiniz.

* * *

Bu ölkə sizin ölkənizdir və siz bu ölkəyə sahib çıxmalısınız. Biz birliyi seçməliyik. Çünki biz hamımız bir olanda Azərbaycan ola bilərik! Birlik olmasaq sadəcə çevrə kimi qalacağıq.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti