Məktəb direktorlarının seçim qaydası dəyişdi

18-03-2016, 14:56
Oxunub: 672
4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq.


Məktəb direktorlarının işə qəbulu başlayıb.

Bu barədə Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

Yeni qaydalara əsasən, ümumtəhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq.

Yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər.

Əlavə olaraq, “Ümumtəhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.

Mətbuat konfransında bildirilib ki, prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəyyən edilmiş aylıq vəzifə maaşları aprelin 1-dən orta hesabla 10 faiz artırılıb. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti