Aysel Əlizadə: "Tanrı olsaydım Adəmi ikinci yaradardım" - Müsahibə

17-06-2016, 11:43
Oxunub: 4660
"Bəzən adama özü ağırlıq edir, cəmiyyət yox"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz yazar, tərcüməçi Aysel Əlizadədir. Etatist.com Aysel Əlizadənin müsahibəsində oxucular üçün maraqlı gələcək bəzi hissələri ixtisarla təqdim edir:

- Qadın üçün yazar olmaq nə deməkdir?
- O gün dostlardan biri bir status yazmışdı ki, “yazarlar başqa adamlardan ikiqat həssas adamlardır”. Bir adam duyğusallıqda nə qədərdirsə, yazar beş o qədər artıqdır. Bir də yazmışdı ki, “yazarlar qadınlara oxşayır, onlar dünyanı hisslə qəbul edirlər”. Öz-özümə fikirləşdim ki, indi qadın yazarlar nə haldadır. Əgər bir kişi yazar öz peşəsini, dünyanı qavramaqda qadınla müqayisə edirsə, gör qadın yazar hansı həddədir bu duyğusallıqda. Başqalarından xeyli artıq həssaslıqdır.

- Mənim bildiyim qədərilə qadınlar bəlli yaş dönəmlərində yazdıqlarını oxumağı sevmirlər. Sanki, bu onların yaşadığı emosiyalarla üzləşməməyinə gətirir. Bu fikirlə razısınız?
- Bu bütünlüklə yaradıcılığa aid ola bilməz. Elə yazılar var ki, onlara dönmürsən, oxumursan. Amma mən demək olar ki, publisistik yazılarımı, nəsri dəfələrlə oxuyuram. Şeirlər ola bilər ki, çox daha özəl olduğu üçün daha toxunulmaz qalır, ona geri dönmürsən. Nəsr müəllifin dəfələrlə baxışını özləyir.

- Deyirlər ki, qadın yazarların fəlsəfədən xoşu gəlmir.
- Mənə aid deyil.

- Fəlsəfəni sevirsiniz?
- Mənim üçün yazı fəlsəfəsizdirsə, boşluqdadır. Onda heç nə tapa bilmirəm.

- Müsahibəyə başlayanda qadının hissi bir varlıq olduğunu dediniz...
- Fikir verin, qadın yazarların, şairlərin çoxu intihar eləyib. Bu elə-belə deyil...

- Hisslərə görədir?
- Bu duyğusallığın maksimum həddidir. Elə bir hədd olur ki, orda sən intihar eləməli olursan. Bəzən adama özü ağırlıq edir, cəmiyyət yox. Məsələn, mənə özüm ağırlıq edirəm. Özüm-özümü yoruram. Bir yazar üçün cəmiyyətlə dialoqa girmək çətin olmamalıdır. Necə ki, valideynə övladı ilə dialoqa girmək çətin olmamalıdır. Mənim üçün oxşar məsələlərdir. Çünki, sən gid olmalısan, böyük bir missiyanın altına girirsən.

- Əslində bütün yazıçıların öz xalqları ilə ciddi ünsiyyət problemi olub...

Ardı videoda...

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti