Şagirdlərin dərsə davamiyyətsizliyinə görə cərimə ləğv edilir - Şərh

11-04-2016, 11:46
Oxunub: 619
Bu qərarın 4 ay sonra ləğv olunması onun gözlənilən nəticəni vermədiyini göstərir


Övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsini nəzərdə tutan cəza ləğv edilir. İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

Layihədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir” məzmunlu bəndin ləğv ediləcəyi bildirilir.

Milli Məclisin 15 aprel tarixində keçiriləcək iclasda müzakirəyə çıxarılacaq layihə 2015-ci ilin 2 dekabr tarixində İnzibati Xətalar Məcəlləsinə 51.1-1 maddəsi olaraq əlavə edilmişdi. Mart ayının 1-də qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə əlavələrin olması səbəbindən bu bənd 189.2 maddəsi olaraq təsbit olunub.

Bu qərarın 4 ay sonra ləğv olunması onun gözlənilən nəticəni vermədiyini göstərir. Azərbaycanda təhsilin bərbad vəziyyətdə olduğu hamıya bəllidir.

Dərsə davamiyyətin olmamasının bir çox səbəbi var.

Bəzi ailələrin maddi imkanı olmadığı üçün övladını oxuda bilmir. Təkcə məktəbli formasının qiymətləri kifayət edir ki, uşaq məktəbdən yayınsın. Bundan başqa nazir Mikayıl Cabbarovun bütün səylərinə baxmayaraq məktəblərdə hələ də "fond pulu" adıyla pul yığılır.

Sovet dönəmində icbari təhsil var idi. Bu indi keçərli deyil. Çünki, ətraflarında gördükləri hər şey - sosial şəbəkələr, əyləncə, məktəblilərə kitabdan, dərsdən daha maraqlı gəlir. Əgər məktəblilərin dərslərə davamiyyətində problemlər varsa ilk öncə onlara daha maraqlı gələcək təhsil sistemi yaradılmalıdır.

Bundan başqa müəllimlər də məktəbdə şagirdlərin savad səviyyəsi ilə kifayət qədər məşğul olmur. Bunun səbəbi də bir ayda 30 şagirdə məktəbdə verdiyi dərsin əvəzinə aldığı maaşı, 1-2 şagirdi evində universitetə hazırlaşdıraraq almasıdır. Şagirdlər artıq 9-cu sinifdən sonra məktəbə yox, fərdi hazırlaşmaq üçün xüsusi müəllim yanına üz tuturlar.

Ümumiyyətlə Azərbaycanda əksəriyyət elm, təhsil yox, universitet arxasınca qaçır. Qriqoriy Petrov Finlandiya haqqında yazdığı "Bəyaz zanbaqlar ölkəsində" kitabında Keşiş MakDonaldın adından qeyd edir ki, "Məktəbin təyinatı, şagirdlərin tədris edilən elmi anlamaları və ona dəyər vermələrini təmin etməkdir". Bu zaman onda təhsilə həvəs yaranacaq. Qalanı isə onun özündən asılıdır. O, özünə lazım olan, maraq dairəsində olan hər şeyi axtarıb tapacaq. Ölkəmizdə də kifayət qədər belə gənc var. Sadəcə onları həvəsdən salmaq yox, təkan vermək lazımdır. Bu isə cərimə ilə, müxtəlif yollarla cəzalandırmaqla olmur. İstər orta məktəbdə, istərsə də ali məktəbdə...

Kamran
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti