"İnsanlar pula, maddiyyata tapınır" - Filosof

1-10-2016, 16:26
Oxunub: 1626
"Hər kəs ancaq maddiyyat fikirləşir"


Hal hazırda "Kitabıstan"-ın təşkilatçılığı ilə Milli Fikir Mərkəzinin ofisində fəlsəfə elmləri doktoru Aydın Əlizadə ilə görüş keçirilir.

CANLI YAYIM

Etatist.com xəbər verir ki, "Kitabıstan"-ın koordinatoru Nicat Həşimzadə giriş sözündə bildirib ki, görüş iki hissəli olacaq:

"Çoxumuz Aydın müəllimi yazdığı kitaba əsasən tanıyırıq. Biz bu görüşləri yalnız özümüz istəmirik, gənclər də bizə yazırlar, aydınlarla görüşmək istədiklərini bildirirlər. Ona görə də biz bu görüşləri təşkil edirik".

Aydın Əlizadə:

"Çox təəssüf ki, biz belə maddi dünyada yaşayırıq. Elə bir vəziyyətdəyik ki, hər kəs ancaq maddiyyat fikirləşir. Bəs insanla heyvanı nə fərqləndirir? Qoyun da öz maddi ehtiyaclarını təmin edir.

İnsan bir yönümlü ola bilməz. İnsanın iki hissəsi var: Maddiyyat - bu inkar olunmazdır.

İnsanın ikinci çox vacib tərkib hissəsi onun ruhudur. Bu iki tərkib hissəsi bir-birini tənzimləməlidir, yetkinləşdirməlidir. Dolğun insan ikitərəfli olur. Yalnız maddiyyat - bu heyvandan fərqlənməyən cəhətdir. İnsan olmaq üçün mənəviyyat təmin olunmalıdır. Ruhun təmin olunmasının yolu isə intellektual fəaliyyətdən keçir.

İnsanlar indi pula, maddiyyata tapınır. Bu ehtiyac olub. Bu vəziyyətdə gənclərin mənəvi fəaliyyətdə olması çox sevindiricidir".

"İnsanlar pula, maddiyyata tapınır" - Filosof


* * *

Sadiq Qasımov:

"Siz dediniz ki, Azərbaycanda insanlar maddiyyata tapınır. Sizdə hədəfsiz bir cəmiyyətdə bu normal deyil?"

Aydın Əlizadə:

"Mən sizinlə razıyam. Zahiri cəhətdən guya bizim hansısa amalımız var. Məsələn, biz ermənilərə qalib gəlməliyik. Amma necə qalib gəlməliyik?"

* * *

Aydın Əlizadə:

"İnsan ilk növbədə özünü tanımalıdır, sonra cəmiyyətə açılmalıdır. Fərd olaraq hədəflərimizi müəyyənləşdirək, özümüzü tanıyaq... Mən ömrümün 50 ilini özümü tanımaqla məşğul olmuşam. Hamını tənqid edirik, o belədir, bu belədir. Sual vermək lazımdır ki, sən nəsən? Bu çox ciddi sualdır - sən nəsən?"

Sadiq Qasımov:

"Mən Milli Fikir Mərkəzinin üzvüyəm. İki kitab tərcümə etmişik, üçüncü yoldadır. "Bəyaz zanbaqlar ölkəsində" bir cəmiyyətin necə inkişaf etməsindən bəhs edir. "Yəhudi dövləti" isə dövlətin necə qurulmalı olduğundan... İndi siyasətlə məşğul olmadığımıza görə bizi qınayırlar."

Aydın Əlizadə:

"Hər şey siyasət deyil axı. İctimai həyat da var..."

* * *

"İnsanlar pula, maddiyyata tapınır" - Filosof

Nicat Həşimzadə:


"Azərbaycan ziyalıları kütləyə niyə uduzur?"

Aydın Əlizadə:

"Dost bayaq danışdı ki, Sovetdən qalma düşüncədir, Sovetdən qalma ziyalıdır. O vaxt tamam başqa quruluş olub, indiki zamana gəlsək də, o, düşüncəsini dəyişə bilmir. Gənclər isə bu günlə ayaqlaşır.

Mən onun tərəfdarıyam ki, kim işini bacarırsa o da işin başında olsun. Məsələ gənc-qoca məsələsi deyil. Məsələ odur ki, bacarıqsız insanlardır işin başında. Mən elə gənclər tanıyıram ki, onlar qocalardan fərqlənmir".

Sadiq Qasımov:

"Çünki o da həmin qocadan geri qalmır. Onun problemi yeyib-içmək, gəzmək və toya gedəndə 50 manat pul salmaqdır".

* * *

Aydın Əlizadə:

"İslam dini xristianlıqdan 600 il geri qalır. Belə bir fikir yaranıb ki, biz 600 il əvvələ getsək İslamda XV əsrdir. Avropada da XV əsrdə dini qarşıdurmalar yaşanırdı".

* * *

Orxan Həsəni:

"XIX əsrdə Prusiya dövləti Hegel fəsləfəsini dövlət fəlsəfəsi etmişdi. Azərbaycanda hansı filosofun fəlsəfəsini dövlət fəlsəfəsi etmək lazımdır?"

Aydın Əlizadə:

"İndi ideyalar dövrü deyil. Biz artıq ideyasızlaşma dövrünə keçmişik. İdeyalar, ideologiyalar hamısı sıradan çıxıb. Bütün ideologiyalar qarışıq şəkildədir. Bir dənə İslam qalıb. İslam ideologiyası da ona görə qalıb ki, Şərq öz yolunu tapa bilməyib. Qərb öz yolunu tapıb. Amma Şərq hələ çıxa bilməyib. Mən düşünürəm ki, dinlə bir yerə gəlib çıxmaq mümkün deyil".

* * *

Nicat Həşimzadə:

"Kimləri filosof saymaq olar?"

Aydın Əlizadə:

"Məncə bu dəqiqə fəlsəfə ölüdür... Fəlsəfə yoxdur, onun tarixi var. Biz indi post-modernizmdəyik. İndi hər şey qarışıb bir birinə. Fəlsəfə yoxdursa, deməli filosof da yoxdur. Ancaq biz düşüncədən məhrum deyilik axı. Bəlkə də bizim aramızda kimsə filosofdur, amma bunu tarix deyəcək. İnsan özünə filosof deyə bilməz."

Nərminə Hacıyeva:

"Ən sonuncu fəlsəfi cərəyanlar hansılardır?"

Aydın Əlizadə:

"Praqmatizm. Əslində o fəlsəfə də deyil... Fəlsəfədir, amma bu günə yönəlib. Hər şey bizə lazımdır, amma bu an üçün. Bu an üçün lazım deyilsə, lazım deyil".

* * *

Nicat Həşimzadə:

"Fəlsəfi cərəyanların qarışması insanı daha mürəkkəb vəziyyətə salmır?"

Aydın Əlizadə:

"İndi informasiya dövrüdür. Bu qədər informasiyanın içində necə eyni qalmaq olar? Sən daim dəyişməyə məhkumsan. Bu, müasir dünyanın tələbidir. Əgər bu çətindirsə, deməli sən çətinliyə dözməlisən".

Nərminə Hacıyeva:

"50 il sonra fəlsəfəni necə görürsünüz?"

Aydın Əlizadə:

"Biz indi nəyi kəşf eləyə bilərik? İnsan problemləri, cəmiyyət problemləri məlumdur. Hər şey kəşf olunub, bilinir. Elmlər də böhran vəziyyətinə gəlib. 1950-ci illərə qədər çox geniş kəşflər olurdu. 100 il ərzində sürətli inkişaflar oldu. Bu dəqiqə belə sıçrayışlı nə kəşf görürsünüz? İndi biz təkmilləşmə ilə məşğuluq.

Fəlsəfədə də eyni şeydir. Ortaya bir kəşf çıxmırsa, yeni fikir də çıxmır".

* * *

Şəhriyar Məcidzadə:

"Dünyada öz fəlsəfəsi olub inkişaf etmiş toplumlar yoxdur?"

Aydın Əlizadə:

"Var. Məsələn, ABŞ. O vaxtı olub..."

Şəhriyar Məcidzadə:

"Monteskyönü, Russonu filosof adlandırmaq düzgün olmayacaq. Başqa bir nümunə yoxdur?".

Aydın Əlizadə:

"Var. Bu elə bir sualdır ki..."

Şəhriyar Məcidzadə:

"Məsələn, İranı, Almaniyanı demək olar? Necə olur ki, qonşumuz İran dinin tükəndiyi bir vaxtda dini dövlət qurur, öz fəlsəfəsini yaradır və bu ölkədə texnoloji intibaha gətirib çıxarır, amma Azərbaycanda olmur? Biz niyə özümüzə başqasının gözü ilə baxmağa çalışırıq?

Kant alman xalqının yetirməsi idi, alman üçün yazmışdı. Biz onu bura götürüb gətirib, olduğu kimi tətbiq etsək və o fəlsəfə burada yeriməsə, burada fəlsəfədir günahkar?"

Aydın Əlizadə:

"Siz bütün fikirləri dediniz. Təbii ki, zaman, məkan, hamısı nəzərdə tutulmalıdır".

Şəhriyar Məcizadə:

"Aydın müəllim, fəlsəfədə zaman anlayışı var? O şey üçün zaman anlayışı var ki, o, subyektivdir. Məsələn, Sokratın zamanından min illər keçib, amma insanlar hələ də Sokratı oxuyur, çünki bu obyektiv idi. Biz əslində zaman məsələsini ortaya çıxarmaqla ümid etdiyimizi göstəririk.

Əslində bundan qorxmaq lazım deyil ki, "biz bunu edə bilməsək nə olacaq..." Nə olacaqsa olacaq. Bir şeyi yaşamadan onun mənasızlığını demək olmaz. Biz bir şeyi yaşamadan deyirik. Bizim yazarlarımız yaşamadan, II Dünya Müharibəsindən yazırlar.

Mənim üçün fəlsəfə baxışında zamanın heç bir önəmi yoxdur. Obyektiv baxışdırsa, o hər zaman önəmli olacaq."

* * *

İsmət Quliyeva:

"Nitsşenin fikrincə fövqəlinsan hisslərindən azad olan insandır. Bəs sizin fikrinizcə üst insan necə olmalıdır?"

Aydın Əlizadə:

"Mənə elə gəlir ona artıq nail olunub. Bu bilirsiniz nədir? Tanrını yığışdırmaq. Nitsşe deyirdi ki, Tanrı öldü. Biz özümüz Tanrıyıq və özümüz öz məsələlərimizi həll etməliyik - böyümüşük. Qərbdə nə etdilər? Tanrını öldürdülər".

İsmət Quliyeva:

"Onda doğrudur ki, Tanrı inkişafın qarşısını alır?"

Aydın Əlizadə:

"Belə fikirlər var ki, din tərəqqini dayandırır. Amma bir tərəfdən İranda inkişafa yol açdı. O da ayrı mövzudur ki, inkişafa yol açdı, ya yox...

Məncə ehkamın mövcud olması tərəqqinin qarşısını alır. Əgər sən Tanrısansa, öz həyatını həll etməli və doğru yolunu tapmalısan".

Şəhriyar Məcidzadə:

"Şərqlə Qərbin fərqi budur. Şərqin filosofları danışanda öz fikirlərinin doğru olduğunu demirlər. Nitsşe "Tanrı öldü" deyərkən "artıq həqiqəti mən deyirəm" nəzərdə tuturdu.

Şərq filosofları deyir ki, hərənin bir fikri olsun. Yalnız din adamları, despotik fikirləri olan adamlar deyirdi ki, "yalnız mən dediyim həqiqətdir".

Bilirsiniz ki, Nitsşe Platonu ciddi araşdıranlardan biri idi. Qərbdə insan Tanrı deyil, seçicidir, amma onun seçdiyi insan filosoflardır. Şərqdə isə biz fikir anlayışını gətirəndə, elə gəlir ki, əsas amil seçimdir. Əsas amil seçim deyil. Əsas amil odur ki, sən hansı filosofların arasında seçim edəcəksən.

Önəmli olan məsələ hər insanın danışması deyil, fikri olan insanın danışmasıdır. Obyektiv reallıq da budur.

Qərb ona görə inkişaf edib ki, orda söz hakimiyyəti filosofların əlindədir. Ona görə bu gün Qərb toplumu Şərq toplumundan üstün vəziyyətdədir.

Qərbdə inkviziya ilə bir dövr bağlandı. Dedilər ki, "daha bəsdir". İndi bizə də inkvizisiya lazımdır ki, filosoflarımız "hamı haqlıdır" deməsin?".

Aydın Əlizadə:

"Mən ona görə haqlı olduğumu demirəm ki, filosof deyiləm. Mənimki tarixdir - Aristotel belə dedi, Sokrat belə dedi, Platon belə dedi. Mən özümü filosof saymıram".

Qeyd edək ki, hər həftənin şənbə günü "Kitabıstan"-ın təşkilatçılığı ilə müxtəlif mövzularda tədbirlər keçirilir.

Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti