Şəhriyar Məcidzadə: "Biz bu dövləti sevməyə məcburuq..."

27-11-2016, 16:11
Oxunub: 1345
"Biz istəmirik Azərbaycanın bayrağı bir də dəyişsin"


Bu gün Milli Fikir Mərkəzinin ofisində MFM sədri Şəhriyar Məcidzadənin məruzəçiliyi ilə "Etatist olmaq nə deməkdir" mövzusunda tədbir keçirilib.

Etatist.com xəbər verir ki, tədbirdə çıxış edən Ş.Məcidzadə bildirib ki, bu mövzunu seçməkdə əsas məqsəd son zamanlar etatizm haqqında yaradılan yalnış fikirlərdir.

MFM sədri çıxışı zamanı bildirib:

"Etatist olmaq sənin olanı sənin olan kimi qorumaqdır. Biz bu dövləti sevməyə məcburuq. Çünki 200 illik müstəmləkə həyatını bir də yaşamamaq üçün tək çıxış yolumuz budur. Biz bu fikirləri səsləndirəndə deyirlər ki, guya biz avtoritarizmdən tərəfik - Stalindən, Lenindən tərəfik. 

Biz Şərqdə ilk demokratik dövləti quran toplumuq. Biz həmin dövləti quranda daşnaklara, menşeviklərə parlamentdə yer verən toplumuq. Kim bizə xəyanət elədi?"

Dövlət hüquqi bir sistemdir. Dövlət hüquqsuz mövcud olmayacağı kimi, hüquq da dövlətsiz ola bilməz. Biz dövlət anlayışına fəlsəfə ilə baxırıq. Məsələn, Platondan sitat gətiririk. Deyirik ki, dövləti fikir adamları idarə etməlidir. Hegelə istinad veririk. Deyirik ki, dövlət mütləq olmalıdır.

Anarxistlər deyir ki, dövlətə qarşı mübarizə aparmaq, dövləti yıxmaq lazımdır. Hərbi xidmətə ilk çağırışlarını alan kimi gedirlər xidmət etməyə. Bəs dövləti yıxmaq lazım idi? Riyakar oldu? Oldu.

Sosialist inqilabı baş verəcəkmiş, yer üzərində ədalət “bərqərar” olacaqmış. Oldu? Harda oldu? Kubada? Vyetnamda? Yaxud xəritələrlə böyük Azərbaycanı qurmaq istəyənlər. Mən də böyük Azərbaycan istəyirəm, amma bu xəritələrlə qurulacaq bir şey deyil.

Şəhriyar Məcidzadə: "Biz bu dövləti sevməyə məcburuq..."

Dünyada iki cür dövlət qurulması prosesi var. Birincisi, tarixi şərait nəticəsində qurulan dövlət. İkincisi iradə ilə qurulan dövlət... Sənə dövlət vermək istəmirlər, sən savaşıb o dövləti qurursan. Türkiyə kimi. Türkiyəni xəraca bağlaya bilmədilər. Çünki Qurtuluş Savaşını başladı. Almaniya kimi bir dövlət Antantaya ödəniş edirdi, paytaxtında vətəndaşlarını döyürdülər. Amma bunu Türkiyə üçün edə bilmədilər.


Tacikstan tarixi şərait nəticəsində qurulmuş ölkədir. Ərazisinin neçə faizinə nəzarət edir? Suriya, Liviya tarixi şərait nəticəsində qurulan dövlətdir. Çox stabildir? Bir də İsrail var - iradə ilə qurulub. Hər on nəfərdən biri elmlər namizədidir...

Etatist olmaq üçün voluntarist olmalısan, iradə cəmiyyəti istəməlisən. Hədəflərimiz var? 10 il, 20 il sonra necə yaşayacağıq? Hədəfləri insanlara ideologiya verir.

Mən istəyirəm ki, Azərbaycan vətəndaşının hər şeyə öz baxışı olsun. Buna görə də etatistəm. Mən istəyirəm ki, Azərbaycan vətəndaşı "yetimçilik" psixologiyasından azad olsun. Böyük qardaş, kiçik qardaş - dövlətlərin qardaşı olmur. Nə beynəlxalq münasibətlərdə, nə başqa yerdə belə bir anlayış yoxdur. Dövlət ya güclü olur, ya da zəif. Nitsşe deyirdi ki, "səni nə güclü edirsə, ona hə de". 

Biz - etatistlər - sizdən heç bir şeylə fərqlənmirik. Biz istəmirik Azərbaycanın bayrağı bir də dəyişsin, Azərbaycanın torpağı işğal olunsun, ya da işğalda qalsın. Biz istəmirik kimsə gəlib bizim necə yaşayacağımızı diqtə etsin - necə geyinəcəyimizi, necə davranacağımızı..."

* * *

Şəhriyar Məcidzadə: "Biz bu dövləti sevməyə məcburuq..."

Şəhriyar Məcidzadə əlavə edib:


"Azərbaycanın neftdən başqa hansı brendi var? Etatistlər deyir ki, Azərbaycan xammal ölkəsidir və biz istəmirik bu belə qalsın - Azərbaycanın böyük brendləri olsun. Pis şey istəyirik?

Biz deyirik ki, dövlət mütləq olmalıdır. Niyə mütləq olmalıdır? Çünki biz yüz illərlə müstəmləkə həyatı yaşamışıq. Bir də müstəmləkə həyatı yaşamamaq üçün dövlətin mütləqiyyətindən tərəfik. İnsan Tanrını düşündüyü üçün dövləti yaradıb. Tanrı nizam gətirir. Hər şey bir-birinin içindədir. Fikir adamları bunu düşünüb, dövləti yaradıb ki, nizam gətirsin.

Etatist olmaq voluntarist olmaqdır. Biz səbəblərə sığınmamalıyıq. Nitsşe deyir ki, səbəblərə acizlər sığınır. Fikir vermisiniz, bizim tariximizdə heç kim günahkar deyil. Bu da səbəblərə sığınmaqdan doğan bir şeydir".

* * *

Bizim çəkinəcəyimiz bir sual yoxdur. Kimsə hansısa bir sualı verəndə narahat olursa, biz xoşbəxt oluruq. Etatist olmaq əslində ölkəsinə bağlı olmaq və özünü Azərbaycan kimi görməklə bağşlayır. Azərbaycanın hər bir gənci bizim bayrağımızdır. Bizim ən böyük istəyimiz bu bayraq heç bir zaman yerə düşməsin, sürünməsin. Yerə düşməməyin, sürünməməyin yolu iradədən keçir. Bu gün Azərbaycan 10 milyon insana bölünüb. Deməli 10 milyon insan bir olanda Azərbaycan olacağıq.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti