Şəxsiyyətin sənətdəki rolu - Müzakirə (YENİLƏNİR)

3-09-2016, 16:04
Oxunub: 1749
"Bizdə insana qiyməti gördüyü işə görə vermirlər, başqa xüsusiyyətlərinə görə verirlər"


Hal-hazırda Milli Fikir Mərkəzinin ofisində "Kitabıstan" yayınlarının təşkilatçılığı ilə "Sənət və şəxsiyyət" mövzusunda müzakirə keçirilir.

Etatist.com-un məlumatına görə, müzakirəni giriş sözü ilə "Kitabıstan" komandasının üzvü Nərminə Hacıyeva açıb. O, müzakirə iştırakçılarına mövzu ilə bağlı sual ünvanlayıb.

Sadiq Qasımov:

"Fərd o zaman şəxsiyyətə çevrilir ki, o digərləri üçün nümunəyə çevrilir. Bir insan sənətə qatqı eləmək istəyirsə, o, öz xalqının ruhunu daşımalıdır. İncəsənət cəmiyyətin ruhuna xitab etmirsə, pul qazanmaq üçün vasitəyə çevriləcək. Gərək sənətçi insanların yaddaşına xitab eləsin. 

Cavid Əliyev:

"Əlbəttə biz Qərbin və ya Şərqin mədəniyyətindən danışa bilərik, amma bu zaman özümüzdən qırağa çıxırıq. Biz düşünürük ki, işə başlamamışdan öncə insanda şəxsi keyfiyyətlər olmaya da bilər.

Sənətdə başqalarını təqlid etmək istəyən insan olanda, kütlə onu qəbul etmir. Baxın, Azərbaycanda nə qədər şair var. Amma kütlə onları heç cür qəbul etmir. Burda problem xalqın oxumamasında deyil.

Sürrealizm axını yarananda xalq bilirdi sürrealizm nədir? Yox. Amma həmin sənətçilər yenilik gətirdi və xalqa onu qəbul etdirdilər.

Bizdə insana qiyməti gördüyü işə görə vermirlər, başqa xüsusiyyətlərinə görə verirlər. Şəxsiyyətsiz sənət boz olur və heç kim onu sevmir".

* * *

Nicat Həşimzadə:

"Mənə elə gəlir ki, biz qiymət verməyə tələsirik. Götürək Nitsşeni... Nitsşeyə öz dövründə qiymət verirdilər, o şəxsiyyət kimi tanınırdı? Dünya şöhrətli rəssamları götürək - Van Qoq. Heç onun əsərləri satılmırdı belə. Şəxsiyyət kimi formalaşmaq başqadır. Bəzər olur ki, bir şəxsin istedadı var, yaradıcılığı var... Amma o, şəxsiyyət kimi formalaşa bilmir.

Şəxsiyyət kimi formalaşmaq başqadı, şəxsiyyət kimi tanınmaq başqadı..."

Nərminə Hacıyeva:

"İdeal şəxsiyyət deyəndə nə gəlir ağlınıza?"

Nicat Həşimzadə:

"İdeal şəxsiyyət toplumun marağı naminə öz sahib olduğu nəsnələrdən imtina etməyi bacarmalıdır".

Hökümə Məmmədova:

"Şəxsiyyət daha çox vurğulandı burda. Mən düşünürəm ki, hər bir şəxs individual olaraq, özündə şəxsiyyətdir. Fərdin şəxsiyyət kimi formalaşmasında ətraf da müəyyən rol oynayır.

İnsan o an şəxsiyyət ola bilir ki, o, xalqın içindən çıxıb. Şəxsiyyətin formalaşması üçün həm də tarixi şərait də lazımdır ki, o, həmin şəraitdə öz daxilinə uyğun nəsnələri ortaya çıxarsın.

Azərbaycan miqyasında deyəndə, Tağıyevi şəxsiyyət kimi misal göstərmək olar. Xalqın rifahı, təhsili baxımından çox böyük işlər görmüş və görməyə can atmış biridir".

Sadiq Qasımov:

"Mən indiyə qədər görməmişəm ki, incəsənətdə özünü göstərmiş bir insan ömrünün axırına qədər Azərbaycanda yaşasın. Ya gedib başqa ölkədə yaşayıb, gəlib burda ölürlər, ya da burda yaşayıb gedib xarici ölkədə ölürlər.

Məsələn, Vaqif Mustafazadə... Onu Azərbaycan qəbul etmədi, getdi Gürcüstan vətəndaşı oldu və özünü sübut etdi".

Şəhriyar Məcidzadə:

"Sənət və şəxsiyyət milli xüsusiyyətlər daşımırlar. Elə bir sənət yoxdur ki, o fədakarlıqla qazanılmasın. Heç kim bu gün Ərəblinskinin qadın paltarında operada oynadığına görə şəxsiyyət olmadığını deyə biməz. Bu necə böyük fədakarlıq amili idi. Sənətlə məşğul olan insan avtomatik olaraq fədakar olmalıdır.

Düzdür burada istedad amili də var.

Bu düzgün deyil ki, kimsə Azərbaycandan çıxdı getdi və əgər getdisə azərbaycanlı deyil. Mənə görə insan yaradıcı olmalıdır və yaradıcılığın mahiyyətini dərk edən insan hörmətə layiq insandır.

Sənət ümumbəşər mahiyyətdədir. Ümumiyyətlə Azərbaycanda nəyə görə məsələ, Vaqif Mustafazadənin cazla muğamı sintez etməsi qəbul edilmirdi? Çünki azərbaycanlı bilmirdi caz nədir. Üzeyir Hacıbəyov musiqi bəstələyəndə, azərbaycanlı bilmirdi musiqi nədir.

Xalq sənətlə var olur.

Nə qədər ki, istedadlı insanlar evlərində oturacaq və istedadsız adamlar bu xalqa ziyan vurmağa davam edəcək, siz xalqa ən böyük xəyanətinizi etmiş olacaqsıznız. Çünki xalqa hər şeyi fikir adamları verir.

Qaranlıq nə qədər böyük olsa da, ondan min dəfə kiçik olan kibrit çöpü həmin otağı aydınladacaq".

* * *

Nərminə Hacıyeva:

"Hər bir fərd şəxsiyyət ola bilərmi?"

Qəmər Mustafayeva:

"Fərdin şəxsiyyət olmağı üçün iradəsi varmı? Buna baxmaq lazımdır. Yaradıcı insan iradəli insan olmalıdır".

Azad Hüseynli:

"Hər kəsin taleyi, cəmiyyətdə rolu öz əlindədir. Məncə hər bir fərd şəxsiyyət ola bilər".

Kamran Məmmədov:

"Hər bir fərd şəxsiyyət kimi doğulur, onu tanıtmaq, üzə çıxarmaq lazımdır. Bunun üçün də həmin insan inkişaf etməlidir. Ölkəmiz cavan olduğuna görə bizdə o şəxsiyyətlər üzə çıxmayıb - var, amma üzə çıxmayıb".

Cavid Əliyev:

"Təsəvvür edin ki, yolda iki nəfər dayanıb və kimsə gəlib onlardan birinə sillə vurur. Burda 3 cür reaksiya ola bilər. Birinci insan, onu unudar. İkincisi, qisas almağa çalışar, qisasını alandan sonra yenə bu hadisəni unudar. Üçüncü eqosu ilə yanaşar. Şəxsiyyət isə, gedib bütün həyatı boyunca etdiyi səhvləri gözünün önündən keçirər ki, o sillə mənə niyə dəydi.

İnsanlar daim subyektiv olur və daim özü haqda düşünür. Onda inkişaf olmur.

Hər fərd şəxsiyyət ola bilər. Amma hər fərd şəxsiyyət olmaq istəyəcəkmi? Fədakarlıq edə biləcəkmi?"

Nərminə Hacıyeva:

"Şəxsiyyətdə bir az da müdriklik olmalıdır".

Quliyeva İsmət:

"Başqasının acısını və sevincini yaşayan biri şəxsiyyət ola bilər. Şəxsiyyət varsa yaradıcılıq da var".

Şəhriyar Məcidzadə:

"Mənim fikrimcə insanları ayırd edən budur: Sıradan insan tez nəticə istəyəcək. Bir dəfə yıxılsa dünyası başına yıxılacaq. Amma şəxsiyyət 7 dəfə yıxılsa 8 dəfə ayağa duracaq. Şəxsiyyət olmaq "hər şeyin dəyəri vaz keçdiyin qədərdir" deməkdir. Bütün yaradıcılıq burada dayanır.

Hamı şəxsiyyət olmaq istəyir. Ola bilər. Amma bunda nə qədər qərarlı olduğunu birinci dəfə yıxılanda biləcəyik. Şəxsiyyət olmaq xüsusi imtiyaz sahibi olmaq deyil. Bunun kürsüsü yoxdur. Şəxsiyyət olmaq hər yerdə, hər zaman özün kimi qalmaq və özün kimi yaratmaqdır.

Hər şeyi müəyyən eləyən budur: qətiyyət".

Nərminə Hacıyeva:

"Məncə hər bir fərd şəxsiyyət ola bilər. Artıq deyildi, cəsarət, iradə lazımdır. Bir də hər bir fərd özünün güclü tərəflərini bilməlidir ki, necə xidmət eləyəcəyini bilsin".

Nicat Həşimzadə:

"Şəxsiyyət olmağı iddia kimi qarşıya qoymaq bir absurddur. Mən düşünmürəm ki, hər fərd şəxsiyyət ola bilər. Biz bunu deməklə bəzi insanlara təsəlli vermiş olduq. Sadəcə hər kəs şəxsiyyət ola bilməz, ancaq seçilmişlər".

Yusif İbrahimov:

"Kim seçir bəs?"

Şəhriyar Məcidzadə:

"Seçilmiş insan var. Amma onu heç kim seçmir, o özü özünü seçir. Yəqin ətrafınızda elə insanlar var ki, yemək vaxtında görə tez-tez saatına baxır. Elə adam da var ki, onun heç yadına düşmür yemək. Bu iki nəfərdən biri yeməyi seçdi, biri düşünməyi. Onun heç yemək yadına da düşmür.

Azərbaycan toplumunda heç kim başqasını qınamalı deyil, hamı özünü qınamalıdır".

Hökümə Məmmədova:

"Bir misal çəkmək istəyirdim - Paqanini... O, ölüm ayağında rahib başının üstündə nəsə oxuyur, Paqanini də deyir ki, "heç nə lazım deyil mənə. Tanrı məni aldatdı". Sonra gülümsəyir və davam edir: "Mən də onu aldatdım. Öz ölümümlə ölümsüzlüyə qovuşdum"."

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti