"Pişiklərin nənəsi" - Böyük ürəkli qadın (Qısa film)

22-03-2016, 17:33
Oxunub: 4296
O, qışın şaxtasına baxmayaraq orada dayanıb yığa bildiyi bütün pullarla pişiklər üçün yem alırmış


Soyuq bir dekabr günlərindən biri idi. Qışın yeni qədəm qoymasına baxmayaraq çox şaxtalı hava vardı. Bakı Dəmiryolu Vağzalının yanından keçəndə qırmızı rəngdə plaş geyinmiş balaca, qırmızı saçlı, şirin, yaşlı bir qadın diqqətimi çəkdi. Nənənin elə soyuqda orada dayanması ilə yanaşı diqqət çəkən əsas nüans dörd tərəfində pişiklərin olması idi.

Bir neçəsi kənarda yerdə, bir neçəsi isə nənənin yanında oturmuşdu. Bu mənzərə istər-istəməz dayanıb müşahidə aparmağa əsas verdi. Bir saatdan çox müşahidə apardım. Nənə incə şirin hərəkətləri ilə özünü çox sevdirirdi. Pişiklərin onu çox sevdiyini də açıq-aydın müşahidə etmək olardı. Bir az başını əyən kimi, ya da düşüncəli dayanan kimi pişik pəncəsi ilə nənəyə ürək-dirək verirmiş kimi toxunub, onun üzünə baxırdı. Pişiklərin yaşlı qadını nə üçün belə sevdiyi mənə müəmmalı gəlmişdi.

İnsanlar yaxınlaşıb nənəyə pul verirdilər. O da, pulu ya pişiklərin qarşına qoyurdu, ya da pişiyin başına çəkib zənbilinə atırdı. Dözməyib ona pul verən qadınlardan birinə yaxınlaşıb nənə haqqında soruşdum. Sən demə o, qışın şaxtasına baxmayaraq orada dayanıb yığa bildiyi bütün pullarla pişiklər üçün yem alırmış.

Mən də kənardan dayanıb müşahidə etdiklərimi kameranın yaddaşına köçürdüm. İzləyin, necə böyük ürəyə sahib insanlar olduğunu görün.
Fidan Cəfərova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti