"Gender" anlayışına yalnış prizmadan baxırıq

4-11-2016, 17:44
Oxunub: 1517
"Qadın hüquqlarının insan hüquqlarından ayrı götürülməsi, feminanın şüurlu surətdə insandan fərqləndirilməsi deməkdir"


Deyərdim ki, bütün cəmiyyətlərdə cinsiyyət, gender və cinsi oriyentasiya ilə bağlı yanlış anlaşılmalar çox yayılmışdır.

Cinsiyyət dedikdə kişi və qadın arasında fiziki, çoxalma orqanları və genetik səviyyədə olan fərqliliklər nəzərdə tutulur. Gender isə hər bir fərdin özünü necə təyin etməsinə deyilir — bu məhfum bioloji yox, əqli və sosial faktorlardan asılıdır. İlk öncə gender anlayışına aydınlıq gətirməyə çalışaq. Ümumiyyətlə gender nədir? Qadınları kişilərə bərabər görən feminizmdən nə ilə fərqlənir?

Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin Gender və Qadın Problemləri şöbəsindən Vəfa Ələkbərova : "Gender kişi və qadın hüquqlarının bərabərliyi deməkdir. Yəni kişi və qadınlar arasında cəmiyyətdəki öhdəliklərin və imkanların bərabərliyi"."Feminizmlə gender anlayışları arasında yerlə göy qədər fərqlər var. Sadəcə, belə bir stereotip formalaşıb ki, genderlə feminist düşüncələri üst-üstə düşən anlayışlardır. Əslində bu belə deyil".

Təbliğatın yalnış aparılması insanları səhv yönəldir. Qadın hüquqlarının insan hüquqlarından ayrı götürülməsi, feminanın şüurlu surətdə insandan fərqləndirilməsi deməkdir. Qəribə təzaddır, onlar qadın hüquqlarına hörmətin artırılmasını istərkən, özləri də bilmədən qadını ümumi insan cəmiyyətindən ayırırlar. Qadının hüquqlarına ayrıca baxmağa başlayırlar. Yenə də dünyada gender hüquqlarından bəhs edilərkən, əsasən qadın hüquqları nəzərdə tutulur. Halbuki gender ("cins" deməkdir) hüquqları deyiləndə burada həm kişi, həm də qadın cinsindən olan insanların hüquqları nəzərdə tutulmalıdır. Azərbaycanda gender bərabərliyindən danışanda adətən qadınlar göz önünə gəlir. Bəs kişilərin qarşı cəmiyyətdə gender balansı pozulurmu? Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə 50-dən çox təşkilat var, amma kişilərin hüquqlarının qorunması ilə bağlı bir dənə də olsun quruma rast gəlmədim. Müəyyən zəif xarakterli kişilər var ki, hakimiyyəti qadına verdiklərinə görə qadın ona qarşı mənəvi zorakılıq da, lazım olanda fiziki zorakılıq da tətbiq edir. Hətta qadının ərini öldürməsi faktı da ola bilər.  

Bildiyimiz kimi səhiyyə, mədəniyyət, təhsil sahəsidə qadınların sayı çoxdur, amma rəhbərlikdə kişilər üstünlük təşkil edir. Düzdür, məktəb direktorları olan qadınlar çoxdur. Burda bir stereotip var. Əsasən də kənd yerlərində qadını məktəb direktoru təyin edirlər, amma o evdə uşağı, təsərrüfatı olduğundan həyat yoldaşını öz yerinə göndərir. Qadın özü buna yol verməməlidir. Ona etimad göstərilibsə, vəzifə verilibsə, layiqincə yerinə yetirməlidir. Kişi müəllimlərin sayı azdır, orta məktəbdə təhsil alan oğlanların daha çox kişi müəllimlərə ehtiyacı var. Yəni təlim- tərbiyə nöqteyi-nəzərdən oğlanların kişi, qızların isə qadın tərbiyəsinə ehtiyacı var. Gender baxımından təhsildə bu balans pozulur. 

Azərbaycan gender bərabərliyi göstəricisinə görə 142 ölkə arasında 94-cü yerdə dayanır.

Təəssüf ki, cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ - məişət zorakılığı haqqında tez-tez eşitməyə başlamışıq. Bu zorakılığa daha çox qadın və uşaqlar məruz qalır.

Ailə zorakılığı qurbanı olan müsahibimlə  söhbət edərkən aydın oldu ki, o yoldaşı tərəfindən dözülməz işgəncələrə məruz qalıb. Arvadına gün verib işıq verməyən bir çox kişilər kimi, Pərvanə xanımın yoldaşı da cəmiyyət içində və ya qayınana-qayınata yanında özünü «mələk» kimi aparmağı bacarıb. Ancaq arvadı ilə tək qalanda əsl üzünü gizlədə bilməyib. Əri tərəfindən döyülən Pərvanə Bayramova öz həyatından bəhs edib. 2014-cü ildə ailə həyatı quran qadın ailələrində problemin yoldaşının narkotikaya qurşanmasından sonra başladığını söylədi. "Yoldaşım məni anamdan atamdan pul almağa məcbur edirdi, pulu neynirsən deyə soruşan zaman isə məni döyürdü". Qadın boşanmaq istəsə də buna nə maddi imkanı olub,nə də ki ailəsinin dəstəyi. Ata evinə qayıtmaq istəyən qadına atası "getdiyin yerdən kəfənin çıxar ancaq" deyib. Bu adi bir məişət zorakılığı olmayıb. Pərvanə xanımın sözlərinə görə, əri ona ağır işgəncələr verirdi" başıma kubiklə vurur, bəzən heyfini ala bilməyib ətimi maqqaşla dartırdı" deyən Pərvanə xanım, çətin də olsa buna öyrəşmişdi. Bizim cəmiyyətdə sürü psixologiyası mövcuddur. Bu psixologiya artıq iki hissəyə bölünüb: kor-koranə mühakimə edənlər və kor-koranə “kor-koranə mühakimə edənlər”i mühakimə edənlər. Məhz bu fikirlərə görə, zorakılığa məruz qalan qadın ərini tərk etmir.

Pərvanə xanımın həyatı əri həbsxanada öldükdən sonra  yoluna düşüb. Belə hallar təəssüf ki, bu gün də artmaqdadır. Baş verənlərdən kimin günahı olduğunu soruşsanız, günahkar çoxdur əslində. Əgər sizi döyən, təhqir edən adamla barışıb bu səhvini ona bağışlayırsınızsa, başınıza gələcək müsibətlərin qırmızı  lentini kəsirsiniz. 

Söhbət məişət zorakılığından gedirsə, həm qadınların, həm də kişilərin hüquqları qorunmalıdır.

Azərbaycanda "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. Məlumdur belə bir şey qəbul edilib , amma hər şey sadəcə kağız üzərində qalıb. Qanunda deyilir  ki, Maddə 1. Qanunun məqsədi  Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. 

Bu qanuna əməl olunması üçün bu mövzunu daim aktiv saxlamaq və bu yöndə maarifləndirici tədbirlər görülməlidir. Əsas iş cəmiyyətin güzgüsü sayılan mətbuatın, yəni jurnalistərin üzərinə düşür. Bu barədə xəbər yazarkən baş verən  hadisəyə təkcə xəbər kimi baxıb sadəcə ekspert danışdırmaqla mövzunu bağlamaq düzgün deyil. Hadisənin baş vermə səbəbi və kökündə duran problem ortaya çıxarılmalıdır.

(Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Gender hüququ: qanunvericilik və təcrübə”
mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir)
Ülkər Yarıyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti