"Ömər Xəyyamı, Seymur Baycanı, Qan Turalını bəyənmirəm"

17-10-2016, 16:02
Oxunub: 1306
"Nə plan qurdumsa həyat başıma uçurdu"


Kitabıstan yazarlarla müsahibələrini davam etdirir. Bu dəfəki müsahib "Onun adı Elyanora deyil" kitabının müəllifi, yazar Tural Sahabdır.

Etatist.com yazıçı Tural Sahabın Kitabıstana müsahibəsini təqdim edir.

- Tural bəy, yeni kitabınız çap olunub. Təbrik edirik. Oxucuların reaksiyası necə oldu?
- Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün. Oxuyanlar deyir, bu kitabı yazan qoca kişi olmalıdır, gənc adam bu qədər əzablı yaza bilməz

- Sizcə Azərbaycan ziyalıları kütləyə nə üçün məğlub olurlar?
- Tam mənada ziyalı ola bilmədikləri üçün özlərinə inanmırlar. Kütləni dəyişmək əvəzinə onlardan biri olmağı seçirlər. Bir ev, maşın, yaxşı bir iş tarixə düşməkdən daha çəkici gəlir onlara.

- Fikir adamının heç bir uğurlu iş görmədiyi halda xalqı tənqid etməyə haqqı var?
- Məncə yox. Qaranlığı tənqid etməkdənsə, bir şam yandırmaq lazımdır. Onların tənqidi isə sadəcə gündəmdə qalmağa və məşhurlaşmağa hesablanıb.

- Azərbaycanda poeziya niyə öz aktuallığını itirir?
- Yaşlı nəsil arasında hələ də aktualdır. Gənclər isə kitab oxumağa başladıqları üçün şeir- romantika daha onlara maraqlı gəlmir.

- Azərbaycan ədəbiyyatında nə çatışmır?
- Ən əsası oxucu çatışmır. Çünki güclü oxucu tələbi olarsa gənclər böyük əsərlər yarada bilərlər. Demək olar ki, ölkədə indi tənqidçi yoxdur. Hansısa məmur yazarın kitab təqdimatında tərif deməkdən başqa işi yaramırlar tənqidçilər. Özünü, həyatını ədəbiyyata qurban edəcək yazarlar da yetişməyib.

- Siz bölgədə yaşayırsınız. Bakıdan uzaq mühitdə ədəbiyyat yaratmaq çətin deyilmi?
- Yaratmaq çətin deyil. Ədəbiyyat tənhalığı sevir. Dağlar, çaylar insana yazmaq üçün güc verir. Çatmayan sadəcə yazdıqlarını üzə çıxara bilmək, ədəbi muhitdən uzaq qalmaqdır.

- Azərbaycan yazıçıları niyə kasıbdırlar?
- Kitabları satılmadığı və kitaba, elmə dəyər verilmədiyi üçün. Çalıb-oynamaq nə yazıq ki, bu millətə elmdən, oxumaqdan daha maraqlıdır. Dövlətin qayğısı da azdır.

- Bəlkə xalqın əyləncəyə bu qədər böyük maraq göstərməsində günahkar elə ziyalılardır?
- Bir günah varsa, hər kəs ortaqdır. Tv-lərdə bir dənə düz-əmməli proqram yoxdur, bütün günü əyləncə, çalıb-oynamaq. Ziyalı səsini çatdıra bilmir millətə. Bunun aradan qalxması üçün illərlə vaxt lazımdır. Millət olaraq çox geridəyik.

- Xalq geridədirsə ziyalı günahkar deyilmi? Demək ki, Azərbaycan ziyalıları bəhanələrə sığınır.
- Günahkardır, ancaq düzəlmək istəyən xalq ziyalısına yardım etməlidir. 150 manat maaş alıb, kirayələrdə çürüyən ziyalı canının hayında olur. Bəhanələrə sığınmaq da var. Bəlkə də qorxuruq, qorxmasaq daha fərqli olardı hər şey. İndi sadəcə çoxlu kitablar oxumaq və yazmaq istəyirəm. Nə plan qurdumsa həyat başıma uçurdu, daha plan qurmuram. Çay içir, kitab oxuyur və gözəl xanımlarla dostluq edirəm

- Hansı kitabları oxuyursunuz indi?
- Hal hazırda Paulo Koelyonun seçilmiş əsərlərini oxuyuram

- Məncə Koelyonu oxumağa dəyməz. Azərbaycan yazıçılarından kimləri bəyənmirsiniz?
- İki əsərini oxuduqdan sonra təxminən mən də sizinlə eyni fikirdəyəm. Folkneri də oxumağa dəyməz. Azərbaycan yazarlarından - gənclərdən Ömər Xəyyamı, Seymur Baycanı, Qan Turalını bəyənmirəm. Ölənləri isə bəyənsəm və ya bəyənməsəm heç nə dəyişməz. Adamları deyəndə ki, düşüncələrini bəyənmirəm. Mənim üçün dəyərli olan şeyləri hər zaman təhqir edirlər.

- Nədir sizin üçün dəyərli olan?
- Milli kimliyim, dini inancım.

- Dünya ədəbiyyatından hansı romanları sevirsiniz?
- Martin İden, “Dahi”, İrvinq Stoun “Yaşamaq yanğısı” ən sevdiyim romanlardır.

- Bəs Azərbaycan ədəbiyyatından ən yaxşı roman hansıdır?

- “Əli və Nino” nu deyərdim.

- Məncə bu romanda pafos çoxdur...
- Elədir, ancaq olanların içində seçim edəndə bu əsəri deyirik. Ümumilikdə Azərbaycan nəsri çox zəifdir.

- Sizcə hansı romanları Azərbaycan nəsrindən çıxarmaq lazımdır?
- Çingiz Abdullayevin romanlarını.

- Özünüzü Kitabıstan vətəndaşı sayırsınız?
- Əlbəttə. Çox faydalı işlər görürsünüz. Minnətdaram maarifçi fəaliyyətə görə.  

Nicat Həşimzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti