"Rok çatışmazlıqları, problemləri dilə gətirə bilər" - Müsahibə

25-08-2016, 12:33
Oxunub: 2243
"Rok fərdlərin deyil, komanda işidir"


"Facebook"da yeni "Rockaz" adlı rok səhifəsi açılıb. Səhifə yeni olmasına baxamayaraq artıq videosorğular və rokçulardan müsahibələr keçirir. Hətta bu yaxınlarda bir rok parti də keçiriləcək. Səhifənin məqsədi Azərbaycanda roku daha çox kütləyə tanıtmaq və rokçulara dəstək olmaqdır.

Etatist.com olaraq səhifənin idarəçisi Azad Hüseynli ilə səhifə və onun gələcək planları haqqında söhbət etdik. Həmin müsahibəni təqdim edirik: 


- İlk olaraq səhifəniz haqqında sualla başlayaq. Niyə roku təbliğ etməyə çalışırsınız?
- 2000-ci illərdə alternativ musiqi janrlarına KİV-də yer ayrılırdı. Rep və rok janrılarının nümayəndələrini televiziyalada tez-tez görmək olurdu. Lakin son illərdə tele-radio məkanında yalnız toy və xınayaxdı formatına uyğun mahnılardan və arxivə qovuşmalı olan aşıq, meyxana və muğamdan savayı heç bir musiqi təbliğ edilmir. Bu isə zövqlərin süqutuna səbəb olur. Belə qərara gəldik ki, dekompozisiya qanununa uyğun olaraq sosial şəbəkələr vasitəsilə rokun təbliğatına başlayıb, yavaş-yavaş böyüyək. Artıq “Rockaz” səhifəsi mövcuddur və ilk dəfə bizim səhifə vasitəsilə yerli qrupların “track”ləri təqdim edilir, onlar haqqında məlumatlar paylaşılır, video müsahibələr və rubrikalar hazırlanır, küçə sorğuları təşkil edilir. Bu işlərimizi daha da genişləndirmək niyyətindəyik.

- Rok Azərbaycana nə verə bilər?
- Rok çatışmazlıqları, problemləri dilə gətirə bilər, insanları düşündürə bilər, onlara əzm təlqin edə bilər. Rok fərdlərin deyil, komanda işidir. Birgə əməyin məhsulu isə daha faydalı və mükəmməl olur.

- Ölkəmizdə bu musiqi janrına maraq demək olar ki, yox səviyyəsindədir. Bunun səbəbi nədir sizcə?
- Mən yaradıcılıq seçimində icmanı körpəyə bənzədirəm. Saf körpənin bəyaz beyninə nə yazılsa, onu mütləq həqiqət kimi qəbul edəcək. İcma səhərdən axşama qədər KİV-lərdə, dayanacaqlarda, ictimai nəqliyyatlarda, evdə, işdə şıdırığı rəqs, bayağı musiqili meyxana eşidir və alternativ görmədiyindən də bu musiqiləri həqiqət kimi dərk edir. İnternet və sosial mediadan istifadə dərəcəsi az olduğu üçün rok kimi musiqilərin dinləyicisi az olur.

"Rok çatışmazlıqları, problemləri dilə gətirə bilər" - Müsahibə

-Konsertə hazırlaşırsınız. Konsertdən nə gözləyirsiniz?
- Düşünürük ki, rok musiqisinin kütləviləşməsini, rok qruplarımızın daha geniş auditoriyaya çıxmasını istəyənlər bu konsertdə iştirak edəcəklər. Bu konsertdən “Rockaz” heyəti heç bir təmənna güdmür. Az-çox əldə qalan vəsaiti isə növbəti layihəmizə yatıracağıq. Məqsədimiz hər dəfə irəli getməkdir. Biz bunu milli rok naminə edirik.

-Konsertin adı da çox maraqlıdır – Rockfeller. Bu adla nəsə mesaj vermək istəyirsiniz?
- (Gülür) Biz daha çox bu ifadənin ilk hecasına önəm veririk. Qoy hamı elə bu heca barədə düşünsün. Əsas odur, rok olsun!

- Çox maraqlıdır ki, dünyada rok qrupların konsertlərinə daha böyük kütlələr gedir. Amma Azərbaycanda rok zirzəmidən çıxmır. Bunun səbəbi nədi?
- Rokçularımız çox istedadlı olduqlarına rəğmən qeyd etdiyiniz kimi illərdir “pub”lardan kənara çıxa bilmirlər. Ara-sıra təşkil edilən böyük konsertlərlə də iş düzəlmir. Çünki janr kütləviləşməyib. Əyalətlərdə ümumiyyətlə roka “şeytan musiqisi” deyirlər. Bu ki, absurddur. Çünki təbliğat aparılmır. Rok düzgün şəkildə xalqa çatdırılmır. Biz elə buna görə qərara gəldik ki, böyük rok konsertlər vermək üçün özümüz də “underground”dan başlayıb, mərhələli şəkildə müəyyən müddətdən sonra yer səthinə çıxa bilək. Buna görə də “Rockfeller” təşkil edildi.

- Son sualım. Gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız? Yəni, rok yenə də zirzəmilərdə qalacaq? Yoxsa daha böyük səhnələrdə konsertlər keçirməyi düşünürsünüz?
- Bizim hədəfimiz Sumqayıt şəhərində Qafqaz festival təşkil etməkdir. “Rockfeller” konserti isə bu dekompozisiyanın ilk mərhələsidir. Təkarar edirəm, roku sevən, onun dirçəlməsini istəyən hər kəs mütləq bu konsertdə iştirak etməlidir.

Qeyd edək ki, sentyabrın 3-də İslam Səfərli və Dilarə Əliyeva küçələrində yerləşən "1984 pub & lounge"da "Rockfeller" adlı rok konsert keçiriləcək. Biletin qiyməti 5 manatdır. Biletləri konsert keçirilən məkandan əldə etmək olar. Əlaqə: 055 757 49 54

"Rok çatışmazlıqları, problemləri dilə gətirə bilər" - Müsahibə

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti