Rövnəq Abdullayevdən 500 milyonluq layihə

13-03-2013, 15:28
Oxunub: 1278


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan ərazisində də karbamid istehsalı zavodunun tikintisini planlaşdırır. Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Cənubi Koreyanın «Samsung Engineering Co. Ltd.» şirkəti arasında Azərbaycanda karbamid zavodunun inşasına dair müqavilə imzalanıb.

«APA-Economics»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, «Samsung Engineering» şirkəti Azərbaycandakı müəssisənin inşası ilə yanaşı Gürcüstandakı zavodun da texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq. Eləcə də həmin zavodun tikintisinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitlərinin axtarışı ilə məşğul olacaq.
 
R.Abdullayevin sözlərinə görə, hər iki zavodun işə düşməsi nəticəsində Azərbaycan nəinki Qara dəniz, hətta Aralıq dənizi hövzəsində karbamid və ammonyakın ən iri ixracatçısına çevriləcək. Gürcüstanda tikiləcək zavod Azərbaycandakı analoqundan onunla fərqlənəcək ki, burada son məhsul sayılan karbamiddən daha çox, ammonyakın istehsalına üstünlük veriləcək. Çünki bu məhsul daha geniş sahələrdə istifadə oluna bilər. Gürcüstanda inşa olunacaq zavodun  tikintisi layihə maliyyələşdirilməsi üsulu ilə həyata keçiriləcək, yəni burada başqa payçıların da olması istisna edilmir. Bu payçılar qisimində «Samsung» şirkəti, Gürcüstan hökuməti və ya hər hansı özəl investor çıxış edə bilər.
 
Xatırladaq ki, Azərbaycandakı zavodun tikintisi 500 mln. avroya başa gələcək. Müəssisədə ilk növbədə azot gübrəsi istehsal olunacaq. Sutkalıq istehsal gücü 2 min ton karbamid olan zavodda ammonyak istehsalı, karbamid maye və əmtəəlik karbamid istehsalı bölmələri yaradılacaq. Zavodda istehsal olunan məhsullar həm ölkə daxilində tələbatı ödəyəcək, həm də ixrac (50%-dən çox hissəsi) olunacaq.
 
Zavodun tikintisi dövlət investisiyası hesabına həyata keçiriləcək. Müəssisənin tikintisi üçün ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinə məxsus 24 hektar torpaq sahəsi ayrılıb. Zavod 2013-2015-ci illər ərzində tikiləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti