Sabirabadda çoxmənzilli binalar əsaslı təmir olunacaq

19-09-2016, 18:16
Oxunub: 556
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Sabirabad rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, tikinti-quraşdırma işləri 218,2 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, “ASAN xidmət” mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, yetmiş altı min nəfər əhalinin yaşadığı 40 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 133 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd olunur ki, Sabirabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti