Binəqədidə yanan bina: polis özünü necə aparıb?

28-07-2016, 13:50
Oxunub: 383
Zərərçəkmiş Nigar Yahyayeva ifadəsində göstərib ki, yanğın baş verən zaman uşaqları ilə birgə mənzildə olub


Bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə yeddi nəfər zərərçəkmiş dindirilib.

Zərərçəkmiş Nigar Yahyayeva ifadəsində göstərib ki, yanğın baş verən zaman uşaqları ilə birgə mənzildə olub. Mətbəxdən tüstü iyi gəldiyini hiss edib, qonşunun binada yanğın baş verməsi barədə qışqırdığını eşidib, "112" xidmətinə zəng vurub. Onları FHN əməkdaşları xilas edib.

Zərərçəkmiş Ləman Xudiyeva təqsirləndirilən şəxslərdən mənzilə dəyən zərərin ödənilməsini istəyib: “Yanğın zamanı evdə olmamışam. Ümumiyyətlə, biz orada yaşamırdıq, ayda bir dəfə baş çəkirdik. Oğlum həmin gün yaxınlıqdakı xəstəxanada əməliyyat olunurdu. Pəncərədən baxanda binamızın yandığını görüb huşumu itirdim”.

Daha sonra məhkəmədə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı Şahin Qocayev ifadə verib. O, yanğınla bağlı məlumat daxil olduqdan sonra iş yoldaşı ilə birlikdə hadisə yerinə getdiklərini deyib. Üç nəfər şəxsə köməklik etdiyini, özünün də xəsarət aldığını bildirib: “Özünü binadan atan Yaşar Nəcəfzadəni ilk dəfə biz gördük. Onun meyiti blokun qarşısında, suyun içərisində idi. Meyiti təcili tibbi yardım maşınına qoyduq".

Məhkəmə prosesi avqustun 9-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi işləmiş rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Şərhlər : 1 Şərh yaz
Məhəmməd 30 oktyabr 2017 18:34  

Gör Binəqədi rayonunda necə yanğın baş verib.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti