Orxan Zeynallı: "Tətiyi çəkmirəmsə, o demək deyil ki, gülləm bitib" (Müsahibə)

3-05-2016, 10:49
Oxunub: 4657
"20 manat verib trek yazanlar dünya ulduzu olmamaqlarında xalqı günahkar görürlər"


Azərbaycanın məşhur reperi Orxan Zeynallı (AiD) mayın 15-i saat 18:00-da Kempinski oteldə böyük konsert keçirəcək. Konsert qabağı onunla konsertə hazırlıqlar və digər mövzular barədə söhbətləşdik. 

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Necəsiniz, Orxan? Konsertə hazırlıq necə gedir?
- Salam. Ümumi olaraq pis deyiləm. Son günlər xəstəlik canımdan çıxmır, amma bu hazırlıqlara və yoğun iş rejiminin davam etdirilməsinə mane olmur.

- Bilirik ki, yeni mahnılar olacaq konsertdə. Bu gün qonaqlardan birinin də Cin olacağını gördüm. Bundan başqa nə yeniliklər gözlənilir?
- Yeniliklər çoxdur. 12 trekdən ibarət albomun təqdimatından əlavə, eksklüziv və yalnız 15 may səslənəcək 7-8 mahnımız var. Son dövrlərin ən keyfiyyətli rep konserti olacaq. Mənim performansımdan əlavə, 10-dan çox başqa yaradıcı insanların da bacarıqları konserti unudulmaz edəcək. 3 aydan çoxdur hazırlaşırıq buna.

- Bildiyim qədərilə, H.O.S.T-dan bu yana böyük konsert verməmişdiniz. Bu qədər qonaqla, həm də bir oteldə. Rep konsertlər otellərdə keçirilmir normalda. Bu qədər müddətdən sonra böyük konsert keçirməyə vadar edən nə oldu?
- 2013-2015-ci illərdə 7-8 konsertim olub. Bu baxımdan bildiyim qədərilə məndən aktiv olanı yoxdur (gülür). 2015-də olan 26 aprel konsertindən sonra ara verdim. Başa düşdüm ki, əlimdə olan materialla yenə konsertlər versəm dinləyiciyə qarşı haqsızlıq olacaq. 30-dan çox track yazdım, bəzilərini paylaşdıq və bəzilərini alboma saxladıq. Qalanlarını da sildim getdi. Bir ara qulağıma fikirlər çatırdı ki, guya AiD aktuallığını itirib. Əslində, treklərimi dərinləşdirərək özümə fikirlərimi paylaşa biləcəyim kütlə yığmışdım. Amma nə qədər olmasa da, ortalığı dağıdacaq bir trek yazıb çox adamı susdurmaq fikri də ağlımdan keçdi. Bu məsələdə "Şərbət"dən istifadə etdim. Başa saldım ki, tətiyi çəkmirəmsə, o demək deyil ki, gülləm bitib. İndi elə bir proyektlər hazırlanıb ki, 3 il də ara verib onları buraxsam hamı mənə haqq qazandırar. Hər dəfə ictimai yerlərdə harasa gedən çoxlu sayda insanlar yaxınlaşır və məhz məndən konsert istədiklərini bildirirlər. Buna görə də, zalı və reklamı böyütdüm. Məkanı da elə seçdim ki, heç kimin valideyni ilə, qardaşı ilə problemi olmasın. Mənim konsertlərimə öz ailəm də gəlir, demək ki, başqalarının da ailəsinə narahatçılıq ola bilməz.

Orxan Zeynallı: "Tətiyi çəkmirəmsə, o demək deyil ki, gülləm bitib" (Müsahibə)

- Dediyiniz söz-söhbətlər "Şərbət"dən sonra dayandı?
- O söz söhbətlər mənə dərhal çatmır onsuz da. O fikirləri sürə biləcək adamları və ya səhifələri izləmirəm. Arada külək necəsə gətirir mən də xəbərdar oluram. İndi artıq maydır, üzü yaya gedir. Bir də yəqin payızda, küləklər güclənəndə nəsə eşidərəm (gülür).

- Bəs "Qravitasiya" nəyə görə? Elə bir film də var, hətta konsertin coveri də ona uyğundur.
- Hə, o filmin də məndə təəssuratları çox böyük olub. Ümumiyyətlə hal-hazırda gördüyüm işlər, istər konsert olsun, istər də ki, albom və ya kliplər daha çox film xarakterlidir. Miqyası böyütmüşük və elə işlər görürük ki, maksimum qalıcı olsun. Son vaxtlar nəsə içimdə kino sevdası da artıb. Ola bilər şüuraltı özümü aktyor kimi aparmağa başlamışam (gülür).
- Repdən aktyorluğa və yaxud rejissorluğa keçid ola bilər, yəni? (gülür)
- Açığı müəyyən mənada rejissorluğa 1-2 il olar ki, başlamışam. Son kliplərdə də özüm aktiv şəkildə rejissorluq edirəm. Gələcəkdə nə olacaq bilmirəm. Amma indi üçün xüsusi bir plan yoxdur.

Orxan Zeynallı: "Tətiyi çəkmirəmsə, o demək deyil ki, gülləm bitib" (Müsahibə)

- Sizin ümumilikdə fəaliyyətinə baxsaq görərik ki, bir çox mövzulardan yazmısınız. Ancaq daha çox həyatınızdan yazmağa üstünlük verirsiniz. Sizcə reper hər şeydən yazmağı bacarmalıdır, yoxsa elə bir mövzudan yazsa da bəsidir? Çünki sırf bir mövzudan yazanlar daha çox gözə çarpır.
- Reperin çatdırmaq istədiyi bir fikir olmalıdır. Onun xarakteri bütün yaradıcılığına təsir etməlidir. Əks təqdirdə, jurnalistdən fərqin olmur. Hətta elə ən yaxşı jurnalistlər də məhz müəyyən mövzuda yazanlardır. Mən həyatımdan yazıram, başqalarının həyatından da yazıram. Çalışıram istedadımdan elə istifadə edim ki, dinləyicimə də faydalı olsun.

- Uranın bir fikri var, mənə verdiyi müsahibədə də demişdi. "Reper küçə jurnalistidir". Razısız bu fikirlə?
- Uranın fikri ilə razıyam, amma insanların bu fikri düzgün başa düşəcəklərinə şübhəm böyükdür.

- Sizin də bir çox müsahibələrinizdə görmüşəm ki, insanların çox şeyi başa düşmədiyindən şikayətlənmisiniz. Əslində haqsız da deyilsiniz. Bəs təklifiniz nədir? Əvvəl H.O.S.T bunun üstündə işləyirdi, fəaliyyət dayandı. İndi bundan əlavə nə etmək olar?
- Şikayətlənirdim 5 il qabaq, indi sadəcə fakt kimi bildirirəm. İnsanların nəyisə başa düşməməsi sağalmayan xəstəlik kimidir. Bu varsa, var yəni. Sən işıqforda yaşıl işığı yandırırsan ki, yol açıqdır, buyur, get. Əgər o getmirsə, sən arxadan itələmək məcburiyyətində deyilsən. Mən fəaliyyətimi 10 il əvvəlki ideyalarım üzərindən aparıram. Daha dolğun və daha böyümüş formada.

- Biri var kütlə, biri də var aydınlar. Aydınlar hər şeyin fərqində olanlardır. Bəs sizcə fərqində olanlar gördükləri nöqsanları dəyişməməlidir? Çünki onlar dəyişməsə, xalq özü-özünü dəyişmək bacarığına sahib deyil.
- Xalqın özünü dəyişməsi, xilas etməsi və s. bunlar mənə maraqlı mövzular deyil. Ətrafdakı insanlarçün daim çalışıram nəsə edim. Amma, mənimçün əsas prioritet mənim ailəmdir, vəssəlam.

- Aydındı, repə qayıdaq. Keçən il mənə verdiyiniz müsahibədə demişdiniz ki, flex tərzdə replər sırf konsert tipli yerlərdə oxunan şeylərdi. Keçən ilin axırı "OutOfControl" treki çıxdı. Bunu nəyə görə çıxardın? Amma fikrimcə xeyli uğurlu alındı.
- "OutOfControl" açığı eksperimental proyekt idi. Bəzi məsələlər var idi ki, özüm üçün aydınlaşdırmaq istəyirdim və buna da nail oldum. Açığı, özümü kiməsə təqdim etsəm, nümunə kimi göstərəcəyim treklərdən deyil.

Səhv eləmirəmsə, keçən il repdən tez-tez gedəcəyini deyənlərlə bağlı bir status yazmışdınız. Bu da böyük səs-küy yaratmışdı. Tanıdığım qədərilə, siz hər yazdığınızı, etdiyinizi ətraflı düşünən birisiniz. Yəni bilirdiniz ki, belə reaksiya alacaqsınız. Bu gələn reaksiyaya cavab verməsəniz də, fikriniz necə oldu?
- Gələn reaksiyalar normaldır. Ümumiyyətlə insanların nəyəsə reaksiya vermələri yaxşı şeydir, demək ki, ölməyiblər sağdırlar (gülür). Mən sadəcə gənclərə məsləhət vermək istəyirdim ki, işlərini görsünlər, camaatı qınamasınlar. 50 nəfərlik orkestrla aylarla məşq edib ortaya bir mahnı çıxaran sənətkarlar var ki, bir dəfə də millətdən gileylənmirlər. 20 manat verib trek yazanlar dünya ulduzu olmamaqlarında xalqı günahkar görürlər, bu bir az mənə qəribə gəlir. İndi də deyirəm, işinizi görün. Nəticə ən önəmli göstərici deyil.

Orxan Zeynallı: "Tətiyi çəkmirəmsə, o demək deyil ki, gülləm bitib" (Müsahibə)

- İşinizlə bağlı ən vacib saydığınız və "mən buna mütləq çatmalıyam!" dediyiniz məqsədiniz nədir?
- O məqsədlərim sözsüz ki, var. Amma, onlara çatmayınca iddialı vədlər verməyi və bu haqda danışmağı xoşlamıram.

- Kitab yazmağı fikirləşirsiniz?
- Yox, yaxın gələcək üçün belə bir planım yoxdur.

- Son olaraq, müşahidənizə əsaslanıb bir fikrinizi almaq istəyirəm. Azərbaycanı, xalqı necə görmək istəyərsiniz? İdeal ölkə quruluşunuz var?
- Xalqı daha mehriban və daha mehriban görmək istəyərdim sözsüz ki (gülür).

- Çox sağ olun, müsahibə üçün. Konsertdə də, gələcək fəaliyyətinizdə də uğurlar! Konsertdə də görüşəcəyik.
- Təşəkkür edirəm. Sizə də uğurlar olsun!

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti