"Kitabsız qaldığımıza görə inkişaf edə bilməmişik" - Müsahibə

24-06-2016, 20:40
Oxunub: 3760
"Sadəcə onlar tənbəldirlər və hər fürsətdə özlərinə haqq qazandırmağa çalışırlar"


Facebook-da kitab təbliğatı ilə məşğul olan səhifələrdən biri də "Yeraltı ədəbiyyatı" səhifəsidir.

Etatist.com
səhifənin idarə edicisi Bilal Əşrəfovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Bu səhifəni yaratmaqda məqsədiniz nədir? Necə oldu ki, belə bir səhifə yaratmaq fikrinə düşdünüz?
- Əvvəllər Türkiyədəki melanxolik ədəbiyyat səhifələrini çox izləyirdim, Azərbaycanda isə belə səhifələr, xüsusiyyətlə ədəbiyyatla bağlı səhifə sayı az idi və "Yeraltı"na da müəyyən qədər marağım var idi. Belə bir səhifə olmadığına görə yaratmaq qərarına gəldim.

- Sizcə Azərbaycanın belə bir ədəbi janra ehtiyacı varmı? Yeraltı ədəbiyyat Azərbaycan cəmiyyətinə faydalı nə verə bilər?
- Mən ehtiyac duyulduğunu düşündüyüm üçün etməmişdim, fikrimdə var idi ki, belə bir səhifə açıb, bu tərz janra marağı olan insanlara bir növ ədəbi xidmət edim. Fayda cəhətdən nə qazandırıram bilmirəm, amma kitablardan statlar paylaşaraq, o kitablara maraq yaradıb, oxunmasına az da olsa kömək olmağa çalışıram, az da olsa faydam budur deyə düşünürəm.

- Oxuduğunuz ilk kitab yadınıza gəlir?
- Bəli, yay vaxtları idi, rayonda əmimin kiçik bir kitabxanası var idi, o kitabxanadan Jack Londonun "Seçilmiş Əsərləri"ni oxumuşam birinci dəfə, 3-4 dənə hekayə var idi, səhv etmirəmsə ilk “Meksikalı İnqilabçı” hekayəsini oxudum.

- Son zamanlar hansı janrda kitablar oxuyursunuz?
- Açığı dərslərlə bağlı bir neçə aydır ki, dərsliklərdən başqa kitab oxumuram, dərslər bitən zaman elmi kitablar oxumağa başlayacam.

- Niyə kitab oxuyursunuz? Məqsədiniz nədir kitab oxumaqda?
- Bu tərz suallar çox verilir, heç vaxt da tam olaraq cavab verə bilmirəm, yenə tam olaraq açıqlaya bilməyəcəm. Daha çox onu deyim ki, maraqlı vaxt keçirmə  və maraqlı məlumatlar əldə etmə imkanlarına görə oxuyuram. İnsanın dünyaya yanaşması dəyişir.

- Bilal Əşrəfov üçün həqiqət anlayışı nədir?
- Mütləq həqiqət var deyə düşünmürəm. Yəni hər kəs fərqlidir, ona görə də hər kəsin həqiqət anlayışı fərqlidir. Öz həqiqətimi hələ tam olaraq tapmamışam.

- Sizə elə gəlmir ki, gənc nəsil hər şey nisbidir deməklə öz tənbəlliyinə haqq qazandırmağa çalışır?
- Bilirsiniz, mənə görə hər şeyin nisbi olması və bunu onların deməsi heç bir şəkildə onların tənbəlliklərinə haqq qazandıra bilməz. Sadəcə onlar tənbəldirlər və hər fürsətdə özlərinə haqq qazandırmağa çalışırlar.

- Sizcə Azərbaycan cəmiyyətində nələr çatışmır?
- Azərbaycan cəmiyyətində, yəni xalqında maraq ölüb və demək olar ki, hər şeyə etinasız yanaşma var. Ona görə də özümüzü hər şeydən soyutmuşuq. Kitabsız qaldığımıza görə inkişaf edə bilməmişik.

- Nə üçün komediya janrı ciddi sənəti öldürür? Məsələn "mozalan"lar teatr sənətini öldürdüyü kimi, komedik filmlər də ciddi filmləri sıradan çıxartdı. Bunun səbəbi nədir?
- Sualınıza ətraflı cavab verə bilməyəcəm çünki mozalanın nə olduğu ilə bağlı heç bir fikrim yoxdur. Lakin sualın geri qalanına onu deyə bilərəm ki, bizdə ciddi sənətə marağı tam formalaşdıra bilməmişdilər əvvəlcədən və getdikcə hər şeyə maraq öldüyündən ancaq, bayağı şeylər  maraq oyatmağa başladı, heç bunları tam olaraq komediya janrı da saymaz olmaz çünki onun üçün də müəyyən sənət gərəklidir, yəni indiki filmlər komediya janrında yox, tam olaraq bayağılıqdır.

- Səhifənizin gələcək taleyi haqqında nə düşünürsünüz?
- Kitab oxuyan hər insan Kitabıstan vətəndaşıdır. Belə bir cəmiyyətin olması xalqı inkişafa aparacaq.
Nicat Həşimzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti