Qarabağın yolu Təbrizdən deyil, təhsildən keçir

19-04-2016, 14:58
Oxunub: 1000
Hələ bəzi məktəblərimizdə Sovet vaxtından qalan "qamçı üsulları” ilə təhsil verilir


"Məktəbin təyinatı, şagirdlərin tədris edilən elmi anlamaları və ona dəyər vermələrini təmin etməkdir".

Bu tanınmış Rusiya yazıçısı Qriqoriy Petrovun "Bəyaz zanbaqlar ölkəsində" kitabında təhsil haqqında verdiyi şərhdir. Onun verdiyi açıqlamanın ən önəmli sözü “dəyər”dir. İnsan ancaq dəyər verdiyi şeylərə önəm verir. Dəyər vermək üçün isə dəyər verdiyini anlamalıdır. Bugünkü Azərbaycan tədrisinin ən böyük problemi onun tələbələrinin oxuduqlarını və öyrəndiklərini, niyə oxumalı olduqlarını anlamamasıdır. Ona görə, bizim insanlara təhsilin mahiyyəti deyil, aldıqları diplom və ya attestat maraqlarıdır, yəni dolayısı ilə kağız parçası...

Dünyanın bütün inkişaf etmiş ölkələrinin ən əsas prioriteti təhsildir. Həmin ölkələri idarə edən elita anlayır ki, inkişafın arxasında ancaq yenilik və təkamül dayanır. Onu yarada biləcək amil isə sadəcə və sadəcə təhsildir. Nəzərdən keçirsək görmək olar ki, dünyanın bütün geridə qalmış dövlətlərində təhsil sistemi tamamilə çökmüş vəziyyətdədir və çox vaxt başdan-ayağa korrupsiyanın içində boğulur. Bir ölkədə hər sahədə problem ola bilər. Hər sahə geridə qalıb iqtisadi problemlər yaşaya bilər, təhsildən başqa. Təhsil sistemi daimi olaraq ölkənin ən mükəmməl sahəsi olmalıdır və o sahədə işləyən bütün insanlar ölkənin ən professional və vicdanlı insanlarından seçilməlidir. 

Dünyanın aparıcı dövlətlərinin təhsil sistemlərini oxuyub parallelər aparanda, öz ölkəmizdə olan səhvləri anlamağa başlayırsan. Bu problemlər sadalanmaqla, bir yazı ilə bitən deyil. Çünki bizim təhsil doktrinimiz olmalıdır. 

Qarabağın yolu Təbrizdən deyil, təhsildən keçir

Təhsil niyə lazımdır?


Gəlin birinci məsələnin kökündən başlayaq, təhsil insanın nəyinə lazımdır? Niyə xalq dövləti yaradanda onun boynuna təhsil vermək tələbini qoyub? İnsan ölənə qədər məlumat qəbul edən və öyrənən məxluqdur. Əlində bir dənə olsa belə kitab tutmayan insanlar, müəyyən yaş həddinə çatandan sonra yaşadıqları həyata uyğun təcrübəyə sahib olurlar. Həyatlarının hər periodunda onların topladığı təcrübələr öz gələcəklərinə yol açır. Həmin təcürbələrin vasitəsilə insanlar öz şəxsi mövcudiyyətini qoruyub saxlaya bilirlər. Təhsil müəssəsi insan üçün bir təcrübə məkanı olmalıdır. Bu təcrübə məkanında ona həyatda lazım olacaq qədər məlumat verilməlidir. İnsan, həyatında minlərlə nümunənin içindən, sadəcə onun qəbul edib qavradığı şeyləri özünə götürür, analiz edir. Təhsil sistemi elə qurulmalıdır ki, uşaq məktəbə getməkdən sıxılmasın. Sadəcə cəzaya görə dərs oxuyan və öyrənən insanlardan nə gözləmək və tələb etmək olar?

Məsələ burasındadır ki, hər bir işi yaxşı görməkdən ötrü, onu niyə etdiyini və bunun sənə nə verəcəyini bilmək lazımdır. Bu, sadəcə ev tapşırıqları və ya bəzən siniflərdə vətənpərvərlik dərsləri verməklə olmur. Dövlət “mən niyə oxuyuram” sualına cavab vermək üçün, gərək öz daxilində güclü və əhatəli bir ideoloji əsasa sahib olsun. Finlandiya təhsil üzrə dünyada birinci yerdədir. Oranın əhalisi dünyanın ən savadlı xalqlarından sayılır. Çox maraqlıdır ki, onların məktəblərində müəllimlərə və şagirdlərə yüklənən dərs saatları çox aşağıdır. Ən böyük ideoloji əsaslara və ənənələrə dayanan təhsil sistemi İngiltərədədir.

İngiltərədə hələ 1964-cü ildə Birliyin immiqrantlarla iş üzrə şurasının tövsiyyə xarakterli hesabatı yayılmış və həmin hesabatda məktəb təhsili sahəsində aparılacaq siyasətin əsas prinsipləri izah olunmuşdu. Hesabatdakı üstünlük immiqrant ailələrinin uşaqlarının etnik asimilyasiyasına qoyulmuşdu. Sonralar, 1980-ci illərin əvvəlində İngiltərə assimilyasiyanı inteqrasiya termini ilə əvəzləyir və antirasizm dalğasına dəstək verir. Amma buna baxmayaraq İngiltərənin məktəbləri öz mühafizəkarlıqlarını qoruyub saxladı. İnglis şagirdlərinə onun niyə oxumalı olduğunu, hədəflərini, dünyadakı yerləri anladılır. Şagird artıq kiçik yaşlarından hansı sistemə bağlı olduğunu anlayır və onun hədəfləri olur. Əlbəttə ki, istisnalar həmişə var, amma hədəfsiz bir cəmiyyətdən qurtulmanın yolu budur.

Bir milləti məhv etməkdən ötrü onun əlindən mədəni mənsubiyyətini almaq kifayətdir. Çünki mədəni mənsubiyyət olmadan insan ümümi sivilizasiya sistemində hansı yer tutduğunu bilmir. Bəşərilikdən, gələcəyə baxışdan daha çox öz subyektinə qapanır. İnsan özünü sadəcə öz subyektiv reallığında görəndə cəmiyyət üçün heç nə edə bilmir. Çünki onun məişəti həyatının hədəfi və təkanverici qüvvə ola bilməz. İngiltərə dövləti yetişən vətəndaşlarına əzbər mexanizminə çevrilməyə imkan vermir. 


Bu ənənələr Almaniyada da, Yaponiyada da var. ABŞ-da bu qismən Amerika idealları ilə bağlıdır. Orda hər vətəndaş uşaqlıqdan Amerika ideallarına inanır və onunla böyüyür. Öz dövlətini həmişə üstün görür. Almaniyaya gedən əcnəbilərə vətəndaşlıq verməmişdən öncə "Alman necə düşünür" adlı kurslar keçirlər. Yəni alman özünü ayrı bir düşüncə sistemi kimi görür. Bu düşüncə sistemini uşaqlıqdan vətəndaşlarına öyrədir. “Alman necə düşünür” anlayışı varsa, demək ki, bunun içində alman nə istəyir və hədəfləri nədir konsepsiyası da var. Bu olmadan heç bir sistem sağlam düşüncəli vətəndaş yetişdirə bilməz. 

Qarabağın yolu Təbrizdən deyil, təhsildən keçir

Azərbaycanlı necə düşünür?


“Azərbaycanlı necə düşünür” sualı ilə gənclər arasında sorğu keçirsək, neçə nəfər konseptual cavab verə biləcək? İnanmıram ki, kimsə əhatəli bir anlayış versin, çünki yoxdur. “Biz necə olmalıyıq, nə etməliyik, hədəfimiz nədir” suallarına nə məktəbdə, nə evimizdə cavab tapa bilmirik. Pul qazanmaq, evlənmək, yaxşı işə girmək - dediyim kimi, bu, məişətdir. Məişətlə xalq birliyi və gücü olmur. Çünki subyektivdir.

Biz heç bir sahədə yeniliyi qəbul etmirik. Həmişə köhnə, geridə qalmış sistemlərlə işləməli oluruq. Çünki yenilik islahat, təhsil sahəsində korrupsiyalaşmış sistemdən xilas olmağı tələb edir. Əgər neçə illər boyu tədris olunan sistemlər şagirdlər tərəfindən lazım olan səviyyədə qəbul edilmirsə niyə bu sistem dəyişilməməlidir? Əgər hədəf savadlı vətəndaş yetişdirməkdirsə vasitələri dəyişmək olar. Hələ bəzi məktəblərimizdə Sovet vaxtından qalan "qamçı üsulları" ilə təhsil verilir.

Azərbaycan məktəblərində müəllimlə şagird arasında böyük bir uçurum var. Ona görə, müəllimin şagirddən xəbəri yoxdur. Onun üçün vacib olan dərsində əzbərlənmiş materialların təkrarlanmasıdır. Demək olar ki, analiz yox səviyyəsindədir.

Məsələn, bir çox Avropa ölkəsində, həmçinin ABŞ-da və Yaponiyada tarix dərsində xronolgiyanın önəmi yoxdur. Onlarda tarix dərsinin vacibliyi tarixin düzgün analiz edilməsi və nəticə çıxarılmasıdır. Ona görə, onların vətəndaşları dövlətin ictimayi-siyasi proseslərində daha aktiv olurlar. Çünki tarixi xronologiya kimi yox, nümünə kimi görürlər. Bu gün baş verən proseslərlə keçmişdə olanlar arasında paralellər aparıb nəticələr çıxara bilirlər. Bunu bütün fənlərə aid etmək olar. Fizikadan tutmuş, bədən tərbiyəsinə qədər.

Qarabağın yolu Təbrizdən deyil, təhsildən keçir

Almaniya və İngiltərədə məktəblərdə siniflər bizdəki kimi 30 nəfərdən ibarət deyil. Onlarda hər sinifdə 10, çox olanda isə 15 şagird olur. Bu onun üçün edilir ki, müəllim hər şagirdə daha çox vaxt ayıra bilsin və ümumiləşdirmə aparılmasın. Şagirdə statistika kimi baxılmır. Onlar hər şagirdə individual olaraq yanaşırlar. Təkminləşdirib desək, xalqla tək-tək işləyirlər. 

Finlyandiyada geridə qalan şagirdləri hamı üçün keçirilən sistemlə əzmirlər. Onlara qarşı xüsusi münasibət göstərilib, çatışmayan tərəflərinin üstündə fərdi olaraq işləyirlər. Hər geridə qalan şagird üçün xüsusi tədris planı hazırlanır. Beləliklə həmin şagird bir il sinifdə qalası olsa belə, müəllimlər və sistem tərəfində dışlanıb əzilməyəcək. Onun üstündə əsəcəklər və ən sonunda o, yenə də, heç bir şeyə nail olmayanda, ümumi məktəbdən çıxarılıb peşə məktəblərinə göndəriləcək. 

Onu da qeyd edim ki, Finlyandiya cəmiyyətində peşə məktəblərinə bizdəki kimi aşağı baxmırlar. Çünki cəmiyyət yalnız alimlərdən deyil, həmçinin öz işini professional şəkildə bilən fərqli-fərqli sahələrin ustalarından da ibartətdir. 

Fin müəllimləri deyirlər ki, "Biz şagirdləri ya həyata hazırlamalıyıq, ya da imtahanlara. Biz həyatı seçirik". Biz isə imtahanı seçirik. Ona görə də, həyatımız öyrəndiyimiz testlərə oxşayır. Seçimimiz isə "a, b, c, d, e" arasında olur. 

Sovet sisteminin təhsili

Bizə həmişə nümunə gətirəndə Sovetlərdə olan təhsilə istinad verirlər. Məsələ burasındadır ki, sovet sisteminin təhsili Sovetlər propoqandası üzərində qurulub. Onun nəticəsi olaraq bu gün demək olar bütün post-sovet ölkələrində hakimiyyət avtoritarizmin üzərində qurulub. Onların demək olar hamısında korrupsiya amili yüksək səviyyədədir. 


Məsələ burasındadır ki, hədəfsizlik olan cəmiyyətin fərdləri təhsilli olsalar belə passivdirlər. Məhz Sovet təhsilində əzbərçilik, qiymət üçün dərs oxumaq var idi. Təhsilin hədəfi öyrətmək olmalıdır, qiymətləndirmək yox. Qiymətləndirmə sistemi intellekt yaratmır, intellektlə qeyri-intellektin də fərqi analizlə fərqlənir. Ona görə biz bütün nümunələri gözdən keçirib onların içindəki bütün müsbətləri seçməliyik ki, ən yaxşısını yarada bilək. İstinadımızı da, Sovetlərə, Kubaya, Şimali Koreyaya deyil, daha yaxşılarından seçməliyik. 

Haşiyə: Azərbaycan insanı Azərbaycanı tərifləmək üçün “biz Afrikadan yaxşı yaşayırıq” deyir. Məsələ də elə burasındadır ki, biz ancaq Afrika kimi ölkələrdən daha yaxşı yaşayırıq. Dünyanın bir nömrəlisi olmaqdan ötrü istinadımızı bizdən daha pislərə yox, bizdən qat-qat daha yaxşılara yönəltməliyik.


Cavid Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti