Bələdiyyə sədrinə cinayət işi açılıb

28-03-2013, 19:32
Oxunub: 1425


 Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
        
 
Müəyyən edilib ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəyib. Bundan başqa, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulub.
 
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti