SSRİ-də qadağan olunmuş kitab - Azərbaycanda nəşr edilir

16-04-2016, 14:32
Oxunub: 4497
Biz bütün Azərbaycan gənclərinin oxumasından tərəfik


Dünyada elə bir ölkə yoxdur ki, gənclərinin nümunəsi olmadan inkişaf edə bilsin. Ola bilər ki, tarixdə nümunə olmasın. Amma gənclər bunu öz içlərindən çıxarmalıdır. Dünyanın bütün möhtəşəm nümunələri, böyük şəxsiyyətləri çətin, əlverişsiz şəraitdə çıxıb və ölkəsinin, xalqının xilası üçün çalışıb. Bu, xalqın içində olan xilas ehtiyacıdır.

“Xalq necədirsə, onu idarə edənlər də elədir”

Bir ölkənin inkişafı və ya çöküşü yalnız ölkəni idarə edən şəxslərdən asılı deyil. Bu məsələdə bütün vətəndaşlar çalışmalı və düşünməlidir. Ölkəni idarə edən şəxslər xalqın içindən çıxmış şəxslərdir. Yəni, xalq necədirsə, nə düşünürsə, onlar da elədir. Böyük işlər görmək üçün vəzifə vacib deyil, əlindəki kiçik imkanlarla da işə başlaya bilərsən.

İnsanları hansısa işə tətikləmək üçün kiçik bir qığılcım lazımdır. Mənim üçün bu qığılcım Qriqoriy Petrovun yazdığı “Bəyaz zanbaqlar ölkəsində” kitabı oldu. Kitabda çox dərin fəlsəfi fikirlər yoxdur, amma hər kəsə “mən də nəsə iş görməliyəm” dedirdəcək təsiri var.

SSRİ-də qadağan olunmuş kitab - Azərbaycanda nəşr edilir

Bataqlıqlar ölkəsindən, bəyaz zanbaqlar ölkəsinə


“Bəyaz zanbaqlar ölkəsində”, Finlandiyanın əsarətdə olan bataqlıqlar ölkəsi olmaqdan çıxıb necə azad, bəyaz zanbaqlar ölkəsinə çevrildiyindən bəhs edir. SSRİ-də qadağan olunsa da, öz dövründə bir çox ölkədə ən çox oxunan kitablar siyahısında olub. Atatürk bu kitabı oxuduqdan sonra Türk dilinə tərcümə edilməsi, hərbi məktəblərin və akademiyaların tədris planına salınması üçün göstəriş verib.

Petrov “Bəyaz zanbaqlar ölkəsində” romanında bir qrup fin ziyalısının ən ağır şərtlərdə öz ölkələri üçün necə çalışdığını göstərir. Vilhem Snelmanın liderliyi ilə başlayan fin aydınlanma hərəkatı hətta ən ucqar kəndlərə qədər gedib çıxır. Və bu hərəkat yalnız sadə xalqın arasında deyil, orduda, kilsədə, səhiyyə və başqa sahələrdə də aparılır. Yaradılan səyyar kitabxanalar özü xalqın ayağına gedir, onları oxumağa təşviq edir.

İsveç hakimiyyəti altından çıxıb Rusiya imperiyasının tərkibinə qatılmaqla Finlandiya az da olsa azadlıq əldə edir və fin ziyalılar bu qısıdlı azadlıqdan maksimum istifadə edib, fiziki və mənəvi cəhətdən cılızlaşmış fin xalqını yenidən dirçəldir.

Bu işdə fin ziyalılar tək deyildi, iş adamları, sahibkarlar, kəndlilər, fəhlələr, zabitlər, din adamları – hamı onların ətrafına toplandı. Bu kitab, bir xalqın əl-ələ verib Suomini (finlər öz ölkələrinə “bataqlıqlar ölkəsi” mənasını verən Suomi deyirdilər) necə bəyaz zanbaqlar ölkəsinə çevirməsindən bəhs edir.

SSRİ-də qadağan olunmuş kitab - Azərbaycanda nəşr edilir

“Soxulcanlar kimi öz gündəlik işləriniz və əhəmiyyətsiz qayğılarınızın ətrafına yığışıb bunların arasında itməyin”


Snelman Finlandiyanın aydınlanma hərəkatını üstlənəndə tək idi. O, bir-bir bütün kəndləri gəzib oradakı müəllimlərlə görüşür, bütün sahibkarların ayağına gedib dəstək istəyirdi. Finlandiyanın dörd bir yanında insanlarla görüşüb söhbətlər edirdi. Petrov o söhbətlərdən bəzilərini “Bəyaz zanbaqlar ölkəsində” kitabında qeyd edib. Snelman insanlara bəzən ən sərt şəkildə müraciət edirdi. Belə edirdi ki, onlar ayılsınlar.

Snelman insanlara vəd vermirdi, sadəcə çalışacaqları təqdirdə xalq olaraq hansı yerə gələ biləcəklərini deyirdi. O, müəllimlərə, sahibkarlara, din adamlarına bildirirdi ki, onların işi universitet bitirib qapalı otaqlar arxasında oturmaq deyil. Onların işi fədakarlıq etməkdir.

Qapalı qapılar arxasındakı Azərbaycan ziyalıları

2012-ci ildə Milli Fikir Mərkəzi yarananda əsas məqsədlərimizdən biri də insanlara dünyanın möhtəşəm nümunələrini təqdim etmək idi. Təbii ki, bunun da ən yaxşı yolu kitablardır. “Bəyaz zanbaqlar ölkəsində” kitabını da ilk tərcüməmiz olaraq seçməyimiz təsadüfi deyil. Çünki, biz Azərbaycanın intellektual gənclərinin bu ölkənin xilası, inkişafı üçün birləşməyindən tərəfik. Heç bir maddiyyat güdmədən, gələcək üçün birləşmək... “Bəyaz zanbaqlar ölkəsində” ilə bu işin mümkünsüz olmadığını göstərəcəyik.

Biz bütün Azərbaycan gənclərinin oxumasından tərəfik. Buna görə də kitabın qiymətini minimum səviyyədə təyin etmişik.

* * *

Artıq elan edildiyi kimi tərcümə etdiyimiz “Bəyaz zanbaqlar ölkəsində” çapa verilib və yaxın günlərdə satışa çıxacaq. Kitabın təqdimatı üçün ən uyğun yer olaraq Azərbaycan Yazıçılar İttifaqının nəznində olan “Natəvan” klubunu gördük. Çünki, bu kitab elə bu ittifaqın vəzifəsindən bəhs edir.

SSRİ-də qadağan olunmuş kitab - Azərbaycanda nəşr edilir

Amma gördük ki, elə deyilmiş. Təqdimat keçirmək üçün bizdən 300 manat istədilər. Deyilənə görə “Natəvan” klubunda yalnız ittifaqın üzvləri təqdimat keçirə bilər. Klubun qapısı, kənardan gələnlərin üzünə bağlıdır. Amma 200 manat (gənc olduğumuza görə “endirim” də etdilər) versəydik həmin qapılar açılacaqdı.


Düzdür, Rəşad Məcid Azərbaycan Yazıçılar İttifaqında belə bir ənənənin olmadığını dedi, ancaq biz gördüyümüzü gördük.

Yazıçılar İttifaqından çıxandan sonra ağlıma elə “Bəyaz zanbaqlar ölkəsində”dən oxuduğum bataqlıqlar ölkəsi Finlandiya gəldi. O Finlandiya ki, orada ziyalı adlanan kəsim özünü binalara qapadıb heç kimin oxumadığı kitabları yazırdı. O Finlandiya ki, orada yenilik etmək istəyən, xalqın aydınlanması üçün çalışanlar həmin “ziyalılar” tərəfindən sıxışdırılırdı.

Həqiqətən “Bəyaz zanbaqlar ölkəsində” romanı sanki indiki Azərbaycandan bəhs edib. Sadəcə bir fərq var – kitabda XIX əsrin Finlandiyasıdı, bu indiki dövrün Azərbaycanı.

İndi Azərbaycanın Yazıçılar İttifaqı təqdimat keçirməyimiz üçün bizdən 200 manat tələb edirsə heç nə etmək olmaz. Təqdimat üçün yer taparıq, bu çətin məsələ deyil. Ancaq özünü ziyalı adlandıranlar da anlamalıdır ki, bu xalqın qarşısında öhdəlikləri var. Onların işi heç kimin oxumadığı, məktəblərdə müəllimlərə məcbur satılan kitablar yazıb, sonra gedib otaqlarda qapanıb oturmaq deyil. Onların işi bu xalqın aydınlanma prosesini başlatmaqdır. Başlatmayıblar... Eybi yox, bu ölkədə ölkənin gələcəyini düşünüb çalışan kifayət qədər gənc var. Bu ölkəni cəhalətdən gənclər xilas edəcək.

Qeyd edim ki, "Bəyaz zanbaqlar ölkəsində" "Kitabıstan" yayınlarının ilk kitabıdır. Siz kitabı səhifəyə müraciət edərək də əldə ed bilərsiniz.

Zəruri qeyd: “Bəyaz zanbaqlar ölkəsində” sizin zövqlə, boş vaxtlarınızı keçirmək üçün oxuyacağınız kitab olmaya bilər. Amma siz bu kitabla dəyişimin başlanğıcını edə bilərsiniz.

 

Kamran Həsənli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti